Cəmiyyətin əsas qanunu
...Bu Konstitusiya Azərbaycan
xalqının keçdiyi tarixi
inkişaf yolunun məntiqi
nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsi, müstəqil dövlətçiliyimizin qorunub
saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata
keçirilməsi üçün hərtərəfli
zəmin və şərait yaradır. Azərbaycanın
tarixi keçmişini,
bugünkü reallıqlarını və
gələcək inkişaf perspektivlərini
əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi
Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.
Heydər ƏLİYEV
Təbiətdə
hər şey bir ali başlanğıca tabedir. Cəmiyyətdə
isə ictimai münasibətlərin tənzimlənməsi
rolunu qanunlar ifa edir. Həyat inkişaf etdikcə, insanlar
arasındakı münasibətlər çeşid və
müxtəlifliyi etibarilə zənginləşdikcə
qanunların sayı da artır. Burjua, yaxud kommunist
ideologiyasının hökmranlığından asılı
olmayaraq, cəmiyyət həyatının ən müxtəlif
dönəmlərində qanunlar sinfi xarakter daşıyan
dövlətin əlində cəbr vasitəsi kimi
çıxış etmişdir. Yalnız demokratik
quruluşlu dövlətlərdə qanunlardakı humanist
motivlər, mənəvi azadlıq ideyaları öz bariz təcəssümünü
tapa bilmişdir. Qanunlar öz mahiyyəti və funksiyası
etibarilə vətəndaşa, cəmiyyətə xidmət
etdiyi üçün bu üçbucaq arasında "səmimi
münasibətlər" labüddür.
- Əsl azadlığın yolu
yalnız qanunlara tabe olmaqdan keçir - bu kəlam
hamının Volter kimi tanıdığı görkəmli
fransız maarifçi filosofu Fransua Arueyə məxsusdur. Qədim
yunan filosof-idealisti Platonun "Dövlət", "Siyasətçi",
"Qanunlar" kimi məşhur dialoqlarında isə deyilir
ki, o yerdə ki qanunun qüvvəsi yoxdur və kiminsə
hakimiyyəti altındadır, orada dövlətin məhvi
labüddür.
Azərbaycanda müstəqil qanunvericilik
praktikasının əsası 1921-ci il may ayının 19-da
qoyulmuşdur. Bundan bir qədər əvvəl 23 ay mövcud
olmuş Azərbaycan Xalq Cümhuriyyətinə Şərqdə
ilk müsəlman dövlətinin Əsas Qanununu qəbul etmək
müyəssər olmadı. Buna görə də Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edilmiş və AXC-nin
süqutuna gətirib çıxaran ilk Konstitusiya de-yure və
de-fakto kommunist imperiyası tərəfindən
planlaşdırılan dövlət çevrilişini qanuniləşdirdi.
Bundan sonra Azərbaycan SSR Konstitusiyasının yeni
redaksiyaları 1925-ci və 1937-ci illərdə dördüncü
və doqquzuncu Ümumazərbaycan Sovetlər qurultayında qəbul
edilmişdir. Ölkəmizin sonuncu sovet Əsas Qanunu 1978-ci il
aprelin 21-də qəbul edildi və onun öz "sələflərindən"
əsas prinsipial fərqi ondan ibarət idi ki, o vaxt Azərbaycana
milli özünüdərk və özünəqayıdış
proseslərinə böyük önəm verən Heydər Əliyev
rəhbərlik edirdi və məhz onun qətiyyəti sayəsində
Konstitusiyaya Azərbaycan dilini dövlət dili elan edən
73-cü maddə əlavə olundu. Sovet totalitar güruhu
dövründə bu, misli görünməmiş cəsarət
nümunəsi idi. Bütün parametrlərinə görə
daha üstün müttəfiq respublikalar arasında məhz
Azərbaycan Konstitusiyasına belə bir müddəanın
daxil edilməsi onun təşəbbüsçüsünün
müstəsna iradə və əzminə işarə edirdi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini
elan etdikdən sonra artıq yeni Əsas Qanunun qəbul edilməsinə
ehtiyac yarandı. Bu ehtiyacı şərtləndirən amillər
sırasında ölkədəki siyasi sistemin dəyişməsini,
iqtisadi münasibətlərin prinsipcə yeni meyarlar əsasında
köklənməsini, beynəlxalq aləmə inteqrasiya meyillərinin
intensiv xarakter almasını, xarici siyasət sahəsində
mövcud prioritetlərə köklü təshihlərin edilməsini,
vətəndaş cəmiyyəti, hüquqi dövlət
quruculuğu sahəsində atılan konkret və məqsədyönlü
addımları göstərmək olar. Lakin həmin illərdə
ölkədə yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki
xaos və dərəbəylik, müharibə
meydanındakı uğursuzluqlar Konstitusiya
yaradıcılığı sahəsindəki
çalışmalara da sirayət edərək bu
mühüm, arxivacib prosesə ətalət və durğunluq
havası gətirmişdi. Elə həmin il fevralın 19-da Azərbaycan
Respublikası Ali Sovetinin qərarı ilə yeni
Konstitusiyanın hazırlanması məqsədilə
yaradılmış 74 nəfərdən ibarət
işçi komissiya əlini ağdan-qaraya belə
vurmamışdı. Milli Məclisin 1993-cü il 6 dekabr qərarı
ilə yaradılmış 14 nəfərdən ibarət daha
bir komissiya da öz sələfindən irəli getmədi.
Müstəqil Azərbaycanın yeni
konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı
da məhz ümummilli lider Heydər Əliyev olmuşdur.
İşçi komissiyanın tərkibi Prezident tərəfindən
parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il
mayın 2-də müvafiq qərar qəbul etmişdir. Bu dəfə
komissiya 33 nəfərdən ibarət idi və onun tərkibinə
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin
nümayəndələri ilə yanaşı, ölkənin
hüquq ictimaiyyətinin tanınmış simaları da daxil
idi. Layihənin işlənib hazırlanmasına şəxsən dövlət
başçısının özü rəhbərlik edirdi
ki, bu da prosesin sürət və keyfiyyətinə müsbət
təsirini göstərməyə bilməzdi. Təkcə belə
bir statistik faktı qeyd etmək kifayətdir ki, 1995-ci ilin
iyunundan noyabr ayınadək komissiyanın doqquz iclası
keçirilmişdi.
Yeni konstitusiya layihəsinin
hazırlanması üzrə komissiyanın qərarı ilə
layihə ümumxalq müzakirəsi üçün elə həmin
ilin oktyabr ayında mətbuatda dərc edildi. Noyabrın 4-dək
layihə ilə bağlı ölkə vətəndaşlarından
2450 təklif daxil oldu. Həmin təkliflərdən daha əhəmiyyətlilərindən
son variantın hazırlanması zamanı istifadə edildi.
Ümumxalq müzakirəsinə çıxarılan layihə
199 maddədən, referenduma çıxarılmış
konstitusiya layihəsi isə 158 maddədən ibarət idi.
1995-ci il noyabrın 12-də keçirilən
ümumxalq səsverməsində seçicilərin 86 faizi
iştirak etdi və siyasi iradəsini nümayiş etdirənlərin
94,8 faizi yeni Konstitusiyanın qəbuluna səs verdi. Beləliklə,
Azərbaycanın həqiqi müstəqilliyinin təməlini
qoymuş böyük şəxsiyyət - Heydər Əliyev
bu müstəqilliyin dönməzliyini, əbədiliyini,
daimiliyini təmin edən əsas qanunlar toplusunun - yeni
Konstitusiyanın da yaradılmasına müəlliflik etdi.
Müstəqilliyinin şirin meyvələrini
yenicə tamsınmağa başlamış gənc Azərbaycan
Respublikası üçün yeni Konstitusiya nə demək
idi?
- Ana Qanun ölkədə Heydər Əliyevin
dahi idarəçilik fəlsəfəsinə söykənən
dövlət quruculuğu prosesinin təməlini atdı.
Sabit, vətəndaşlarına rifah və firavanlıq vəd
edən bir dövlətçilik "göydələni"
ucalmağa başladı.
- Azərbaycan demokratik, hüquqi,
dünyəvi dövlət kimi ilk dəfə olaraq insan
hüquq və azadlıqlarının prioritetini və hakimiyyətlər
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçdi.
- Bu Konstitusiya özünün
dünyadakı analoqlarından bir də onunla fərqlənir
ki, onun müddəalarının üçdə bir hissəsi
insan hüquqlarına və onların təminatına həsr
olunub. İnsan azad olmadığı halda onun dövlət
quruculuğu prosesində fəal iştirakı mümkün
deyil. Yalnız öz hüquqlarının etibarlı şəkildə
və zəmanətli qorunduğunu bildiyi halda, insan öz
ölkəsinin həqiqi, hüquq düşüncəli və
hüquqi məsuliyyətini dərk edən vətəndaşına
çevrilir.
- Ənənəvi hakimiyyət
bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya icra,
qanunvericilik, məhkəmə hakimiyyətini və onların
subyektlərini müəyyən etdi.
Qəbul
olunduğu gündən ötən 17 ildə Azərbaycan
dövlətinin diqqəti respublika həyatının
bütün sahələrini Əsas Qanunumuza
uyğunlaşdırmağa və ondan irəli gələn
başlıca tələbləri həyata keçirməyə
yönəlmişdir. Bu gün ən mühüm vəzifə
ulu öndər Heydər Əliyevin dediyi kimi:
"...Konstitusiyanı daha dərindən mənimsəmək
və onun verdiyi təminatlardan bəhrələnməkdən
ibarətdir. Hər bir şəxs konstitusiya qanunlarına
dönmədən əməl etməli, dövlət və cəmiyyət
qarşısında bu sənəddən irəli gələn
vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə
gedən demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesində yaxından iştirak etməlidir".
Xalid NİYAZOV
Azərbaycan.-2012.-
13 noyabr.- S.7.