Hələ çox
töhfələrin şahidi
olacağıq
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu 1918-20-ci illərdə tarixi səbəblərə görə
dövlətin əsas qanununu qəbul etmək
mümkün olmamışdı. 70 il sonra - 1991-ci ildə
dövlət müstəqilliyi bərpa edildi.
Amma o tarixdən bir neçə
il sonra dövlətin
hüquqi əsasını təşkil
edən konstitusiya layihəsi işlənib
hazırlandı. Bunun bir
səbəbi Dağlıq Qarabağ problemi ilə bağlı idisə, digəri
Azərbaycanda ictimai-siyasi sabitliyin
bərqərar edilməsinə mane olan bəzi hadisələr idi.
Azərbaycan Respublikasında Konstitusiyanın
hazırlanması yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi
ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.
1994-cü ilin avqustunda ulu öndər Heydər Əliyev konstitusiya layihəsinin hazırlanması üçün xüsusi
komissiya yaradılmasına dair
göstəriş verdi. Komissiyanın tərkibi
Prezident tərəfindən parlamentə təqdim
olundu və Milli Məclis
1995-ci il mayın 2-də qərar qəbul
etdi. Komissiyanın tərkibinə Prezidentin sədrliyi ilə 33 nəfər
mütəxəssisdən ibarət işçi
qrup daxil idi. Buraya qanunvericilik,
icra və məhkəmə hakimiyyətinin
nümayəndələri ilə yanaşı, respublikanın
hüquq elminin və
ictimaiyyətin tanınmış simaları cəlb olunmuşdu. Komissiyanın
hazırladığı layihə 1995-ci il
oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarıldı.
Həmin il noyabrın 12-də keçirilmiş referendumda
4 milyon seçicidən 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin
lehinə səs verdi. Azərbaycan
Respublikasının Konstitusiyası 1995-ci il
noyabrın 27-də qüvvəyə mindi.
Müstəqil
dövlətimizin ilk Konstitusiyasının
qəbulu tarixi hadisədir. Çünki Konstitusiya
dövlətin hüquqi əsaslarını
müəyyənləşdirən,
ümumi inkişafının
konturlarını özündə birləşdirən əsas
sənəddir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan
Konstitusiyasının 48 maddəsinin məhz insan hüquq və azadlıqları ilə
bağlılığı ümummilli liderin
uzaqgörənliyini bir daha
təsdiqləyir. Məhz ulu öndərin
müəllifi olduğu Konstitusiya Azərbaycanın
hüquqi və siyasi,
eyni zamanda iqtisadi baxımdan inkişafının sürətləndirilməsində
xüsusi rol
oynamışdır.
Azərbaycan
Respublikasının Konstitusiyası dünyanın ən
mütərəqqi dövlətlərinin təcrübəsini
özündə birləşdirir. Konstitusiyamızda ali hakimiyyətin xalqa məxsus
olduğu bildirilir. Bu da Azərbaycanın məhz
demokratik yolla
inkişafını, Azərbaycanın bir
dövlət kimi tamamilə demokratik prinsiplərə istinad
etdiyini göstərir. Konstitusiyanın
3-cü maddəsində göstərilir ki,
xalqın hüququ və mənafeləri
ilə bağlı bütün məsələlər
referendum yolu ilə həll
olunur, xalqı təmsil etmək hüququ yalnız
xalqın seçdiyi nümayəndələrə
məxsusdur.
Konstitusiyanın
hər bir maddəsi mükəmməl səviyyədə
hazırlanıb, Azərbaycanda dövlətçiliyin nəzəri
əsaslarının formalaşdırılmasında və hüquqi baxımdan təkmilləşdirilməsində
müstəsna əhəmiyyət daşıyır. Ümummilli liderin
xalqımızın qarşısında ən böyük tarixi xidmətlərindən biri
də məhz budur.
Konstitusiyanın
qəbulundan sonra arxada
qalan on yeddi il də göstərdi
ki, Azərbaycan Respublikasının
Konstitusiyası azadlıq və hüquq
ideyaları əsasında Azərbaycan dövlətçiliyinin
formalaşmasına və möhkəmləndirilməsinə
xidmət etmişdir. Konstitusiyamız
yüksək hüquqi keyfiyyətə malik mükəmməl sənəd - Əsas Qanun kimi ölkəmizdə
həyata keçirilən çoxşaxəli islahatların əsasını
təşkil etmiş, qanunçuluğun
möhkəmləndirilməsinə və hüququn
aliliyinin qorunmasına imkan
yaratmışdır.
Ulu öndərin varisi Prezident İlham Əliyev
demokratik dövlət quruculuğu siyasətini uğurla davam
etdirərək ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olmasına, insan
hüquq və azadlıqlarının müdafiəsinə, cəmiyyətin
bütün təbəqələrində sivil münasibətlərin
inkişafına misilsiz töhfələr vermişdir. Bütün
bunlar bizə deməyə əsas verir ki, hələ bundan
sonra da belə töhfələrin daha çox şahidi
olacağıq.
Nurlanə BƏŞİRQIZI,
Azərbaycan
Respublikası
Prezidentinin
İşlər İdarəsi Siyasi
Sənədlər
Arxivinin aparıcı mütəxəssisi
Azərbaycan.-2012.-
13 noyabr.- S.7.