Dünyanı qəlbi ilə
görən
Yaxud
qaranlıqla işığa doğru
13 noyabr Beynəlxalq Gözdən Əlillər
Günüdür
Bu il
sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyev XIV
London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş
idmançıları və onların məşqçilərini
qəbul etdi. Elə həmin gün Prezident Azərbaycan Milli
Paralimpiya komandası üzvlərinin təltif edilməsi
haqqında sərəncam imzaladı. "Şöhrət"
ordeni ilə təltif olunan 10 nəfər sırasında
Natali Pronina və Allahverdi Culfayev də var idi. Natali Londondan
beş medalla qayıtmış üzgüçü,
Allahverdi isə onun məşqçisidir. Beynəlxalq
Gözdən Əlillər Günündə bu insanları
yada salmağımız, onlardan birinin - A.Culfayevin
ömürnaməsini vərəqləməyimiz təsadüfi
deyil.
O,
1955-ci ildə Tbilisi şəhərində,
gərdişi-dövranın XIX əsrdən başlayaraq
eldən-elə, məmləkətdən-məmləkətə
"qovduğu" bir
nəslin nümayəndəsi olan Abbas kişinin ailəsində
dünyaya göz
açdı. Əsil-kökünün bağlı olduğu yurda məhəbbət və sədaqətin rəmzi kimi Culfayev soyadını qoruyub saxlayan ailə
körpəyə Allahverdi adını verdi. Lakin doğum
haqqında şəhadətnamədə qeydlər
aparılan dildə "h" hərfi olmadığı üçün uşağın adını
təhrif edərək Alaverdi yazdılar.
Növbəti
"təhrif" isə Allahverdinin
alın yazısında göründü.
7 yaşında başqa uşaqlar
kimi məktəbə gedən, əla qiymətlərlə
oxuyan oğlan 10
yaşına çatanda təhsilini
artıq bu minvalla davam etdirmək iqtidarında deyildi.
Çünki gözləri pis görür və getdikcə zəifləyirdi. Onu gözdən əlil olan
uşaqlar üçün
fəaliyyət göstərən məktəbə verməyi
qərara aldılar. Lakin Tbilisi
şəhərindəki belə bir məktəbdə
yalnız gürcü dilində dərs
keçirdilər. Allahverdi isə Azərbaycan,
yaxud rus dilində təhsil
ala bilərdi.
Beləliklə,
balaca oğlan öz evindən, ata-anasından ayrı
düşərək Bakıda yaşamalı və oxumalı
oldu. 10 yaşlı, üstəlik də
gözləri görməyən uşağı həyat bu cür ağır
sınağa çəkdi.
Bununla belə, Allahverdi
xoşbəxt bir uşaq
idi. Çünki tale tərəfindən gözünün
işığı alınmış olsa
da, ona incə duyğu və hissiyyat,
aydın hafizə və yaddaş, fiziki sağlamlıq və möhkəm iradə
verilmişdi. Bütün
bunlar cəm olub
Allahverdiyə bir nikbinlik,
ruh yüksəkliyi bəxş etmişdi. Bu pak, coşqun hisslər isə
daxili dünyasında bir
çıraq yandırmışdı. O, qaranlığı yararaq həmin çırağın
işığında irəliyə doğru
yol gedirdi.
Dərslərini
yaxşı oxuyur, çoxlu
mütaliə edir, üstəlik də musiqi sinfinə gedir, ictimai işlərə maraq
göstərirdi. Bütün bunlarla yanaşı, idmanın bir
neçə növü ilə məşğul olurdu.
Həm şahmat oynayır, həm üzür, həm də yüngül
atletikaya həvəs göstərirdi. Sənət
kimi hüquqşünaslığı seçmişdi. Amma birinci il Azərbaycan
Dövlət Universitetinə (indi Bakı
Dövlət Universiteti) qəbul oluna bilmədi. Lakin ruhdan da düşmədi.
Ümumiyyətlə, ruhdan düşmək
Allahverdi Culfayevin
xarakterinə yad
bir xüsusiyyətdir. Ona
görə də qələbə həmişə
onunladır. "Qələbə" sözünü
gəlişigözəl olduğu üçün işlətmirik. Çünki gələcək həyatında
o hələ çox
qələbə qazanacaqdı...
Bir il Tbilisidə
fəhlə işlədikdən sonra Allahverdi yenidən Bakıya qayıdıb qəbul
imtahanlarında biliyini bir
də sınadı. BDU-nun hüquq
fakültəsinə daxil oldu.
Universiteti qırmızı diplomla bitirdi və həmin
vaxtdan, yəni artıq 33 ildir
Bakı Dövlət Sosial-İqtisad
Kollecində (əvvəllər Plan-İqtisad
Texnikumu adlanırdı) hüquq
fənni üzrə müəllimdir. Müəllimliklə
yanaşı başqa bir
vəzifəni də müvəffəqiyyətlə icra edir. Uzun
illərdir Bakı Musiqi Akademiyasının
baş hüquqşünasıdır.
Lakin bunlar hələ
onun gördüyü
işlərin, yerinə yetirdiyi vəzifələrin
hamısı deyil:
- Lap uşaqlıq illərimdən idmanla dostlaşmışıq. Vəfalı dostlar kimi indiyədək bir-birimizi tərk etməmişik. Əvvəlcə
bir idmançı, sonra
da məşqçi kimi
gücüm, fiziki
imkanlarım, vaxtım çatınca Azərbaycanda idmanın
inkişafına səy göstərmişəm. Müqabilində
hörmət, qələbə, şan-şöhrət qismətim
olub.
Allahverdi Culfayev hələ
sovetlər dönəmində bir sıra
mötəbər yarışlarda iştirak
edib və qalib gəlib.
SSRİ-də paralimpiya komitəsi
yaradılmamışdı. O dövrün
xüsusiyyətinə məxsus yalançı mülahizələrə
görə, Sovet İttifaqında guya şikəst insan yox idi. Lakin
SSRİ-nin yüngül
atletika üzrə gözdən əlillərdən
ibarət iki yığma komandası
vardı. Allahverdi birinci,
yəni daha güclü
komandanın üzvü idi.
O, Sovet İttifaqı dağılana qədər
həmin komandanın üzvü oldu.
1983-cü ildə
Yerevanda keçirilən ölkə
birinciliyində üçüncü yeri qazanmışdı. 1988-ci ildə isə Belarusda ikinci yeri əldə etdi. Əslində
o, birinci yeri qazanmışdı və qızıl medal almalı idi. Sadəcə
olaraq hansısa yazılmamış qanunlara görə, birinci
yeri ev yiyəsinə,
yəni Belarus idmançısına verdilər.
Allahverdi paralel şəkildə
üzgüçülüklə də məşğul olurdu.
1979-cu ildə üzgüçülük üzrə Alma-Atada keçirilən SSRİ birinciliyində
dörd-beş növ
üzrə öz güc
və bacarığını sınadı. Üç
il sonra Rusiyanın Volqoqrad şəhərində ikinci
dəfə belə bir yarışda iştirak edərək dördüncü
yeri tutdu. Daha üç il sonra isə Özbəkistanın Nəvai
şəhərindəki ölkə birinciliyində beşinci yeri tutmağa nail oldu. 1985 və 1986-cı illərdə o, həm də Cənubi Qafqaz
üzrə keçirilən yüngül
atletika yarışlarında iştirak etdi və çempion adını qazandı.
- 1985-ci ildə
mən artıq başa düşdüm
ki, yüngül atletikaya prioritet verməliyəm.
Odur ki, 1986-cı ildə
Rusiyanın Stavropol diyarının
Nevinomısk şəhərində keçirilən təlim-məşq
toplantısının nəticələrinə görə
SSRİ yığma komandasına daxil oldum. 1987-ci ildə isə Moskvada
Avropa birinciliyi keçirildi. Orada iki növdə iştirak etdim. Lujnikidə keçirilən
yarışlarda mənə üçüncü
yeri tutmaq nəsib oldu. Uğur
qazanmağım bir yana
qalsın, fikrimcə, elə Lujnikinin
özündə yarışmaq hər idmançıya nəsib
olan xoşbəxtlik deyil.
Həm də ona görə sevinirdim ki, komandada artıq azərbaycanlı da var idi.
O mən idim, - deyə Allahverdi
Culfayev xatirələrini çözələyir.
1987-ci ildə isə
Culfayev Bakı-Tallinn yoldaşlıq
görüşündə beş növ üzrə səriştəsini nümayiş etdirərək birinci
yeri tutur.
Allahverdi deyir ki, mənim bir xoşbəxtliyim
həm də ömrüm boyu
qarşıma xeyirxah, qəlbi böyük insanların
çıxmasıdır. Həyatın çətin
yollarında həmişə onların köməyini,
arxa-dayağını hiss etmişəm. Bu insanlardan ən birinci ümummilli lider Heydər Əliyevin adını çəkir:
- 1980-ci ilin dekabr ayında, işinin-gücünün başından
aşdığı bir zamanda
ulu öndərin məni qəbul etməyi,
mənimlə səmimi görüşməyi və dərdimi
dinləməyi ölüncə yadımdan çıxmaz. O vaxt mən gənc bir
mütəxəssis kimi müəllimlik edirdim. Ailə də qurmuşdum,
ilkinimiz Natella dünyaya gəlmişdi. Kirayədə, nimdaş bir otaqda yaşayırdıq. Mən bunları ulu öndərə söyləyəndə selektorun düyməsini
basıb kimisə yanına çağırdı. Əlbəttə,
hansı düyməni basdığını və
çağırılan adamın kim olduğunu görmürdüm.
Amma ulu öndərin o kəsə dediyi qısa
bir cümlə həmişə
qulaqlarımda səslənir: "Araşdırın, təmin
edin, mənə məlumat verin!"
Heç yarım ay da keçmədi, 1981-ci il
yanvarın əvvəlində, Yeni il bayramında gözəl bir
mənzillə təmin olundum. Sonra bizim daha
bir körpəmiz - Səidə dünyaya
gəldi. Qızlarım bu evdə xoşbəxt
böyüdülər.
Xoş bir təsadüf
Allahverdi Culfayevi ulu öndərin ömür-gün
yoldaşı, tanınmış oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyeva ilə
də görüşdürüb. Allahverdi
danışır ki, həmin vaxt o, indi
Zərifə Əliyevanın adını daşıyan Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutuna tez-tez gedib-gəlirmiş.
Gözündəki problemlərə görə məsləhətlər
alır, müalicə olunurmuş. Oftalmoloq-alim Fəridə
Nəsrullayevanın pasiyenti imiş. Burada iki dəfə Zərifə xanımla
rastlaşıb.
- Məni ilk növbədə Zərifə Əliyevanın
həkim etikası valeh etdi.
Görünür, həkimim Nəsrullayeva
Zərifə Əliyeva ilə mənim xəstəliyim barədə
söhbət etmişdi və onlar öz aralarında fikir mübadiləsi aparmışdılar.
Maraqlıdır ki, o,
əvvəlcə həmkarı Fəridə xanımdan
gözlərimi əyani şəkildə müayinə etmək
üçün icazə istədi. Zərifə
xanım bunu bilavasitə onun
xəstəsi olmadığım üçün
öz yüksək daxili
mədəniyyətini göstərərək etdi.
Sonra yenə də həkim etikası nümayiş etdirərək
yaxınlaşıb gözlərimə baxmaq
üçün sanki
məndən də icazə aldı: "Olarmı sizi mən də müayinə edim?"
Qızlarımın ikisi də həkimdir.
Onlara bu əhvalatı
danışmışam. Həmişə onlara
Zərifə xanım kimi bilikli,
diqqətli, nəcib həkim olmağı tövsiyə edirəm.
Ulu öndər Heydər Əliyevdə,
xanımı Zərifə Əliyevada gördüyüm
böyüklüyü, alicənablığı,
xeyirxahlığı paralimpiyaçıları qəbul etdiyi zaman mən hörmətli
Prezidentimiz İlham Əliyevdə
də gördüm.
Allahverdi deyir ki, həyatıma rövnəq verən həm
də xoş təsadüflər olub (Amma hər bir təsadüfün özü
də zərurətdən doğur).
Allahverdi Culfayev 41
yaşını qeyd etdiyi
gün, yəni 1996-cı il
fevralın 9-da xoş bir
xəbər eşitdi. Həmin
gün Azərbaycanda Milli
Paralimpiya Komitəsi
yaradılmışdı. Bundan sonra onun qəlbində
yenidən bir ruh
yüksəkliyi baş qaldırdı.
Axı Sovet İttifaqı
dağıldıqdan sonra
çıxış etdiyi komandalar pərən-pərən düşmüş, öz
respublikamızda isə idmana diqqət
yetirilməmişdi. Təbii ki, o da
heç bir komandada çıxış etməmiş, idmanla yalnız fərdi şəkildə məşğul
olmuşdu. Ölkədə Paralimpiya Komitəsinin
yaradıldığını eşidəndə isə
daxilindəki pessimizmin daşını
atıb böyük idmana
qayıtdı. Bu dəfə məşqçi
kimi. 2009-cu ildən gənc
üzgüçülərlə məşq etməyə
başladı. Kənan Pirizadə, Sergey Plujnikov, Natali Pronina kimi
üzgüçüləri beynəlxalq səviyyədə
keçirilən yarışlara hazırladı. Ümid və etimadını ən çox doğruldan isə
Natali oldu.
- Belə bir üzgüçünün
olduğunu 2008-ci ildə eşitmişdim,
- deyə Allahverdi Culfayev
öz yetirməsi haqqında söhbətə
başlayır. - Natalini şəxsən
2009-cu ildə tanıdım. Həmin vaxta
qədər onun uğurları da, uğursuzluqları da olmuşdu. Onda Pronina 21 yaşında idi.
İdmanın bu növü
ilə isə uşaqlıqdan məşğul olmuşdu və üzgüçülüyü
çox sevirdi. Onunla məşqlərimiz uğurlu
nəticələr verdi.
Təcrübəli
üzgüçü ilə məşqlərdən
bəhrələnən Pronina 2010-cu ilin martında üzgüçülük
üzrə ABŞ-Kanada Paralimpiya
oyunlarında beş qızıl, iki gümüş medal qazandı. Həmin ilin
iyun ayında keçirilən Almaniya birinciliyi yüksək
ranqlı yarış idi. Burada da Pronina sanballı medallar qazandı. Növbəti ildə
idmançımız Danimarkada uğurla çıxış etdi.
Nəhayət, bu ilin sentyabr
ayında İngiltərədə keçirilən Paralimpiya oyunlarında da Natali Pronina yüksək
hazırlıq və səviyyə nümayiş
etdirdi. Azərbaycandan olan
21 paralimpiyaçının qazandığı 12 medaldan beşini Natali gətirdi. Bunlardan biri qızıl, dördü
isə gümüş medal
idi. Bu böyük
müvəffəqiyyətdə Natalinin özü ilə yanaşı, onun məşqçisi Allahverdi
müəllimin də payı vardı.
A.Culfayev deyir ki, dövlətimizin
başçısı İlham Əliyevin bizi qəbul etməsi
və "Şöhrət" ordeni verməsi qəlbimizdəki
qələbə sevincinə üstəlik iftixar, minnətdarlıq,
məsuliyyət hisslərini də əlavə etdi. Bu təltif
və əməyimizə verilən
yüksək qiymət gözdən əlil olan bizlərin
qaranlıq dünyasında sanki daha gur bir işıq
yandırdı.
Flora SADIQLI
Azərbaycan.-2012.-
13 noyabr.- S.8.