İşığa bələnmiş
ömür
Anası - rəhmətlik
Telli xala həmişə deyərdi: "Mənim bu oğlum
50 ildir oxuyur, amma hələ də başa
çatdırmayıb". Əslində, zarafatyana
deyilmiş bu sözlərdə həm həqiqət, həm də
ana qüruru var. Orta məktəbi bitirən gündən
müxtəlif təhsil müəssisələrində oxuyan,
çalışan, nəhayət, akademikliyə qədər
ucalan görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri
doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir
üzvü Vladimir İsmayıl oğlu Tahirov
ömrünün 80-ci ilində də fəaliyyətini
yaradıcılıqla davam etdirir.
O, 1932-ci ildə
qədim və əsrarəngiz Zəngəzurun dilbər
guşəsi olan Qarakilsə (Sisian) rayonunun Urud kəndində
anadan olub. İbtidai və orta təhsilini doğulduğu
yurdda alan Vladimir Tahirov 1949-cu ildə Ağdam Dövlət
Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində
oxuyub. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) fizika-riyaziyyat fakültəsinin
fizika şöbəsinin tələbəsi olmaq arzusuna
qovuşub. 1956-cı ildə bu ali məktəbi bitirdikdən
sonra iki il Laçın rayonunun Pircahan və Cicimli kəndlərində
orta məktəbdə fizika-riyaziyyat müəllimi işləyib.
Onun elmi fəaliyyəti
əsasən 1958-ci ildə Azərbaycan Elmlər
Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun
aspiranturasına daxil olduqdan sonra başlayıb. O, dünya
şöhrətli fizik Həsən Abdullayevin rəhbərliyi
altında fizikanın ən aktual problemlərindən biri olan
"Radioaktiv izotoplar vasitəsilə müxtəlif
yarımkeçirici maddələrdə fiziki hadisələrin
tədqiqi" mövzusunda elmi-tədqiqat işlərinə
başlayıb. Aldığı yeni nəticələri namizədlik
dissertasiyası işi kimi 1962-ci ildə Sverdlovsk şəhərində
müvəffəqiyyətlə müdafiə edib. 1962-ci ildə
fizika elmləri namizədi, 1972-ci ildə doktoru alimlik dərəcələrini,
1973-cü ildə professor elmi adını almışdır.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
Elmi işlə
paralel pedaqoji fəaliyyətlə də məşğul olan
Vladimir Tahirov 1974-cü ildən Bakı Dövlət
Universitetində işləyir. Universitetin fizika fakültəsində
Yarımkeçiricilər fizikası kafedrasının
müdiri vəzifəsində də
çalışmışdır. Universitetdə işlədiyi
illərdə o, elmi fəaliyyətini daha da genişləndirərək
mürəkkəb yarımkeçiricilərin və bərk məhsulların
alınması və tədqiqi sahəsində böyük bir
məktəb yaratmışdır. Onun bir alim kimi elmi
uğurlarından biri də dünyada ilk dəfə olaraq
Mendeleyev cədvəlinin I, III və VI qrupuna daxil olan elementlər
əsasında yeni üçqat yarımkeçirici birləşmələr
sinfini kəşf etməsidir. Professor Vladimir Tahirov ilk dəfə
nəzəri olaraq yeni bir sinfə mənsub olan kimyəvi birləşmələrin
mövcudluğunu göstərmiş və bu sinfə aid olan
10-dək yeni yarımkeçirici birləşmənin
monokristallarını almış və onların fiziki xassələri
tətbiq edilmişdir. Alimin fikrincə, bu sinfə daxil olan 45-ə
qədər yeni birləşmənin alınması
mümkündür. Bu da xalq təsərrüfatının
müxtəlif sahələrində geniş tətbiqini tapa
bilər.
1991-ci ildən
BDU-nun professoru seçilən Vladimir Tahirov
yarımkeçiricilər fizikası sahəsində həm
respublikada, həm də xaricdə tanınan və qəbul
edilən mütəxəssisdir. 400-dən çox elmi əsərin
və məqalənin (əsasən xarici ölkələrdə
nəşr edilən yüksək reytinqlə indekslənən
jurnallarda çap olunub), ümumi fizika və
yarımkeçiricilər fizikasına dair monoqrafiyaların, dərslik
və dərs vəsaitinin, 35-dən artıq patentin müəllifidir.
Elmi işlə
yanaşı, kadr hazırlığı sahəsində də
bu görkəmli alimin böyük əməyi var. Ötən
illər ərzində Vladimir Tahirovun rəhbərliyi
altında 7 doktorluq və 36-dan çox namizədlik
dissertasiyası müdafiə edilmişdir. Görkəmli alim
çoxlu sayda kitabın elmi redaktoru olmuş, onlarca doktorluq və
namizədlik dissertasiyasına opponentlik etmişdir. Onun
hazırladığı kadrlar indi respublikanın və bir
sıra xarici ölkələrin elmi müəssisələrində
çalışır və elmi-tədqiqat işlərini
uğurla davam etdirirlər. Uzun illər BDU-da
çalışması, işinə, sənətinə,
pedaqoji fəaliyyətə ürəkdən bağlanması
onu həm həmkarlarına, həm də tələbələrinə
çox sevdirmişdir. Bu gün həmkarları da etiraf edirlər
ki, universitetdə yarımkeçiricilər fizikası və
ümumi fizika kursu üzrə yüksək səviyyəli
mühazirələr oxuyan Vladimir Tahirovun həqiqətən
müəllim kimi də müqayisəsi yoxdur. O, həm də
genişmiqyaslı tədris-metodiki işləri olduqca mükəmməl
aparan bir alim kimi fərqlənir.
İxtisasca fizik
olmasına baxmayaraq, ədəbiyyatı, tarixi çox dərindən
bilir. Saatlarla Azərbaycan klassiklərindən - Füzulidən,
Nizamidən, müasir Azərbaycan ədəbiyyatından - Bəxtiyar
Vahabzadədən, Məmməd Arazdan şeirlər deyər.
Özü də söyləyir ki, əslində fizika elmi
poeziyaya çox yaxındır. "Fizikanı bildiyin qədər
də gərəkdir ki, poeziyadan anlayışın olsun.
Çünki hər bir kəşfin, fiziki düsturun
bağlanışında, axtarışında, kəşfində
və duyduğun sevincdə şeir var" söyləyən
Vladimir Tahirovun 2007-ci ildə "Urud mənim sinəm üstə
çarpaz dağ" adlı şeirlər kitabı
çapdan çıxıb. Təbii ki, belə bir poetik
toplunun yaranmasına da əsas səbəb alimin ana yurdunun - Zəngəzurun
ermənilər tərəfindən işğal edilməsi
olub. Adətən yay aylarında həmişə doğma kəndə
gələn, məzuniyyətini bu səfalı və
füsunkar guşədə keçirən Vladimir Tahirov təbiətən
çox kövrək insandır. İstər-istəməz
ömrünün 43 ilini qürbətdə keçirib elə
orada da başa vuran Ceyhun Hacıbəyli yada düşür.
Bu unudulmaz mədəniyyət xadimi ömrünün
sonlarında Qarabağ etnoqrafiyası ilə bağlı bir
kitab yazdı. El dilində işlənən bütün
sözləri qələmə gətirdi: həsrətini, vətən
nisgilini soyutmaq üçün. Vladimir Tahirov da 70
yaşını tamamlayandan sonra itirdiyi, həsrət
qaldığı yurd yerləri haqqında şeirlər qələmə
aldı. Əslində o, ürəyinin həsrətini sözə
çevirib. Bununla da poeziyasının mayasını yurd
sevgisi, vətən həsrəti təşkil edib. Onun
şeirləri, qoşma və gəraylıları insanın
qəlbini ovsunlayır. Tarixdə belə şəxsiyyətlər
çox olub. İxtisasca başqa peşə sahibi kimi məşhurlaşsalar
da, poeziyaya bəslədikləri dərin məhəbbət
onların bu sahədəki istedadını da üzə
çıxarıb. Məsələn, M.V.Lomonosov dəqiq elmlər
üzrə böyük alim, Nəsrəddin Tusi astronom, Ə.Hüseynzadə
həkim kimi tanınsalar da, bədii yaradıcılıqla məşğul
olublar. Bu mənada görkəmli fizik sözə diqqət və
dürüstlüklə yanaşaraq təbii ilhamının nəticəsində
doğma yurdun poetik xəritəsini yaradıb:
Urud mənim sinəm üstə
çarpaz dağ,
Kimə qaldı meyvəli bağ,
Güllü bağ,
Çiçəkli düz, Otlu dərə,
Sərin dağ,
Kimlər öldü, kimlər
qaçdı - qaldı sağ?
Cavabını
kimdən alım? - Bilmirəm.
Müəllifin 2010-cu ildə
çapdan çıxmış yeni kitabı "Uzun və əzablı
ömrün pillələri" (I hissə) adlanır. Kitab əsasən
xatirələrdən ibarətdir. Bu topluda da müəllif
doğma yurdla bağlı xatirələrini qələmə
alıb. Nəsrlə yazılmış kitabda poetik bir ruh
hakimdir. Vladimir Tahirov bu kitabı bir tarixçi-alim kimi
yazıb desək, yanılmarıq. Çünki doğulub boya-başa
çatdığı mahalın tarixini,
coğrafiyasını, təbiətini, başımıza gələn
müsibətləri olduğu kimi təsirli və yaddaqalan
şəkildə qələmə alıb. Diqqətçəkən
məqamlardan biri də budur ki, sovet hakimiyyəti
dövründə adları dəyişdirilən elə
yaşayış məntəqələri, kəndlər,
tarixi abidələr, qədim oylaqlar, qəbiristanlıqlar olub
ki, Vladimir Tahirov onları məhz öz ilkin adında oxuculara
təqdim edərək namərd qonşularımızın
yurdumuzun başına gətirdiyi fəlakətin səbəbini
də dolğun açıqlayıb. Bu kitab mötəbər
bir alimin öz həyat yolunu əks etdirsə də, əslində
xalqımızın, xüsusilə də Zəngəzurda
yaşayan soydaşlarımızın taleyinə güzgü
tutur. Bu xatirələrin maraqlı olmasını şərtləndirən
əsas cəhətlərdən bəziləri müəllifin
rəvan dili, tez-tez yumordan məharətlə istifadə etməsi,
bəzi mətləbləri örtülü şəkildə
bildirməsidir. Həqiqətən də bu xatirələrin
böyük ictimai, elmi və siyasi əhəmiyyəti var. Zəngəzurun
əlimizdən çıxmasının səbəbləri
bir daha şərh edilib. Müəllif sanki bir etnoqraf alim,
tarixçi, ən başlıcası da vətəndaş kimi
fakt və dəlillərin köməyi ilə Zəngəzurun
Azərbaycanın qədim və əzəli torpağı
olduğunu əsaslandırıb. Kitaba daxil edilmiş şəkillər
o yurddan əlimizdə qalan nişanə kimi əzizdir.
Əlbəttə, Vladimir Tahirovun elmi
axtarışları və yenilikləri barədə mütəxəssislər
daha ətraflı fikir söyləyə bilərlər. Sözün
əsl mənasında, Vladimir Tahirov böyük
ziyalıdır. Onun içində daim bir günəş
yanır və bu günəşin işığı həmişə
çöhrəsində əks olunur. Həyatda belə
işıqlı insanların mövcudluğu çox fərəhlidir.
Onunla söhbət etdikcə varlığına xoş
emosiyalar gəlir. Hərtərəfli, bütün elmlərdən
hali olması, daxili zənginliyi insanda qürur hissi oyadır.
Bəlkə də elə buna görə Volodya müəllim
(adətən ona belə müraciət edirlər - F.X.)
haqqında danışanlar onun həm böyük alim, həm
də böyük vətəndaş olduğunu ehtiramla dilə
gətirirlər. Amma bu alimin səmərəli fəaliyyət
göstərməsində bir amili mütləq qeyd etmək
lazımdır. Bu da onun ömür-gün dostu Məhluqə
xanımla bağlıdır. Bu həssas qadın Vladimir
Tahirova təkcə həyat yoldaşı deyil, ana-bacı qayğısı
göstərib və bu fədakarlıq indi də davam edir.
Vladimir Tahirov özü də etiraf edir ki, elmi
yaradıcılıqda qazandığı ən böyük
uğurların kökü ailədə sahib olduğu səadətlə
bağlıdır. "Həmkarlarımın tərifinə
o qədər fikir verməyin. Mən məişətdə
çox aciz adamam. Çay tökməyi, yeməyi stolun
üstünə gətirməyi belə bilmərəm..."
Sadə görünən etirafdır. Amma əslində
böyük mətləblərə söykənir. Hər bir
tanınmış, məşhur kişinin arxasında həqiqətən
güclü qadın dayanır. Onlar 50 ildən artıqdır
ki, bir yerdə ömür sürürlər. Belə ailədən
həmişə nümunə götürmək
lazımdır. Bəzən biz bir alimdən,
yazıçıdan, daha doğrusu, tanınmış, cəmiyyətdə
nüfuz qazanmış insandan yazanda onun müəllimlərini,
dostlarını, bir sözlə, müasirlərini
xatırladırıq. Amma ömrü boyu
qayğısını çəkən, qulluğunda duran
ömür-gün dostunu unuduruq. Halbuki hər bir kəsin - istər
qadın, istərsə kişi olsun - uğur qazanmasında həyat
yoldaşının da öz payı var. Ömrünün
80-ci pilləsinə ucalan fizika-riyaziyyat elmləri doktoru,
professor, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Vladimir Tahirovun mənalı həyat
yolunun qısa tarixi budur! Yazını onun öz misraları ilə
tamamlayırıq:
Ömür ayla, illə pillələnibdi,
Ruhum zəhmət üstə püxtələnibdi,
Min parlaq işığa sıx bələnibdi,
Budur həyat yolum, budur xislətim...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
13 noyabr.- S.8.