Yeni Azərbaycan Partiyası 20 illik şərəfli tarixinə bundan sonra daha böyük qələbələr yazmaq gücündədir

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə Bakı şəhərinin Xətai rayonunda yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xətai rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının cəmiyyətin sosial sifarişi olaraq meydana çıxması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Məqsədi, məramı  ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas etmək, Azərbaycan dövlətçiliyini yaşatmaq, beynəlxalq birlikdə yerini möhkəmləndirmək, milli maraqları qorumaq, xalqı işıqlı gələcəyə aparmaq olan Yeni Azərbaycan Partiyası tezilklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin partiyanın sədri seçilməsi Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.

 Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin əsas aparıcı siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası üzvləri ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və sair sferalarında fəal iştirak edirlər, öz əməlləri ilə partiyanın güclənməsinə çalışırlar. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 20 illik şərəfli yol və qarşıdan gələn yubiley yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyinə malik olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda son 20 ilə yaxın müddət ərzində əldə edilən uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir. Bu müddətdə Yeni Azərbaycan Partiyası xalqımıza əvəzsiz xidmətlər göstərmiş, Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çevirmişdir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir.

Hüseynbala Mirələmovun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ölkə başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir hakim siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi və Konstitusiya Günü münasibətilə təbrik edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov  bildirdi ki, ötən iyirmi il partiyanın şərəf salnaməsi kimi bizim hər birimizin yaşadığı tarixin bir parçasıdır. Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinin ən başlıca mənası bu partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün inkişaf etmiş müstəqil Azərbaycandır. Yeni Azərbaycan Partiyası üzərinə götürdüyü amalları,  insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının ulu öndər Heydər Əliyevdən və onun yaratdığı  partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə  bilib.

"Keçdiyimiz 20 illik yol şərəfli tarixdir" - söyləyən Əli Əhmədov qeyd etdi ki, bu tarixdə çətinliklər, məşəqqətlər olub. Ancaq Heydər Əliyevin müdrikliyi sayəsində bunlar  aradan qaldırılıb. Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Dünyanın inkişaf edən ölkəsi kimi tanınıb. Qarşıda bundan da əzəmətli vəzifələr dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Yeni Azərbaycan Partiyası bundan sonra da  ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu həmişə bəyan edir və bunları həyata keçirmək üçün ciddi əsaslar var.

Əli Əhmədov dedi ki, Yeni Azərbaycan Partiyasının gücünün, qüdrətinin əsasında dayanan Heydər Əliyev amilidir. İnsanlarımızın bu partiyaya Heydər Əliyev partiyası kimi inam bəsləməsidir. Yeni Azərbaycan Partiyasının qüdrətinin digər mənbəyi partiyanın sədri, ölkə başçısı İlham Əliyevlə əlaqədardır. 2003-cü ildən  bu yana Azərbaycanın çox sürətlə, dinamik inkişafı, modernləşməsi, həyatımızın bütün sahələrində dəyişikliklərin əsasının qoyulması insanlarda İlham Əliyevin həyata keçirdiyi siyasətə olan böyük inamı daha da gücləndirib.

"Yeni Azərbaycan Partiyası yaşadığı 20 illik şərəfli tarixinə bundan sonra daha böyük qələbələr yazmaq gücündədir" - deyən Əli Əhmədovun sözlərinə görə, 2013-cü ildə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Artıq xalqımız 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürmək barədə böyük iradəsini ortaya qoyub. Bu, əslində xalqın İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Bu inam da cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsinin başlıca mənbəyini təşkil edəcək.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi ilə əlaqədar Xətai rayon məktəbləri arasında keçirilmiş inşa müsabiqəsinin və mini-futbol turnirinin qaliblərinə mükafatlar təqdim edildi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 13 noyabr.- S.9.