YAP Yasamal rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə əlaqədar konfrans keçirdi
Dünən YAP Yasamal rayon təşkilatı
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik
yubileyi ilə bağlı konfrans keçirmişdir. Tədbiri
açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət
İsmayılov bildirdi ki, müasir Azərbaycan tarixində əlamətdar
günlər çoxdur. Belə günlərdən biri də
analoqu olmayan, zəmanəmizin ən mütərəqqi
partiyası YAP-ın yubileyinin qeyd olunmasıdır.
Qeyd edildi ki, 1992-ci ilin oktyabr
ayının 14-də ulu öndər Heydər Əliyevə
91 nəfər ziyalının müraciəti
ünvanlanmışdır. Bundan iki gün sonra bu müraciət
"Səs" qəzetində dərc edilmiş, oktyabrın
20-də isə Heydər Əliyevdən bu müraciətə
cavab alınmışdır. Ümummilli lider bu partiyanı
yaratmaq istəyənlərin qarşısına bir sıra tələb
qoymuşdur. Əgər partiyanı yaratmaq istəyənlər
qarşıya qoyulan ideyaların həyata keçirilməsində
iştirak edəcəksə, onda Heydər Əliyev
partiyanı yaratmağa və ona rəhbərlik etməyə
razılıq verirdi.
1992-ci il noyabrın 21-də ölkəmizin
bütün bölgələrini təmsil edən 550 nəfər
Naxçıvan şəhərində Heydər Əliyevin ətrafında
sıx birləşdi və Yeni Azərbaycan Partiyası
yaradıldı.
Hazırda YAP-ın 600 min nəfər
üzvü var. Bu rəqəm ölkə vətəndaşlarının
YAP-a olan hörmətini, inamını, etiqadını əks
etdirir.
Partiyanın hazırkı sədri, Azərbaycan
Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin
ən layiqli varisidir. Prezident hakimiyyətdə, idarəçilikdə,
diplomatiyada ümummilli liderin məktəbini keçib. Cənab
İlham Əliyevin bugünkü fəaliyyəti, Azərbaycanın
dinamik inkişafı bunu bir daha
təsdiqləyir.
Bakı Metropoliteninin rəisi, YAP Yasamal
rayon təşkilatının sədr müavini Tağı Əhmədov
partiyanın yaranma tarixindən bəhs etdi. Bildirdi ki, Yeni Azərbaycan
Partiyası Azərbaycan tarixinin son dərəcə
ağır və kəşməkəşli günlərində,
ölkənin ciddi sınaqlara məruz qaldığı bir
dövrdə 91 ziyalının təşəbbüsü və
iştirakı ilə yaranmışdır. Ölkəmizin
taleyini düşünən insanlar xalqımızın
sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin
ətrafında birləşmişlər.
T.Əhmədov qeyd etdi ki, Azərbaycanın
xilaskarı Heydər Əliyevin ideyaları bu gün də həyata
keçirilir və təkamül yolu ilə daha da inkişaf
etdirilir.
Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev
çıxışında toplantı
iştirakçılarını həm partiyanın 20 illik
yubileyi, həm də Konstitusiya Günü münasibətilə
təbrik etdi. O qeyd etdi ki, YAP-ın yaranmasının əsas
səbəblərindən biri ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkədə gedən neqativ
proseslər, yaşayış səviyyəsinin pisləşməsi,
müstəqilliyimizin təhlükə ilə üz-üzə
qalması idi. Belə bir vaxtda 91 ziyalı ulu öndər Heydər
Əliyevin hüzuruna gedərək ölkənin bu
acınacaqlı vəziyyətdən
çıxarılmasını üzərinə
götürməyi xahiş etdi.
Bütün çətinliklərə
baxmayaraq YAP Heydər Əliyevin rəhbərliyi altında
xalqı bəlalardan xilas etdi, müstəqil ölkəmizin
yeni iqtisadi strategiyasını və gələcək
inkişaf yollarını müəyyənləşdirdi.
Ölkədə sabitlik bərqərar olundu. Ulu öndərin
bütün həyat yolu bizə və gələcək nəsil
üçün örnəkdir.
2003-cü ildən isə YAP-a möhtərəm
İlham Əliyev rəhbərlik edir. Onun quruculuq fəaliyyəti,
uğurlu daxili və xarici siyasəti
iqtisadiyyatımızın dinamik inkişafına yol
açmış və hazırda Azərbaycan regionun lider
dövlətinə çevrilmişdir.
İ.Mehdiyevin
çıxışından sonra bir sıra ali təhsil məktəbinin
tələbələri və bəzi müəssisələrin
gənc əməkdaşları partiya sıralarına qəbul
edildi və onlara üzvlük vəsiqələri təqdim
olundu.
Sonra YAP qadınlar şurasının sədri
Nurlana Əliyeva çıxış etdi. O bildirdi ki, bu
gün təkcə Yeni Azərbaycan Partiyasının deyil,
bütün Azərbaycanın bayramıdır. Əbədiyaşar
şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin
yaratdığı partiyanın 600 min üzvünün 48
faizini qadınlar təşkil edir. Qadınlar cəmiyyətimizin
aparıcı qüvvəsidir və bütün dövrlərdə
gənclərin vətənpərvər, sağlam ruhda
böyüməsində onların böyük rolu olmuşdur.
YAP sıralarında birləşən on minlərlə
qadın cəmiyyətimizdə yüksək nüfuz sahibidirlər
və bu vəzifələrin öhdəsindən layiqincə
gəlmək iqtidarındadırlar. Ən böyük məqsədimiz
Qarabağı azad edə biləcək əqidəli, məsləkli
gənclərin yetişdirilməsidir. Ölkəmizin daxili və
xarici siyasətində Heydər Əliyevin atdığı
müdrik addımlar Azərbaycanı yüksəklərə
qaldırmışdır. Bu siyasət indi də davam edir.
Ölkəmizin inkişafı və intibahı
üçün biz qadınlar əlimizdən gələni əsirgəməyəcəyik.
N.Əliyevanın
çıxışından sonra "Azərsu", Bakı
Metropoliteni ərazi ilk partiya təşkilatı, 2 nömrəli
tibb məktəbi və "Neft-qaz layihə" elmi-tədqiqat
institutu "Partiyanın ictimai-siyasi həyatında fəal
iştirakına görə" fərqlənmə diplomu ilə
təltif olundular.
Bir müddət əvvəl YAP Yasamal rayon
təşkilatı partiyanın formalaşmasında və
inkişafında tarixi şəraitin rolu mövzusunda inşa
müsabiqəsi elan etmişdir. Müsabiqənin nəticələrinə
görə beş qalib müəyyənləşdirilmişdir.
Tədbirdə onlara fəxri diplomlar və pul
mükafatları təqdim olundu.
Müsabiqənin qaliblərindən Afaq
Abdullayeva (BDU-nun hüquq fakültəsi) və Nərmin Abbasəliyeva
(BDU-nun tarix fakültəsi) çıxış edərək
müstəqil Azərbaycan tarixində öz üzərinə
böyük missiya götürən və
xalqımızın həyatında mühüm hadisəyə
çevrilən Yeni Azərbaycan Partiyasının
yaranmasından, partiyanın proqramında irəli
sürülmüş əsas vəzifələr - dövlət
müstəqilliyinin möhkəmləndirilməsindən,
demokratik, hüquqi, dünyəvi dövlətin
qurulmasından, vətəndaşların firavan həyatının
təmin edilməsindən danışdılar.
Bakı Dövlət Universitetinin rektoru,
YAP İdarə Heyəti və Siyasi Şurasının
üzvü Abel Məhərrəmov
çıxışında bildirdi ki, YAP yeganə
partiyadır ki, bir ildən az
vaxtda yaradılmış, bir ildən az vaxt ərzində
hakimiyyətə gəlmiş və bu gün də hakimiyyətdədir.
Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən
bəhs edən natiq qeyd etdi ki, ölkə həyatında -
siyasətdə, iqtisadiyyatda, elm və təhsildə, digər
sahələrdə geniş islahatlar, möhtəşəm
layihələr həyata keçirilir.
Bu gün ulu öndərin siyasi kursu Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Alternativi olmayan Yeni Azərbaycan
Partiyası uzun illər hakimiyyətdə qalacaq və
xalqımızı işıqlı yolla irəli aparacaq.
Yubiley tədbiri konsert
proqramı ilə davam etdirildi.
Rizvan
HİLALOĞLU
Azərbaycan.-2012.- 13 noyabr.- S.9.