On ildə on
bir layihə
On il əvvəlin
söhbətidir, bələdiyyələr yenicə
yaranırdı. Samux rayonunda
nisbətən gözə dəyən bir
kollektiv var idisə, o da Sərkar bələdiyyəsi
idi. Fəaliyyəti ilə maraqlandıq.
Bələdiyyənin ilk sədri Şəmistan
Yusifovla sahələri gəzdik,
görülən işlərlə, arzu-istəklərlə
tanış olduq.
İlk öncə
nədən başladılar?
Sərkar kəndi əsl taxıl məskənidir.
Amma su az olduğuna görə, kifayət qədər məhsul
götürə bilmirdilər. Neçə ildən bəri
baxımsız qalan Xan arxı, az qala sıradan
çıxmışdı. Ona görə də təzə
yaranan yerli idarəetmə orqanı məhz bu mühüm
işdən başladı. Xeyriyyəçilərin və
suvarma sistemləri idarəsinin
köməyi ilə Xan arxı sahmana salındı.
Bununla yanaşı, artezianlar da işləməyə
başladı. Bu böyük su mənbəyinin istifadəyə
verilməsi təzə yaranan bələdiyyəyə ilk
uğur gətirdi. Həmin savab iş "Bələdiyyə
suyu" adı ilə dillər əzbəri oldu.
Lakin bu, təcrübəli
təsərrüfatçı Ş.Yusifovu
əsla qane etmirdi. O deyirdi ki, bu,
hələ başlanğıcdır. Biz bu cür xeyirxah işlərin
geniş miqyasda
aparılması üçün tədbirlər
planı hazırlamışıq.
Çalışırıq ki, adamlarda bələdiyyəyə inam, etibar artsın,
hamı anlasın ki, yerli
özünüidarə orqanları işini
doğurdan da,
bacarıqla, səriştəli surətdə qura
bilir və onların bütün
fəaliyyəti məhz insanların günü-güzəranının
daha da
yaxşılaşdırılmasına yönəldilib. Biz buna
çalışırıq və ümidvarıq ki, yaxın vaxtlarda məqsədimizə
tam nail olacayıq.
Bəs vəsait haradan
əldə edilsin? Xeyli götür-qoy etdilər.
Verilən səlahiyyətlərə uyğun araşdırmalar
aparıldı. İlk öncə
boş-boşuna axıb
gedən mineral su mənbəyi yada düşdü. "Sarvan" MMC yaradıldı.
Suyun qablaşdırılmış satışı
təşkil edildi.
Alınan vəsait tədricən
müəyyən işlərin
görülməsinə yönəldildi.
Bələdiyyəyə ayrılan torpaq
sahəsindən səmərəli
istifadə üçün
təcrübəli təsərrüfatçılarla
birlikdə tədbirlər
planı hazırlandı.
Az-çox vəsait əldə
edilən kimi küçələr, yollar
qismən təmir edildi. Gül-çiçək əkildi. Ağaclara qulluq
göstərildi. Tədricən işlərin həcmi genişləndi. Hər
il azı
bir layihə həyata keçirilməyə
başlanıldı.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
icrası ilə əlaqədar olaraq yerlərdə sistemli surətdə sosial problemlər həll edilir, genişmiqyaslı abadlıq, quruculuq işləri görülür. Sərkar kəndində də belədir. Lakin bir məsələ
var ki, kəndlərin
çoxunda, eləcə
də Sərkarda yolların sağında və solunda kol-kos cərgələndiyinə
görə həm gözəlliyə xələl
gətirir, həm də gediş-gəliş
çətinləşirdi. Buna görə də
Sərkar bələdiyyəsi
kütləvi iməciliklər
keçirdi. Kol-kos təmizləndi,
səkilər, piyada yolları düzəldildi,
gül-çiçək əkildi,
ağaclara qulluq göstərildi.
Tədricən işlərin həcmi
genişləndi. Bu
dəfə daha böyük bir layihənin həllinə girişdilər. Kəndin əsas
küçələrində əyri-üyrü barılar
təmir edildi, müasir üslubda istinad divarları tikildi. Sonra da bütün
divarlar zövqlə rəngləndi. Kəndin
ara küçələrini
də nəzərə
alsaq, böyük bir ərazi tamamilə yeni görkəm aldı. İndi baxırsan, sanki yaraşıqlı bir qəsəbəyə düşmüsən.
Hər tərəf göz oxşayır. Bu, Sərkar bələdiyyəsinin
həyata keçirdiyi
ən böyük layihələrdən biridir.
Son illərdə
qəbiristanlığın mühafizəsi də yerli bələdiyyələrə
həvalə olunub. Sərkar kəndində bu sahədə xeyriyyəçilərin
köməyi ilə xeyli işlər görülüb. İllər boyu
baxımsız qalan məzarlıqlar indi xiyabanlara, xatirə parklarına bənzəyir.
Bələdiyyənin daha bir layihəsi maraqlıdır. Kəndin ən səfalı guşəsində park salınır,
ailəvi istirahət mərkəzi yaradılır.
Mövcud aibədələrin təmiri və mühafizəsi habelə yaşıllığın qorunması
da bələdiyyənin
ən əsas işlərindən biri sayılır. Yeni görkəmə
salınmış bu abidələr indi əsl and yerinə çevrilib.
Kənddə xidmət
obyektləri az
idi. Müvafiq yerlər ayrıldı.
İmkanlı adamların
əli ilə beş yerdə
ticarət, iaşə
obyekti tikildi. Mədəniyyət evinin binası
təmir olundu.
Şəmistan Yusifov təcrübəli
mütəxəssisdir. Uzun müddət müxtəlif
partiya, sovet və təsərrüfat
işlərində çalışıb.
Bir neçə il Azərbaycan
Kənd Bələdiyyə
Milli Assosiasiyasının
sədri, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər
Konqresinin və Sosial Birlik Komitəsinin
üzvü olub. Yerlərdə bələdiyyələrin təsir dairəsinin və nüfuzunun genişləndirilməsi üçün
bir sıra təkliflər irəli sürüb.
Ş.Yusifov deyir ki, əkin vaxtı vətəndaşlar fosfor-kalium
gübrələri tapa
bilməyəndə bizə
müraciət edirlər. Gübrələr isə "Aqroliizinq"
tərəfindən verilir.
Yaxşı olar ki, istər müəyyən
texnikanın, istərsə
də güzəştli
şərtlərlə verilən
gübrələrin əhaliyə
çatdırılması sahəsində bələdiyyələrə
müəyyən səlahiyyətlər
verilsin. O, başqa
bir problemi də yada saldı.
Bələdiyyənin ixtiyarında olan
torpaqların qısa müddətli icarəyə
verilməsi birbaşa
bələdiyyələrə həvalə olunsun.
Təcrübəli təsərrüfatçı söhbət əsnasında
onu da qeyd
etdi ki, bəzən verilən qanunlar icra mexanizmi
olmadığına görə
kağız üzərində
qalır. Məsələn, "Bələdiyyələrin su
təsərrüfatı haqqında"
qanuna müvafiq olaraq bələdiyyə mülkiyyətindəki torpaq
sahələrində yerləşən
və yerli ehtiyaclar üçün istifadə edilən su obyektləri bələdiyyəyə verilib.
Lakin qanunun qəbulundan on ildən artıq vaxt keçsə də, bu məsələ
hələ də həll olunmamış qalır.
Şəmistan Yusifov daha bir
sıra mühüm məsələlərə toxundu
və sonda əminliklə dedi ki, indi hazırlanmaqda
olan "Bələdiyyələrə
əlavə səlahiyyətlərin
verilməsi haqqında"
qanunun qəbul edilməsi ilə bütün bu problemlər həll olunacaq və heç şübhəsiz
ki, yerli
özünüidarə orqanlarının
fəaliyyətində əsaslı
canlanma yaranacaq.
Əhməd İSAYEV
Azərbaycan.-2012.-
13 noyabr.- S.10.