ABŞ-ın nüfuzlu
«CNBC» televiziyasının saytında Azərbaycandakı tolerantlıq haqqında material dərc edilmişdir
Xəbər verdiyimiz kimi, noyabrın 8-də
Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü,
bu ölkədə fəaliyyət göstərən
İngiltərə-Azərbaycan Cəmiyyətinin və
"Odlar Yurdu" qurumunun təşkilatçılığı
ilə "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası
dialoq və dini tolerantlığın Azərbaycan modeli"
mövzusunda konfransın keçirilməsi dünyanın
bır sıra ölkələrinin mətbuatında geniş əks-səda
doğurmuşdur.
AzərTAc xəbər verir ki, Amerika Birləşmiş
Ştatlarında yayımlanan "CNBC" televiziya
kanalının internet saytında konfrans haqqında geniş
material yerləşdirilmişdir.
Materialın müəllifi qeyd
etmişdir ki, Londonda keçirilən konfrans Azərbaycanda həqiqətən
də, Avropaya nümunə ola biləcək tolerant cəmiyyət
qurulmuşdur. Burada bir çox dinlərin nümayəndələri
mehriban şəraitdə yaşayırlar və onlara dini ayinləri
yerinə yetirmək üçün nəinki maneə olunmur,
əksinə, kömək göstərilir. Konfransda iştirak
edən Böyük Britaniyanın nüfuzlu siyasi və din
xadimləri bildirmişlər ki, Azərbaycan dini
dözümlülük sahəsində böyük uğurlar
əldə etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda əhalinin
95 faizinin müsəlman olmasına baxmayaraq, burada yaşayan yəhudilər
də bu ölkəni özlərinin doğma vətəni
hesab edirlər.
Məqalənin müəllifi onu da qeyd
etmişdir ki, Azərbaycanda müsəlmanlarla yanaşı
katoliklər, provoslavlar, protestantlar və başqa dinlərin
nümayəndələri mehriban şəraitdə
yaşayır və əməkdaşlıq edirlər.
Bakıda 3 senaqoqla yanaşı yəhudi icması, yəhudi mədəniyyət
mərkəzi də fəaliyyət göstərir. Sovet
İttifaqı dağıldıqdan sonra buradakı sinaqoqlar
hökumətin vəsaiti hesabına bərpa edilmişdir ki,
bunun da dünyada analoqu yoxdur. Sovet İttifaqının tərkibində
70 il repressiyaya məruz qalmasına baxmayaraq, Azərbaycan
xalqı başqa dinlərə qarşı tolerant münasibətini
qoruyub saxlamışdır. Təsadüfi deyildir ki, cəmi 9
milyon əhalisi olan Azərbaycanda ötən 20 il ərzində
500 müxtəlif dini icma meydana gəlmişdir.
Məqalədə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın konfransdakı
çıxışından sitat gətirilərək
bildirilir ki, "...bu gün Azərbaycan bütün
dünyaya göstərir ki, müsəlmanlar yəhudilər və
xristianlar birlikdə sülh və əmin-amanlıq şəraitində
yaşaya bilərlər. Biz buna nail olmuşuq və bununla fəxr
edirik".
Materialda göstərilir ki, Sovet
İttifaqının dağılmasından sonra Azərbaycanı
tərk edən yəhudilər artıq geri dönməyə
başlamışlar. Bu da ölkənin sosial-iqtisadi
inkişafı ilə əlaqədardır. Azərbaycanda istər
dövlət, istərsə də qeyri-dövlət idarə və
müəssisələrində müxtəlif dinlərə mənsub
olanlar çalışırlar və onlara qarşı dini
ayrı-seçkilik halları müşahidə edilmir. Onlar
özlərini tam təhlükəsizlikdə hiss edirlər.
"CNBC" televiziyasının
saytındakı yazıda Lord Frayzerin, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun,
yəhudi icmasının rəhbəri Moşe Bekkerin və
başqalarının çıxışlarının
maraqlı məqamları yer almışdır.
Azərbaycan.-2012.-
13 noyabr.- S.11.