Bakıda IDEA və UNEP-in
təşəbbüsü ilə «Yaşıl həftə» kampaniyası
başlanmışdır
Noyabrın 12-də Azərbaycan Diplomatik
Akademiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü
- IDEA kampaniyası və BMT-nin Ətraf Mühit üzrə
Proqramının (UNEP) birgə layihəsi olan beynəlxalq
"Yaşıl həftə"yə start verilmişdir.
AzərTAc xəbər verir ki, layihənin
birinci günü "Rio+20 bizə nə verdi?"
mövzusunda Beynəlxalq Gənclər Forumu
keçirilmişdir. Forumda dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, yerli və xarici qeyri-hökumət
təşkilatlarının nümayəndələri, gənc
liderlər iştirak etmişlər.
Tədbirdə çıxış edən
Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov demişdir ki, IDEA-nın təşəbbüsü
ilə reallaşan "Yaşıl həftə"
kampaniyası yalnız Azərbaycanda deyil, bütün
dünyada təbiətin mühafizəsinə töhfə verəcəkdir.
Nazir bu tədbirin "Rio+20" konfransının nəticələrinin
müzakirəsinə həsr edilməsini yüksək qiymətləndirmişdir.
"Yer kürəsində resurslar tükənir. Ətraf
mühit getdikcə qarşısıalınmaz proseslərlə
əhatə olunur. Lakin ətraf mühitlə bağlı
problemlərin əksəriyyətini insanların
dünyagörüşünü, bu məsələlərə
baxışını dəyişməklə həll etmək
olar" - deyə nazir vurğulamışdır.
H.Bağırov bildirmişdir ki, ətraf
mühiti qorumaq üçün dövlətlər, şirkətlər
"yaşıl iqtisadiyyat" qurmağa
çalışmalıdır. "Yaşıl
iqtisadiyyat" o vaxt mümkündür ki, mövcud iqtisadi
qüvvələr təbiət üçün
çalışmağa başlasın. Tullantıların
yenidən emalına daha çox diqqət yetirilsə, ətraf
mühitin qorunmasına, "yaşıl iqtisadiyyat"
qurulmasına töhfə vermək olar" - deyə nazir qeyd
etmişdir.
Azərbaycanda bu sahədə bir sıra
layihələrin həyata keçirildiyini bildirən nazir
demişdir ki, Abşeronda neftlə çirklənmiş ərazilərin
təmizlənməsi, min hektar sahədə
yaşıllaşdırma məqsədilə zeytun
bağlarının salınması bu sıradan olan layihələrdəndir.
Bu istiqamətdə IDEA hərəkatı çərçivəsində
vacib layihələr həyata keçirilir. Ətraf mühitin
qorunması istiqamətində məhz gənclərin bir ideya ətrafında
birləşməsi çox əhəmiyyətli məsələdir.
Çünki gələcək məhz gənclərin əlindədir
və onların səyləri təbiətin qorunmasına,
resursların düzgün istifadə edilməsinə
lazımi töhfə verə bilər. Nazir forum
iştirakçılarına və "Yaşıl həftə"
layihəsinə uğurlar arzulamışdır.
Tədbirdə təbiətin
qorunması, davamlı inkişaf, ekoloji mühitin indiki və
gələcək vəziyyəti barədə təqdimatlar
edilmiş, müzakirələr aparılmışdır.
Məruzəçilər İDEYA təşəbbüsü
və UNEP proqramı çərçivəsində həyata
keçirilən layihələrdən danışmış,
gənclərin təbiətin mühafizəsində fəal rolunu qeyd etmişlər.
Bildirilmişdir ki, 2030-cu ilədək dünyada böyük
ekoloji problemlər, su, qida çatışmazlığı
yarana bilər. Bütün bunların qarşısını
almaq üçün artıq indidən iqtisadi və sosial
sistemlərdə dəyişikliklər edilməlidir.
Noyabrın 16-dək davam edəcək
"Yaşıl həftə" çərçivəsində
müxtəlif tədbirlər, aksiyalar keçiriləcəkdir.
Azərbaycan.-2012.-
13 noyabr.- S.11.