Londonda
keçirilən «WTM 2012» Beynəlxalq turizm
sərgisi ilə bağlı Ermənistan KİV-ində
yayılmış məlumatlar Azərbaycana qarşı
növbəti təxribatdan və uydurmadan
başqa bir şey deyildir
Xəbər verildiyi kimi, noyabrın 5-dən
8-dək Londonda keçirilən "WTM 2012" Beynəlxalq
turizm sərgisində Azərbaycan Respublikası geniş
nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, sərgi günlərində Ermənistanın müxtəlif
kütləvi informasiya vasitələrində guya Azərbaycan
stendində bu ölkəyə qarşı təbliğat-təşviqat
materiallarının paylanılması və Ermənistan
nümayəndələri və sərginin təşkilat
komitəsi tərəfindən bu kampaniyanın
qarşısının alınması barədə bir
sıra uydurma məlumatlar
öz əksini tapmışdır.
Qeyd olunanlarla bağlı Mədəniyyət
və Turizm Nazirliyi bildirir ki, ölkəmizin təmsil
olunduğu hər bir beynəlxalq turizm sərgisində
nazirlik tərəfindən Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ bölgəsinin ayrıca stendlə təmsil
olunmasının qarşısı alınır. Bu məsələdə
Ermənistan tərəfindən hər hansı bir cəhd
olunduğu təqdirdə Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndələri və ya həmin ölkədə
akkreditə olunmuş Azərbaycan səfirliyi sərgi təşkilatçılarına
dərhal məlumat verir və onlar tərəfindən müvafiq
tədbirlər görülür.
Ölkəmizin stendindəki
bütün çap məhsullarında verilən məlumatlar
isə dünya ictimaiyyəti tərəfindən dəstəklənən
respublikamızın ərazi bütövlüyü çərçivəsində
təqdim olunur və buna görə də onların
paylanılması ilə bağlı heç vaxt sərgi təşkilatçıları
tərəfindən hər hansı sualla
qarşılanmır.
Hər il olduğu kimi, bu il də
"WTM 2012" Beynəlxalq turizm sərgisində Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi ayrıca stendlə təmsil
olunmamışdır (Ermənistan stendində
"Karabakh" adlı şirkət iştirak etmişdir).
Ölkəmizə aid stenddə isə Azərbaycanın digər
turizm potensiallı regionları ilə yanaşı, Qarabağ
və Şuşa ilə bağlı bukletlər də ziyarətçilərə
paylanılmış və bu zaman sərginin təşkilatçıları
ilə ölkəmizin nümayəndə heyəti arasında
tərəfindən hər hansı bir xoşagəlməz
hadisə baş verməmişdir.
Mədəniyyət və Turizm
Nazirliyinin bəyanatı bu sözlərlə bitir:
"Bütün bunları nəzərə alaraq Ermənistanın
kütləvi informasiya vasitələrində yayılan məlumatları
tamamilə əsassız hesab edirik və bu iftiraların həmin
ölkənin daxili siyasətində müəyyən dividendlərin
qazanılması məqsədi ilə hazırlanması kimi
qiymətləndiririk".
Azərbaycan.-2012.-
13 noyabr.- S.11.