Tanınmış qələm sahibinin ömür yolu «Aqşin Babayev – 75» kitabında
Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə "Aqşin Babayev - 75" adlı nəfis tərtibatlı
kitab çapdan
çıxmışdır.
AzərTAc xəbər verir ki,
yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor
Aqşin Babayevin 75 illiyi münasibətilə işıq
üzü görmüş kitabda ədibin həyat və
yaradıcılığı, müxtəlif illərdə nəşr
olunmuş əsərləri barədə məqalələr,
eyni zamanda, yubilyar haqqında yazılmış portret
oçerklər yer almışdır.
Kitaba Aqşin Babayevin ulu öndər
Heydər Əliyevə həsr etdiyi, Türkiyədə,
Gürcüstanda və Rusiyada uğurla tamaşaya qoyulmuş
"Xilaskar" pyesi, habelə "Bir parça həyat",
"Olmuş əhvalat", "Kim nə deyər",
"Yaralar" və başqa dram əsərləri
haqqında yazılmış maraqlı fikirlər daxil
edilmişdir. Topluda, həmçinin Mirzə İbrahimov, Əkrəm
Cəfər, Həmid Araslı, Ənvər Nəsrəddinoğlu,
Aslan Kavlak (Türkiyə), Bəxtiyar Vahabzadə, Vaqif Bəhmənli
və digər tanınmış qələm sahiblərinin
Aqşin Babayevə həsr etdikləri məqalələr yer
almışdır.
Kitabda yubilyarın Azərbaycan Radiosunda,
Milli Məclisdə, Türkiyədə işlədiyi illərdə
və hazırda çalışdığı Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində əmək fəaliyyətini, müxtəlif
görüşlərini əks etdirən fotoşəkillər
də verilmişdir.
Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə
"Oktyabr işıqları" almanaxında çap
olunmuşdur. 1964-cü ildə ədibin "Cazibəli
üfüqlər" ilk hekayələr kitabı çapdan
çıxmışdır. O, ədəbiyyatsevərlərin
həvəslə oxuduqları "Həmişəbahar",
"Bir parça həyat", "Ağ ulduzlar",
"Bir ürəyin hərarəti",
"Ayrılıq", "Söz gülləsi",
"Dünyanın axırı" adlı kitabların
müəllifidir. Moskvanın "Sovetski pisatel" nəşriyyatı
tərəfindən 30 min nüsxə tirajla nəşr edilən
"Kişilər az yaşadı" kitabı isə müəllifinə
daha böyük şöhrət gətirmişdir.
Azərbaycan.-2012.-
13 noyabr.- S.12.