Azərbaycanda internetdən istifadəyə məhdudiyyət yoxdur

 

XX əsrin ən böyük kəşflərindən olan internet minlərlə kompyuter şəbəkəsini birləşdirən ümumdünya kompyuter-informasiya şəbəkəsidir. İnternet dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən, böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir. Artıq internet şəbəkəsi, demək olar, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

Son illər Azərbaycanda da informasiya-kommunikasiya texnologiyalarının inkişafı geniş vüsət almışdır. Bu sırada internetin geniş yayılması xüsusilə diqqət çəkir. Xatırladaq ki, ölkəmizdə internetin tarixi ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin illərdə ölkəmizdə elektronika, avtomatika və hesablama texnikası üzrə alimlər və mütəxəssislər yetişdirilib, elektron avadanlıq istehsal edən zavodlar tikilib. Məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin birbaşa təşəbbüsü və köməyi sayəsində bu istiqamətdə çox mühüm addımlar atılıb. Müxtəlif təyinatlı informasiya sistemlərinin ilk dəfə yaradılması da həmin illərə təsadüf edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə hər bir vətəndaşın internetdən sərbəst istifadəsi üçün imkan yaranmışdır. Lakin müstəqilliyin ilk çağlarında baş verən proseslər, iqtisadi tənəzzül, o cümlədən ölkənin informasiya-kommunikasiya sisteminin bərbad vəziyyətdə olması internetin inkişafına və geniş yayılmasına ciddi  mane olurdu. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf mərhələsinə qədəm qoyması, informasiya-kommunikasiya infrastrukturunda baş verən keyfiyyət dəyişiklikləri internetin əhali arasında da  geniş istifadəsinə yol açdı.

Son vaxtlar isə ölkəmizdə internetin inkişafı daha da sürətlənib. Xüsusilə qeyd etməliyik ki, ölkə rəhbərliyinin diqqət və qayğısı Azərbaycanın hər yerində internetdən istifadəni və onun texniki imkanlarının daha da güclənməsini təmin edib. Rabitə infrastrukturunun yenilənməsi, ATS-lərin elektronlaşdırılması, mobil rabitə bazarında keyfiyyət dəyişiklikləri, ölkədə azad sahibkarlıq mühitinin güclənməsi sayəsində yeni provayder şirkətlərin yaranması həm internetin texniki səviyyəsini, həm də istifadəçilərin sayını artırıb. Bunun nəticəsidir ki, artıq respublikamızda əhalinin təxminən 65 faizi internet istifadəçisidir. Bu isə o deməkdir ki, ölkəmizdə internetin inkişafı çox sürətlə gedir. İnternetlə bağlı mövcud qiymətlər də region ölkələri üzrə orta göstəricidən də aşağıdır. Bir faktı da qeyd edək ki, Azərbaycan həm ümumən internet istifadəçilərinin, həm də genişzolaqlı (ADSL) internet istifadəçilərinin sayının artımına görə dünya üzrə orta göstəricini qabaqlayır.

İndi internet yalnız informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, idarəçiliyin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativhüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır.

Eyni zamanda insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə internet azaddır, ondan istifadəyə heç bir məhdudiyyət yoxdur. Bunu bütün beynəlxalq təşkilatlar da bilir və görürlər. İnternet həm də insan hüquqlarının etibarlı şəkildə qorunması, söz və mətbuat azadlığı deməkdir. Prezident İlham Əliyevin bu günlərdə Bakıda keçirilmiş VII İnternet İdarəçilik Forumunun iştirakçılarına məktubunda da bu barədə deyilir: "Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir. Biz internetin insanlar və xalqlar arasında dostluq əlaqələrinin yaranmasına, bərabərhüquqlu qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına yönəlmiş istənilən xoşməramlı fəaliyyətini dəstəkləyirik".

BMT Baş katibinin müavini Vu Honqbo BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirmişdir. Bu isə o deməkdir ki, ölkəmizdə bu sahənin inkişafı daha da sürətlənəcək.

"Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bu sahəyə yönəldilən vəsait, xüsusən də dövlət başçısı İlham Əliyevin internetin inkişafına və ölkədə daha geniş coğrafiyanı əhatə etməsinə göstərdiyi diqqət informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır". Bunu isə mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Həmçinin bildirilib ki, internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək qeyri-mümkündür.

Son illərin internetlə bağlı statistikası da göstərir ki, Azərbaycanda həyata keçirilən tədbirlər internet xidmətlərinin yüksəlməsinə və internet istifadəçilərinin sayının sürətlə çoxalmasına gətirib çıxarıb və ondan istifadəyə heç bir məhdudiyyət yoxdur.

 

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.3.