Azərbaycan nümayəndə heyəti
Xorvatiya və Albaniyada səfərdə olmuşdur
İqtisadi İnkişaf naziri Şahin
Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti Xorvatiya və Albaniyada səfərdə olmuşdur.
Xorvatiya Respublikasına səfər zamanı Şahin Mustafayev
Xorvatiyanın Baş naziri Zoran Milanoviç ilə
görüşmüşdür. Görüşdə iqtisadi
əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyətinin
Xorvatiyanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri
Radimir Çaçiç, dənizçilik, nəqliyyat və
infrastruktur naziri Sinisa Haydas-Donçiç ilə
görüşlərində iqtisadiyyatın müxtəlif
sahələrində əməkdaşlığın
genişləndirilməsi, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunmuşdur.
Səfər çərçivəsində
Xorvatiya-Azərbaycan biznes forumu keçirilmişdir. Forumda
çıxış edən
Radimir Çaçiç ölkəsində Azərbaycanla
əlaqələrə
böyük önəm verildiyini qeyd etmiş, biznes
forumu və işgüzar görüşlərin iş
adamları arasında əməkdaşlığın daha da
genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin
inkişafında əhəmiyyətini
vurğulamışdır. Şahin Mustafayev isə Azərbaycan
və Xorvatiya arasında əlaqələrin
qarşılıqlı dostluq, faydalı əməkdaşlıq
prinsipləri üzərində qurulduğunu, dövlət
başçılarının qarşılıqlı rəsmi
səfərlərinin, aparılan danışıqların
ikitərəfli əlaqələrin genişlənməsində
əhəmiyyətini vurğulamışdır. Azərbaycan-Xorvatiya
iqtisadi əməkdaşlığının uğurla
inkişaf etdiyini diqqətə çatdıran nazir
Ş.Mustafayev ölkələrimiz arasında 10-dan çox sənədin
imzalandığını, bu ilin yanvar-sentyabr ayları ərzində
ticarət dövriyyəsinin ötən ilin analoji
dövrü ilə müqayisədə 26 faiz
artdığını bildirmişdir. Biznes forumlarının
ticarət əlaqələrinin inkişafında, iş
adamları arasında işgüzar əlaqələrin
genişlənməsində əhəmiyyətli olduğunu
qeyd edən nazir bu il Azərbaycan və Xorvatiya arasında 2-ci
biznes forumunun keçirilməsinin işgüzar dairələrin
əlaqələrinin inkişafında müsbət rol
oynayacağını vurğulamış, turizm, energetika, əczaçılıq,
kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin
genişləndirilməsi üçün böyük
potensialın olduğunu bildirmişdir. Şahin Mustafayev Azərbaycan
iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə
məlumat vermiş, Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində
ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin,
davamlı və dayanıqlı iqtisadi inkişafın təmin
olunduğunu, əlverişli biznes və investisiya mühitinin
yaradıldığını vurğulamış,
xorvatiyalı iş adamlarını azərbaycanlı həmkarları
ilə fəal əməkdaşlığa dəvət
etmişdir.
Biznes forumunda AZPROMO-nun rəhbəri
Rüfət Məmmədov Azərbaycanın biznes və
investisiya imkanlarına, Xorvatiyanın İnvestisiya və Rəqabətlilik
Agentliyinin rəhbəri Damir Noviniç isə Xorvatiyanın
investisiya mühitinə dair təqdimatlarla
çıxış etmişlər.
Tədbir çərçivəsində
bir sıra Xorvatiya şirkətlərinin təqdimatları
keçirilmişdir.
Səfərin sonunda mətbuat
konfransı keçirilmiş, jurnalistləri maraqlandıran
suallar cavablandırılmışdır.
Azərbaycan nümayəndə heyəti
həmçinin Albaniya Respublikasında olmuş, bir sıra
görüşlər keçirmişdir. Albaniyanın Baş
naziri Sali Berişa ilə keçirilmiş görüşdə
ölkələrimiz arasında əlaqələrin uğurla
inkişaf etdiyi vurğulanmış, iqtisadi sahədə Azərbaycan-Albaniya
əməkdaşlığının genişləndirilməsi
ilə bağlı ətraflı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin
Albaniya Baş nazirinin müavini, iqtisadiyyat, ticarət və
energetika naziri Edmond Haksinasto və Tirana şəhərinin
meri Lulzim Başa ilə keçirilmiş görüşlərində
isə Azərbaycan və Albaniyanın iqtisadiyyatına dair məlumatlar
verilmiş, iki ölkə arasındakı iqtisadi əlaqələr
və əməkdaşlıq imkanları müzakirə
olunmuşdur.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti üçün
Albaniyanın İnvestisiyaların İnkişafı Agentliyi tərəfindən
"Albaniyada investisiya mühiti və imkanlar" mövzusunda
təqdimat keçirilmişdir. Azərbaycan nümayəndə
heyəti Dürres və Porto Romano dəniz limanlarının
fəaliyyəti ilə də tanış olmuşdur.
Azərbaycan.-2012.-
14 noyabr.- S.5.