SƏNƏ GÜVƏNİRƏM,
ORDUM MƏNİM
BAŞ REDAKTORDAN
Adətən imperiyalar qanla
yaradılır!
Mövcudluğu
dövründə zora və cəzaya arxalanır!
İmperiyanı
yaradan dövlət də, ona qatılanlar da qurbansız
ötüşmürlər!
Zaman çatanda
isə yüz yerdən yamaq vurub, dayaq dursalar da, saxlaya bilmirlər,
uçub dağılır!
Amma
imperiyaların çöküşü də yeni qanlara və
qurbanlara səbəb olur.
Yetmiş ildən
çox ömür sürən SSRİ adlı
qırmızı imperiya da istisna təşkil etmədi. Qanla
yaradıldığı kimi, qanla da çökdü!
DOĞRUDUR:
Yetmiş il ərzində
bizə sübut etmək istədilər ki, "SSRİ
qardaş xalqların
könüllü və sarsılmaz
ittifaqıdır!"
Yetmiş il ərzində
bizə sübut etmək istədilər ki, "SSRİ
hamımızın vətənidir
və heç bir ayrı-seçkilik yoxdur!"
Yetmiş il ərzində
bizə sübut etmək istədilər ki, "Qızıl
ordu sülhsever, ən humanist və
xilaskar ordudur".
Amma real həyatda nə
gördük?!
SSRİ adlı superdövlət
xalqları bir-birinə qarşı qoyaraq Dnestryanıda,
Abxaziyada və Qarabağda separatçı müharibə
ocaqları yaratmaqla ömrünü başa vurdu!
Bir vaxtlar Qarabağa gətirdikləri ermənilərə
arxa duraraq torpaqlarımızın işğalının təminatçısına
çevrildilər!
20 Yanvar, Xocalı, Qaradağlı, Kərkicahan,
Meşəli, Cəmilli, Bağanis-Ayrım... faciə və
soyqırımlarını törədən
qırmızı ordu "sülhsever, humanist və xilaskar" simasını bu
sayaq dünyaya nümayiş etdirdi!
Azərbaycan dövlət müstəqilliyi
qazandığı qısa bir zaman kəsiyində əmin oldu ki, yalnız öz
gücünə güvənməli, öz siyasətini
yürüdüb
iqtisadiyyatını yüksəltməli, öz ordusunu
quraraq ona arxalanmalıdır!
İlk dəfə azərbaycanlıların
yaşadığı kəndlər erməni təcavüzünə
məruz qalanda,
erməni quldur birləşmələri dinc əhaliyə
hücumlar edəndə öz
ordumuza ehtiyac duyduq! Cəllad Qorbaçovun
meydana atdığı "yenidənqurma" adlı oyun ermənilərə
qol-qanad vermişdi. Əslində onlar SSRİ-nin birinci və sonuncu
prezidentindən Dağlıq Qarabağı ələ
keçirməyin "hə"sini almışdılar. Əvvəlcə sovet ordusu erməni quldur birləşmələrinə
silah-sursat verirdisə, Xocalı soyqırımında əlbir
hərəkət etdilər.
Azərbaycan tərəfi isə hələ
ordu quruculuğu barədə düşünmürdü!
Əksinə, əhalidəki ov tüfənğləri
də yığılırdı!
Yaşayış məntəqələrinin
müdafiəsi, dinc əhalinin qorunması təşkil
edilmirdi!
Yerlərdə yaradılan
özünümüdafiə batalyonları isə vahid mərkəzə
tabe deyildi.
Onlar hansısa partiyanın, hakimiyyət hərisliyi xəstəliyinə
yoluxmuş
insanların maraqlarına xidmət edirdi.
Beləcə, xalqın qayğısına
qalmayanlar, torpaqların müdafiəsini təşkil etməyənlər,
islahatlar keçirməyənlər və iqtisadiyyatı
inkaşaf etdirə bilməyənlər ölkəni fəlakət və
məhvolma həddinə çatdırdılar. Sonra isə
"vəzifələrini donduraraq" aradan
çıxmağa başladılar.
Belə bir məqamda Azərbaycan xalqı ən
düzgün qərarını verdi, onun arzu və tələbi ilə
sınanmış oğlu Heydər Əliyev yenidən ölkə
rəhbərliyinə
qayıtdı.
Bununla həm də çox çətin
və mürəkkəb məsələ sayılan ordu quruculuğu prosesinə
başlandı və uğurla sona çatdırıldı.
Qısa zaman kəsiyində qanunsuz
silahlı dəstələr ləğv edildi, əhalidəki
külli miqdarda silah-sursat yığıldı, müharibədə
atəşkəsə nail olundu, ordunun tərkibi sağlamlaşdırıldı,
yeni zabit kadrları
hazırlanması işi yoluna qoyuldu, dövlət
çevrilişi cəhdlərinin qarşısı alındı, Azərbaycan iqtisadi
gücünü artıraraq regionun ən güclü dövlətinə çevrildi!
Bu gün Azərbaycan həm də
Qafqazın ən güclü modern ordusuna sahibdir!
Orduya işğalçı Ermənistanın
büdcəsinin əlli faizindən də çox vəsait
ayrılır!
Silahlı Qüvvələrimiz NATO sisteminə
keçir, Azərbaycan gənci dünyanın ən qabaqcıl hərbi məktəblərində
müxtəlif ixtisaslar üzrə zabit peşəsinə yiyələnir!
Özümüzün Müdafiə Sənayesi
Nazirliyimiz yaradılıb, 600 addan çox hərbi xarakterli məhsul istehsal
edirik!
Ordumuz ən müasir silahlarla
silahlanıb!
Dövlət başçısı, Ali
Baş Komandan cənab İlham Əliyev hər il orduya kifayət qədər
vəsait ayırır.
İldə bir neçə dəfə
döyüş səngərlərində olur, əsgərlərlə
görüşür, onları mükafatlandırır,
birlikdə nahar edir.
Silahlı Qüvvələrin birgə
hərbi təlimlərini, paradlarını keçirir.
Azərbaycanın əsgər və zabitləri
Ali Baş Komandanı bu qayğı və diqqətinə görə
sevir, onun hər bir əmrinə daim müntəzir olduğunu
söyləyir!
Cəbhə bölgəsində, ön səngər
və postlarda olarkən bir daha bütün bunların canlı şahidinə
çevrildik.
* * *
Bu gün əsgər səngərləri
Azərbaycanı yenidən iki hissəyə bölüb! Ölüm təhlükəli
bu səngərlər həm də hələlik müstəqil
Azərbaycanın yeni, "qeyri-qanuni", "şərti sərhədlər"i
sayılır. Amma həmin "sərhəd"in o tayı da bizimdir, bu
tayı da!
"O tay"da qalan xarabalığa
çevrilmiş yaşayış məntəqələri,
viran qoyulmuş
evlər, binalar, yollar, körpülər - bir
sözlə, ruhlar şəhərləridir!
Hətta ilanlar, siçovullar, vəhşi
heyvanlar da "o tay"da yaşamaq istəmir,
vaxtaşırı "sərhəd"i keçərək
"bizim tərəf"ə gəlirlər!
"Bu tay"da isə hər tərəf
yamyaşıl, insanlar əkin-biçinlə məşğul,
tikinti, quruculuq və abadlıq durmadan davam edir!
Həyat qaynayır, insanlar geriyə, yeni
salınmış məcburi köçkün qəsəbələrinə
qayıdır, toy edib, nəsil artırırlar.
"O tay"a baxanda müharibənin sərt
üzü, törətdiyi dağıntı və fəlakətlər
açıq-aşkar görünür!
"Bu tay"da isə əmin-amanlıqdır
və adam inana bilmir ki, müharibə, ölüm təhlükəsi bu qədər
yaxınlıqdadır!
Hərçənd ki, ermənilər
tez-tez əkin-biçinlə məşğul olan insanları, həyətlərində
və küçələrində oynayan azyaşlı
uşaqları, örüşdə otlayan mal-qaranı hədəf
seçərək qanını axıtmaqla yaxınlıqda
olduqlarını, hələ də
torpaqlarımızı işğalda
saxladıqlarını "unutmağa" qoymurlar!
Vaxt vardı ki, erməni tərəfi
hücuma keçən kimi dinc əhali ev-eşiyini, kənd-kəsəyini
tərk edərək arxaya çəkilir, yol kənarlarında
yerləşir, çadır və
məcburi köçkün şəhərcikləri
salaraq hərbi əməliyyatların başa
çatmasını gözləyirdilər.
İndi isə atəş səsi eşidən
kimi əllərini gözləri üstə qoyaraq ordumuzun hücuma
keçib-keçmədiyini müəyyənləşdirməyə
çalışır, əsgərlərin köməyinə hazırlaşırlar.
Bax bu dəyişikliyi də yaradan müstəqil
dövlətimiz, Ali Baş Komandanımızdır!
Bütün bunları görmək, duymaq,
əsgər və zabitlərin, habelə yerli camaatın dilindən eşitmək həm
maraqlı idi, həm düşündürücü, üstəlik
də qürurverici!
- Biz get-gedə güclənirik, qüdrətlənirik!
Çünki öz torpağımızın üzərində gəzir, öz torpağımızı
qoruyuruq! Və başa düşürük ki, itirdiklərimizi
geriyə
qaytarmaqdan ötrü daha güclü, qətiyyətli,
əlbir və hazır vəziyyətdə
olmalıyıq! Düşmənlərimiz
isə qarşıdakı ərazilərdə müvəqqəti
olduqlarını yaxşı anlayırlar! Amma bunu onların siyasətçiləri
və başçıları da anlamalıdırlar! Sonra gec
olar! - Bunu bir əsgər dedi.
- On il, on beş il bundan qabaqkı ordu ilə indiki
ordu arasında yerlə göy qədər fərq var, - bunu isə
zabit dostum söylədi. - Yəqin ki, televiziya vasitəsilə hərbi təlimlərimizi,
bayram paradlarını izləmisiniz, oradakı texnikanı,
yeni silahları
görmüsünüz! Hələ gördükləriniz
olanların hamısı deyil! Burada elə silahlarımız var ki, işə
salsaq, düşmən bir gün də qarşımızda
duruş gətirə bilməz!
- Sonra əlavə etdi. - Əsgərlərimiz isə bax bunlardır!
Cəsur, vətənpərvər, peşəkar!
Müharibə dövründə -
üç il ərzində cəbhə
müxbiri kimi çalışmışam. Əsgər və zabitlərlə daim
görüşmüş, söhbətləşmiş,
silahlarla tanış olmuşam. Odur ki, keçmiş ordu ilə
indikinin fərqini hərbçilər qədər də
olmasa, başqalarından daha
yaxşı görürəm və bilirəm.
Cəbhədə atəşkəs olsa da,
əslində müharibə davam edir. Bu müharibə həm də səngərin hər
iki tərəfində olanların özünəməxsus
yarışıdır:
Silah yarışı
Əsəb yarışı
Mənəviyyat yarışı
Güc yarışı
Belə yarışlar müxtəlif
müstəvilərdə çox zaman mətbuatın və cəbhə bölgəsi
əhalisinin xəbəri olmadan keçirilir. İnsanlar
yalnız atəşkəsin pozulduğunu eşidir və qəzetlərdən
oxuyurlar.
"O tərəf"ə boylananda isə
heç nə görə bilmirlər.
Yalnız hərdənbir, Mübariz
İbrahimov və Fərid Əhmədov kimi igidlərimizin timsalında
sonradan belə "yarış"ların necə nəticələndiyindən xəbər tuturlar.
Müharibə öz dövrünün əsgərlərini
və zabitlərini yetişdirir!
Bu əsgər və zabitlər atəşkəs
dövrünün səngərlərində püxtələşirlər!
Onlar dinc dövrün hərbçiləri
deyillər! Daim barıt iyləyir,
vaxtaşırı ölüm-itim görürlər. Təkcə
bu il 12 döyüş itkisi olmuşdur!
Cəbhə bölgəsinin hər bir əsgər
kazarmasında Mübariz İbrahimovun şəkilləri, tərcümeyi-halı
və valideynlərinə ünvanladığı məktub ən
görkəmli yerlərdə
asılıb. Hər bir əsgər Milli Qəhrəmanımızın
öz valideynlərinə ünvanladığı məktubundakı:
"Şəhid olana kimi bu şərəfsizlərin üzərinə
gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə,
sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən
sağ olsun!"
- sözlərini qürurla oxuyur və
özü üçün anda çevirir!
Cəbhə bölgəsində əsgərlər
daha tez kişiləşirlər... Buranın ab-havası bambaşqadır.
Hər an ayıq-sayıq olmalısan...
Kiçik bir ehtiyatsızlıq göstərsən,
düşmən gülləsinə tuş gələrsən...
Gecələr səngərlərdə və
postlarda işıqlar yandırılmır, "səngər
küçələr" zülmət qaranlığa
bürünür...
Yayın qızmar istisində,
qışın çovğunlu, payızın isə
yağışlı günlərində gecə və gündüz
postunda olmalısan! Vətən sənə etibar edib!
Burada insanları yenilməz və qüvvətli
edən vətən məhəbbəti, dövlət etibarı, zabit
qayğısı, dost köməyi və məsuliyyət
hissidir!
Əsgərin geyimi müasir, təmiz
və rahatdır.
Yeməyi dadlı-duzlu, kalorili, evdəkindən
fərqlənməzdir.
Yüz kilometrlərlə uzanan səngərlərdə
bütün təhlükəsizlik tədbirləri görülüb. Ən
ucaboylu insan da ayaq üstə addımlayanda düşmən
snayperi onu
görmür.
Postlar gecə-gündüz düşmənin
bütün hərəkətlərini izləməyə imkan yaradan
müasir müşahidə cihazları və silahlarla təmin
edilib.
Əsgər kazarmaları səliqə-sahmanlı,
yorğan-döşək münasib və tərtəmizdir.
İdman və təlim
meydançalarında isə hər cür avadanlıq və qurğular
quraşdırılıb.
Azərbaycan əsgəri xidmət göstərə,
normal yata, qidalana və dincələ, habelə idmanla məşğul
ola, vaxtını səmərəli
keçirə bilir!
Gündəlik rejimi, möhkəm
intizamı və lazımi şəraiti olan bu yer və
mühit əsgəri mətinləşdirir, kişiləşdirir!
* * *
Qapanlı kəndi cəbhə xəttinin
700-1000 metrliyində yerləşir. Əslində bu kənd cəbhəyanı
yaşayış məntəqələrinin bir nümunəsi
sayıla bilər. Hərbi əməliyyatlar
dövründə xeyli dağıntılara məruz qalıb,
əhalidən şəhid gedənləri olub. Kənd sakinləri
evlərini tərk edib getmişdilər. Artıq
xeyli vaxtdır ki, hamısı geriyə qayıdıb.
Dağılmış evlər dövlətin dəstəyi ilə
bərpa edilib, xeyli yeni
evlər tikilib, təzə ailələr qurulub.
Kəndin içərisindən keçib
gedərkən onun ölkənin başqa bölgələrindəki yaşayış məntəqələrindən
heç nə ilə fərqlənmədiyini görürsən.
Həyat öz ahəngindədir.
İnsanlar işləyir, həyətyanı
torpaq sahələrini əkib-becərirlər. Mal-qara, toyuq-cücə saxlayırlar.
Qışa yem tədarükü görənlər həyətlərində
ot tayaları
ucaldıblar.
Daha iki maraqlı detal:
Kimsə həyətində
palçıqdan kərpic kəsirdi...
Məktəbdən çıxan
uşaqlar hay-harayla evlərinə gedirdilər...
Buranın yeganə fərqi hər gün
atəş səslərinin eşidilməsidir!
Bəzən kiminsə minaya düşməsidir!
Mal-qara otararkən düşmən
gülləsinə tuş gəlməsidir.
Daha atəş səsləri insanları
qorxutmur, buna vərdiş ediblər!
Heç kim köçüb başqa yerə
getmək barədə düşünmür, hamı "şərti sərhədlər"in
yox olacağına, dövlət sərhədinədək ərazilərimizin düşməndən təmizlənəcəyinə
əmindir!
Bu əminliyi onda güclü dövləti,
ordusu və Ali Baş Komandanı yaradıb!
Hər əsgər
bir evin çırağıdır!
Amma həmin çıraq müəyyən
müddətə həmin evdə yox, səngərdə
yanır!
Dövlətin istəyi budur ki, həmin
çıraq sönməsin! Əksinə, bir az da şölələnsin,
işığını artırsın!
Dövlətin istəyi budur ki, həmin səngərlər
yox olsun, insan qanı tökülməsin, vətən
torpağı yenidən bütövləşsin!
Dövlət bunu qansız-qadasız,
sülh yolu ilə etmək istəyir!
Amma məqamı çatsa, sən dada
çatacaqsan, AZƏRBAYCAN ƏSGƏRİ!
Əldə silah sən öndə gedəcəksən,
AZƏRBAYCAN ƏSGƏRİ!
Çünki həmin məqamda səndən
başqa güvənc yerim olmayacaq, AZƏRBAYCAN ƏSGƏRİ!
Sənə güvənirəm, ordum mənim!!!
Azərbaycan.-2012.-
14 noyabr.- S.5.