Azərbaycan regionda
siyasi, iqtisadi sahədə
əsas söz sahibinə çevrilib
Azərbaycanı
regionda əsas söz
sahibinə çevirmiş qlobal enerji layihələrin
reallaşdırılmasında ardıcıllığın təmin
olunması, ölkənin müdafiə potensialının
gücləndirilməsi, beynəlxalq nüfuz
və mövqelərnin möhkəmləndirilməsi,
balanslaşdırılmış xarici
siyasət kursu Prezident İlham Əliyevin ötən 9 ildə xüsusi diqqət yetirdiyi
məsələlərdəndir. Həmin
müddətdə Azərbaycanın müdafiə
potensialı 10 dəfədən çox
artmış, respublikamızın təkcə hərbi büdcəsi
bütövlükdə işğalçı Ermənistanın
dövlət büdcəsinə çatmışdır.
İstər sosial-iqtisadi inkişaf
göstəriciləri, istərsə də demokratik
ənənələrin cəmiyyət tərəfindən
əxz olunması baxımından "Avropa
ailəsi"nin nüfuzlu üzvü
kimi tanınan Azərbaycan artıq Qərb
dövlətlərinin enerji təhlükəsizliyində də mühüm rola malikdir.
Daxili və xarici
siyasətdə varislik ənənələrinin
qorunması, diplomatiyanın əsas istinad
mənbəyi olan təməl prinsiplərinin
dəyişməz qalması Azərbaycanın hazırkı
çoxşaxəli uğurlarını təmin edən amillərdir.
Cənab İlham Əliyev ulu öndərin böyük
uzaqgörənliklə irəli sürdüyü
müstəqil xarici siyasət kursunu yeni dövrün
tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın
beynəlxalq arenada nüfuzunun
daha da yüksəlməsinə,
milli maraqlarını maksimum
səviyyədə qorumasına nail olmuşdur.
Ermənistanın
dünya miqyasında təcavüzkar
dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın
ərazi bütövlüyünü təmin
etmək, dünya siyasətini istiqamətləndirən
iri dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, beynəlxalq ictimaiyyətdə
respublikamızda həyata keçirilən iqtisadi
və demokratik islahatlar
barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü
diaspor və lobbi
formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici
siyasətinin prioritet məqsədləri
sırasında xüsusi yer
tutur.
Azərbaycan Prezidenti bu kimi
vacib məqsədləri ən qısa zamanda reallaşdırmaq üçün,
ilk növbədə, diplomatik
korpusun fəaliyyətini yeni
dövrün tələblərinə
uyğunlaşdırılmasını təmin etməyə
çalışmışdır. Müasir beynəlxalq
münasibətlər sisteminin incəliklərinə
dərindən bələd olan cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın səfirlikləri
qarşısında duran vəzifələrdən
danışarkən erməni lobbisinin cəfəng
təbliğatının zərərsizləşdirilməsi
baxımından hücum xətti üzərində
qurulan çevik
diplomatiyanın həyata keçirilməsini vacib
saymışdır.
"Xarici siyasətlə bağlı ölkə
qarşısında duran əsas vəzifə,
əlbəttə ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə,
ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ
uzun illərdir öz
həllini tapmır, ədalət, beynəlxalq hüquq
normaları pozulur və bu
ədalətsizlik davam edir.
Azərbaycan bu məsələnin həlli
üçün bütün
imkanlardan istifadə edir
və etməlidir. Diplomatik səylər
gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin
həlli üçün öz
rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar
atılır. Əgər müstəqillik dövrünə nəzər
salsaq, görərik ki,
bu 20 il ərzində
Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni,
uçurum daha da böyük olmuşdur. Növbəti illərdə
bu fərq yalnız və yalnız
böyüyəcək və Azərbaycanın
üstünlükləri daha da görünəcəkdir" - bunu Prezident İlham Əliyev bir
müddət əvvəl ölkə diplomatları ilə sayca dördüncü
müşavirədə bildirmişdir.
Beynəlxalq
hüquq normalarına,
qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan
xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini
son illərdə daha da inkişaf etdirməyə
nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq
təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici
siyasətlə regionda siyasi-hərbi
qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq,
qarşılıqlı inam mühitinin yaranmasına
çalışmışdır. Ölkəmizin diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini
qazanması onun müxtəlif güc mərkəzləri
ilə münasibətlərinin xarakterində hansısa
şübhə və tərəddüdlərə yer qoymur. "Bir ölkə ilə yaxşı münasibətlərdə
olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq
lazımdır" - deyən cənab İlham
Əliyevin milli maraqları maksimum dərəcədə qorumaqla
İran, Rusiya, Çin və digər dövlətlərlə
münasibətləri yüksək səviyyədə qurmağa yönəlmiş
səyləri ABŞ və Qərbdə də
qısqanclıq doğurmur. Hər bir siyasi
gərginliyin beynəlxalq hüquq prinsipləri
əsasında, diplomatik
danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan
qaldırılması zərurətini diqqətə çəkən
rəsmi Bakı Azərbaycanın geosiyasi
rəqabət meydanına çevrilməsinə, hansısa
dövlətə hərbü güc tətbiqində
platsdarm ərazi kimi
istifadə edilməsinə heç zaman yol verməyəcəyini
həmişə qətiyyətlə bəyan etmiş,
bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.
Son illərin bir çox
hadisələri deməyə əsas verir
ki, cənab İlham Əliyev
istər ABŞ və Qərb, istərsə də Rusiya və İranla
münasibətlərdə Azərbaycanın mənafeyinə
xələl gətirə biləcək bütün
məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail olmuşdur. Respublikamızın
rəsmi Vaşinqtonun müəyyən
müddət narazılıqla qarşıladığı
Bakı-Tbilisi-Qars dəmir yolu xəttini daxili imkanları hesabına maliyyələşdirməsi,
habelə ABŞ Dövlət Departamentinin
2007-cı ildə Dağlıq Qarabağın Azərbaycan ərazisi
olduğunu şübhə altına alan hesabatına sərt reaksiya
verməsi və həmin texniki
yanlışlığı qısa zamanda
aradan qaldırmağa nail
olması buna misal ola bilər. Prezident İlham Əliyev bildirib:
"Azərbaycan regionda siyasi
sahədə söz sahibidir,
çox güclü
mövqelərə malikdir, dünya miqyasında tədbirlərdə də
çox fəal iştirak
edir. Biz
dünyanın ən aparıcı, ən böyük
qurumu olan BMT Təhlükəsizlik
Şurasının üzvüyük. Biz dünya məsələlərinin
həllində öz sözümüzü
deyirik və gələcək illərdə
bizim təsir imkanlarımız yalnız
artacaqdır".
Enerji amilindən hansısa
üçüncü ölkəyə
qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdlərini
yolverilməz sayan Azərbaycan regionda iri neft
və qaz hasilatçısı kimi də iqtisadi və siyasi öhdəliklərə şərtsiz əməl
olunmasını qarşılıqlı faydalı əməkdaşlığın
vacib amillərindən biri
kimi dəyərləndirir. Faktiki olaraq indiyədək Türkiyə, İran, Yunanıstan və
Gürcüstanı əhəmiyyətli həcmdə qazla təmin edən respublikamızın
2010-cu il yanvarın 1-dən Rusiyaya qaz nəqlinə
başlaması təkcə iqtisadi kommersiya deyil, həm də
siyasi baxımdan mühüm
əhəmiyyətə malikdir.
Uzun illər regionda siyasi
orbitr rolunda
çıxış etməyə iddialı olan
bəzi dövlətlərin
respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində
qalması, rəsmi Bakı ilə təzyiq və təhdid
dilində danışmağın mənasızlığını
dərk etməsi Azərbaycanın diplomatiyasının ən mühüm
uğurlarından biridir. Dünyanın ən
böyük dövlətlərinin belə
respublikamızla hesablaşması ilk
növbədə, qətiyyətli, inamlı, praqmatik,
reallıqlara cavab verən xarici
siyasətin nəticəsidir.
Çünki ölkə iqtidarı
xalqın dəstəyinə arxalanır, hər bir məsələdə
milli maraqları önə çəkir, dövlətin maraq
və təhlükəsizliyinə qarşı yönələn
hər hansı təhdidə
çevik müqaviməti təmin edir.
Elnur HACALIYEV
Azərbaycan.-2012.-
14 noyabr.- S.5.