YAP-ın fəaliyyət salnaməsi Azərbaycanın inkişafına xidmət edir

 

Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi qeyd olunmuşdur. H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrında tədbirdən öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizov KİV nümayəndələrinə bildirdi ki, YAP tariximizin inkişaf və yaradıcılıq salnaməsidir.

Partiya yarandığı vaxtdan bu günədək zəngin və şərəfli yol keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləmişdir. Bu gün YAP-ın hər bir üzvü dünyanın sürətlə inkişaf edən ölkəsi imicini qazanan Azərbaycanın gələcəyi naminə öz gücünü səfərbər etmişdir. YAP qarşıdan gələn dövrün daha şərəfli yaşanmasında yaxından iştirak edəcək və ölkəmizin dünya ölkələri arasında  şöhrətinin artırılmasında müstəsna rol oynayacaqdır.

E.Əzizov onu da vurğuladı ki, bu gün Sumqayıt respublikanın önəmli iqtisadi islahatlar mərkəzinə çevrilib.  Həyata keçirilən dövlət proqramlarının uğurlu  nəticəsi  Sumqayıtın simasında öz əksini tapmışdır. Artıq Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Ölkə başçısının imzaladığı fərman əsasında Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkı şəhərimizin nüfuzunun daha da artmasına təsir edəcəkdir.

Daha sonra  YAP-ın 20 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirildi. Sənədli filmdə partiyanın yaranması, inkişafı və cəmiyyətdə rolu barədə dəyərli məlumatlar səsləndirildi.   

Toplantıda çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri A.İmaməliyev   bu gün dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə YAP-ın özünəməxsus töhfələri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. O bildirdi ki, yarandığı gündən böyük, şərəfli yol keçmiş YAP tarixin onun üzərinə qoyduğu missiyanı uğurla yerinə yetirməkdədir. Son 20 il ərzində respublikamızın əldə etdiyi uğurlar, yüksək nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı YAP-ın fəaliyyət proqramının nəticəsidir.

Partiyanın hakimiyyətdə olduğu illər ərzində ölkəmiz iqtisadi, sosial sahələr üzrə  inkişaf etmiş, Azərbaycan cəmiyyətində əhəmiyyətli dəyişikliklər baş vermiş, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilmişdir. Bu gün YAP üzvlərinin sayı 600 minə çatmışdır. 20 min sumqayıtlının da üzv olduğu YAP Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sadiqdir.

Daha sonra şəhər təşkilatının 20 mininci üzvü Rəna Aslanovaya YAP-ın üzvlük vəsiqəsi təqdim edildi.

Tədbir respublikanın incəsənət ustalarının rəngarəng konsert proqramı ilə sona çatdı.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.6.