Bakıda «Yaşıl həftə» çərçivəsində Avropanın Əsas Qruplar və Səhmdarlarının Məsləhətləşmə Görüşü keçirilmişdir

 

Noyabrın 13-də "Hilton Baku" otelində "Yaşıl həftə" kampaniyası çərçivəsində Avropanın Əsas Qruplar və Səhmdarlarının Məsləhətləşmə Görüşü keçirilmişdir. "Yaşıl həftə" Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Təşəbbüs Kampaniyası (İDEA) və BMT-nin Ətraf Mühit üzrə Proqramın (UNEP) birgə layihəsidir.

Tədbirdə Azərbaycanın və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının, gənclər birliklərinin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Gənclər Təşkilatının Milli Şurasının sədri Şahin Seyidzadə bildirmişdir ki, təşkilat İDEA ilə birlikdə bir sıra layihələr həyata keçirmişdir. Onlardan biri də təbiətin qoynunda təşkil edilən yay məktəbləridir. Burada gənclərə əraf mühitin mühafizəsi, "yaşıl iqtisadiyyat" haqqında məlumat verilir. Bundan əlavə, Gənclər Təşkilatı "yaşıl düşüncə" sahəsində bir sıra layihələr həyata keçirməyi planlaşdırır".

UNEP-in Avropa üzrə regional təmsilçisi Sebastyan Duyk "Rio+20" görüşü haqqında məlumat vermişdir. O bildirmişdir ki, həmin görüşdə insan haqları ilə ətraf mühitin qorunması arasında əlaqələr ilə bağlı müzakirələr aparılmışdır. Sebastyan Duyk demişdir: "Təmiz mühitdə yaşamaq insanların ən təbii haqqıdır. İdarəetmədə insan haqlarına üstünlük verən ölkələr ətraf mühitin mühafizəsini də nəzərə almalıdır". O, həmçinin əlavə etmişdir ki, cəmiyyət beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlandırılmalıdır.

UNEP-in beynəlxalq idarəetmədə məsləhətləşmə qrupunun üzvü Artur Dahl qeyd etmişdir ki, ətraf mühitin mühafizəsi, sadəcə, dövlətlərin və beynəlxalq təşkilatların həyata keçirdikləri layihələrlə mümkün olmur. "Vətəndaş cəmiyyətinin bu sahəyə cəlb edilməsi əsas müzakirə mövzularından olmalıdır. Vətəndaş cəmiyyəti ilə iş UNEP üçün çox vacibdir", - deyə o bildirmişdir. A.Dahl söyləmişdir ki, onun təmsil etdiyi qurum həyata keçirdiyi bütün layihələrdə vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa üstünlük verir. Dövlətlər vətəndaş cəmiyyətinin ayrı-ayrı qrupları ilə birgə fəaliyyət göstərsələr, təbiətin mühafizəsində daha böyük uğurlar əldə edə bilərlər.

Tədbirdə UNEP-in yaxın gələcəkdə nəzərdə tutulan müxtəlif layihələri, planları haqqında məlumat verilmiş, "yaşıl iqtisadiyyat" qurmaqla bağlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, məsləhətləşmə görüşü bir sıra ekoloji problemlərin həllinə dair siyasətin hazırlanmasında və bu siyasətin tətbiqində Əsas Qrupların və Səhmdarların UNEP-in regional ofisləri ilə əməkdaşlığına şəraitin yaradılmasına yönəlmişdir. Eyni zamanda, görüş "yaşıl iqtisadiyyat" qurmağın yollarını, bu sahədə mövcud problemləri müzakirə etmək, təkliflər hazırlamaq üçün təşkil olunur.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.6.