«Yaşıl həftə» layihəsi çərçivəsində daha bir aksiyaya start verilmişdir

 

İDEA kampaniyası və BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) birgə layihəsi olan beynəlxalq "Yaşıl həftə" layihəsi çərçivəsində bir sıra tədbirlər və aksiyalar keçirilməkdədir.

Artıq belə aksiyalardan birinə start verilmişdir. Aksiya Parlament prospektində Milli Məclisin qarşısından başlamışdır.

Məqsəd 10 taksinin yaşıl rəngə boyayaraq, ətraf mühitin qorunması haqqında müxtəlif şüarlar yazmaqla insanlara yaşıl həftə layihəsi barədə məlumat verməkdir.

Bir ay davam edəcək aksiyada taksidən istifadə edən hər kəsə  ətraf mühitin mühafizəsi, yaşıllaşdırma proqramları barədə Azərbaycanda bu sahədə dövlətin gördüyü işlərdən danışılacaqdır.

İDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev hesab edir ki, bu aksiya insan təfəkküründə, şüurunda ətraf mühitin mühafizəsi sahəsində daha ciddi dəyişikliklərə nail olmaq üçün bir vasitədir.

Noyabrın 16-dək davam edəcək "Yaşıl həftə" layihəsi çərçivəsində müxtəlif tədbirlər, aksiyalar keçiriləcəkdir.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan İDEA Kampaniyası çoxsaylı yerli beynəlxalq layihələrə imza atır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.6.