Ağ səsin işığı
Sənət
dünyası
Muğam, mahnı və təsnifləri ilə könülləri oxşamaq, yaddaşlara yazılmaq şərəfinə çatanlardan biri də xalqımızın sevimli xanəndəsi, əməkdar artist, "Çahargah"ın mahir ifaçısı, "Şuşanın dağları"nda "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" deyən muğam ustası Sabir Mirzəyevdir. Adının kamil sənətkarlar sırasında çəkilməsi onun sözə, musiqiyə, xalqımızın milli-mənəvi dəyərlərinə yüksək qiymət verməsindən, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən irəli gəlirdi. Özünəməxsus səsi, ifa tərzi və üslubu ilə seçilən əsl sənətkarlar əbədiyaşar ömür sahibi olurlar.
Sevimli sənətkarlarımızdan olan məşhur muğam ustası Sabir Mirzəyev bir il bundan öncə, ömrünün 69-cu fəslində amansız xəstəlikdən yaxa qurtara bilmədi. Amma o, ölümə baş əymədi, sənəti və sənətkarlığı ilə mənəvi ölümsüzlük qazandı. Muğam, təsnif, xalq mahnılarının mahir biliciləri və xalqımızın sevimliləri, səsləri qızıl fondda xəzinəyə çevrilən Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Əbülfət Əliyev və başqaları kimi yaddaşlarda əbədiləşdi.
Sabir Mirzəyevin yaradıcılıq bioqrafiyası olduqca zəngindir. Müasirlərinin, müəllimlərinin və tələbə yoldaşlarının xatirələrində göstərilir ki, o, Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunmaq üçün imtahan verəndə səsindən diksinənlər hətta heyifsiləniblər də. Ondan imtahan götürən müəllim "ağ səsdir, etibar yoxdur, batacaq, heyif" deyərək ona "qeyri-məqbul" da yazıb. Bu haqsızlıqdan qeyzə gələn gənc Sabir çox əsəbi halda deyib: "Sizin hamınızı zənguləmin döşünə qatıb dənizə qədər qovaram".
Bu "uğursuzluq" Sabir Mirzəyevin sənətə olan məhəbbətini qətiyyən söndürmədi. Əksinə, texnikumun qapısını çırpıb getdiyi gündən bu sənət ocağına gündən-günə yaxınlaşdı, məşhur sənətkarlar onu yaxından tanıyıb səsini və nəfəsini bəyənərək dəstək oldular. Sabir Mirzəyev ağ səsin işığında sənət yoluna düzəldi. Az keçmədi ki, onun M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti təşkil edildi. Anşlaqlı keçən həmin konsertdən sonra Sabir Mirzəyevin adı respublikanın hər tərəfinə yayıldı.
2007-ci ildən əməkdar artist adına layiq görülən Azərbaycanın görkəmli xanəndəsi, "Çahargah" muğamının mahir ifaçısı Sabir Mirzəyev sənət fəaliyyətinə 1960-cı ildə başlamışdı. 40 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyev eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
"Səsi özünün qəniminə çevrilir", "zənguləsi başının bəlasına çevrilir", qəbul imtahanında " səsi batacaq" deyib təhsil almasından uzaqlaşdırılan Sabirin sənət yolunu dəyişməyə cəhd edənlər də tapıldı. "Qonaqlıq"lar gənc muğam ifaçısını təkcə ekran-efirdən uzaqlaşdırmadı, hətta onun fanatına çevrilənlərdən də bir müddət ayrı saldı. Bu da ona gətirib çıxardı ki, xalqın və sənət fədailərinin sevimli xanəndəsinin səs arxivi yaradılmadı. Onun haqqında teleçəkilişlər isə barmaqla sayılacaq qədərdir. Ömrünün son illərində əməkdar artist adına layiq görülən ustad xanəndə Sabir Mirzəyev istər bəmdə, istərsə də zil pərdələrdə olduqca sərbəst işləyən məlahətli səsi ilə tamaşaçı və dinləyicilərini heyran etməyi bacarırdı.
Oxuduğu mahnı bayağı, bədii cəhətdən zəif, məna etibarilə dayaz ola bilməzdi. Müasirlərinin xatirələrində göstərilir ki, Sabir Mirzəyev opera səhnəsinə dəvət olunsa da, o bundan imtina etmişdi.
İfaçılıqda fərdi üslub çox vacib və eyni zamanda asanlıqla əldə edilməyən yaradıcılıq keyfiyyətidir. Bu mənada Sabir Mirzəyev xoşbəxt xanəndələrdəndir ki, özünün dəst-xətti ifa yolu olub. Nəğməkarların bir-birini təqlid etməsi bəzən məqbul sayılsa da, hər kəs özünün boğaz xırdalıqları ilə ifaya yenilik, şirinlik gətirməlidir. Sabir Mirzəyev nəinki təqlid yolunu seçmədi, hətta onun özünü də "yamsılamaq" asan olmadı. Bənzərsiz ifaçının boğaz xırdalıqları o qədər incə, zərif və çox idi ki, hər xanəndənin nəfəsi çatmırdı. Ona görə də nə Sabir Mirzəyev təqlid etdi, nə də onun zəngulələrini təkrarlamağı bacaran oldu.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 14 noyabr.- S.10.