İmişli rayonu ərazisində məcburi
köçkünlər üçün
inşa edilmiş yeni müasir tipli qəsəbə
istifadəyə verilmişdir
Azərbaycan Prezidentinin
tapşırığına əsasən respublikanın şəhər
və rayonlarında məskunlaşmış qaçqın və
məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması uğurla davam etdirilir.
Fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış
məcburi köçkün ailələri üçün
bütün infrastrukturu olan yeni müasir qəsəbələr
salınır.
Ümumiyyətlə, 2001-2012-ci illər ərzində
26294 ailə və yaxud da 130400 nəfərdən çox daimi
məskunlaşmamış qaçqın və məcburi
köçkünlər üçün 76 qəsəbə,
hündürmərtəbəli evlərdən ibarət məhəllə
və fərdi evlər inşa edilmişdir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən
ayrılmış vəsait hesabına 1047 ailə və ya
4600 nəfər məcburi köçkün
yaşayış üçün hər cür zəruri
şərtlərə cavab verən mənzillərə
köçürülmüşdür.
Hazırda bu istiqamətdə işlər
intensiv şəkildə davam etdirilir.
AzərTAc xəbər verir ki,
noyabrın 14-də məcburi köçkünlər
üçün İmişli rayonunda inşa olunmuş daha
bir qəsəbənin açılışı olmuşdur.
Açılış mərasimində
Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov, Nazirlər
Kabineti Aparatının qaçqınların, məcburi
köçkünlərin və miqrasiya problemləri üzrə
şöbəsinin müdiri Qurban Sadıqov, Milli Məclisin
deputatları, məcburi köçkün və ətraf
rayonların icra hakimiyyətlərinin
başçıları və digər rəsmi şəxslər
iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə
evlərə baxmış, Baş nazirin müavini Azərbaycan
Prezidenti İlham Əliyevin adından tam təmirli, mebel və
digər məişət avadanlığı ilə təmin
olunmuş üçotaqlı evin açarlarını
Füzuli rayonundan olan məcburi köçkün Camal
Sadıqovun ailəsinə təqdim etmişdir. Evin sahibəsi,
qəsəbə qadınlar şurasının sədri Əsli
Sadıqova göstərilən diqqət və qayğıya
görə məcburi köçkünlər adından
dövlət başçısına dərin minnətdarlıq
etmişdir.
Sonra tədbir qəsəbədəki
tam orta məktəbdə davam etmişdir. Burada məktəbin
özfəaliyyət kollektivinin ifa etdiyi xalq mahnıları
iştirakçılara xoş ovqat bəxş etmişdir.
Baş nazirin müavini Əli Həsənov
məcburi köçkünləri Prezident İlham Əliyevin
adından yeni qəsəbənin açılışı
münasibətilə təbrik etmişdir.
Əli Həsənov, həmçinin
Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci
ildönümü münasibətilə partiya üzvlərini
və bu siyasi partiyanı dəstəkləyən bütün
insanları təbrik etmişdir.
Baş nazirin müavini demişdir ki, Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev
qaçqın və məcburi köçkünlərin
problemlərinin həllini daim diqqətdə
saxlamışdır. Ulu öndərin siyasi kursunu ləyaqətlə
davam etdirən Prezident İlham Əliyev də qaçqın
və məcburi köçkünlərə daim diqqət və
qayğı göstərir, onların problemlərinin həllinə
çalışır. Son bir neçə ildə
qaçqın və məcburi köçkünlər
üçün müasir tipli, hər cür şəraiti
olan 72 yeni qəsəbə salınmış, 120 minə
yaxın məcburi köçkün həmin qəsəbələrdə
məskunlaşmışdır. Cari ilin sonunadək daha 4 yeni
qəsəbə istifadəyə veriləcəkdir. Bu qəsəbələrdə
daha 20 min məcburi köçkün məskunlaşacaqdır.
Məcburi köçkünlər üçün yeni qəsəbələrin
tikintisi növbəti illərdə də davam etdiriləcəkdir.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə
"məskunlaşdırma prosesi" "qayıdış
proqramı" ilə əvəz olunacaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin daim inkişaf etdiyini deyən Baş
nazirin müavini bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, bir sıra
mühüm beynəlxalq tədbirlərin Bakıda
keçirilməsi bir daha sübut edir ki, dövlətimizin
nüfuzu bütün dünyada artmış, mövqeləri
daha da möhkəmlənmişdir.
Bildirilmişdir ki, Azərbaycan
Prezidentinin rəhbərliyi altında həyata keçirilən
məqsədyönlü siyasət nəticəsində
Dağlıq Qarabağ münaqişəsi öz ədalətli
həllini tapacaq, qaçqın və məcburi
köçkünlər öz doğma torpaqlarına
qayıdacaqlar. Bu cür və bundan yaxşı evlər
işğaldan azad olunacaq torpaqlarda inşa olunacaqdır.
Ə.Həsənov demişdir:
"Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən,
onun ideyalarını dönmədən həyata keçirən
İlham Əliyevin digər siyasətçilərdən əsas
fərqi ondadır ki, o, öz millətinin xoşbəxt gələcəyini
düşünür. Xalqını parlaq gələcəyə
aparır. Qədirbilən xalqımız da bu əməlləri
layiqincə qiymətləndirir və onun siyasətini dəstəkləyir.
Əminik ki, xalqımız növbəti seçkilərdə
də öz düzgün seçimini edəcək və ulu
öndərin layiqli davamçısına səs verəcəkdir".
Əli Həsənov
işğalçı Ermənistanda baş verən proseslərə
də toxunmuş, son 15 ildə 1,5 milyon, təkcə bu ilin 9
ayında isə 90 min insanın
Ermənistanı tərk etdiyini bildirmişdir. Baş nazirin
müavini demişdir ki, Ermənistan dövləti tam iflasa
uğramışdır və bu dövlətin rəhbərliyi
bunu yaxşı başa düşür. Lakin onlar xarici
havadarlarının həm təzyiqi, həm də köməyi
qarşısında öz çirkin əməllərindən
əl çəkə bilmirlər. Azərbaycan dövləti
isə daha da möhkəmlənir və inkişaf edir. Bu
inkişaf isə bizə öz problemimizi həll etməyə
imkan verir.
Sonra Füzulu rayonundan olan məcburi
köçkün Camal Sadıqov qaçqın və məcburi
köçkünlər adından çıxış
etmiş, göstərilən diqqət və qayğıya
görə Prezident İlham Əliyevə, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
minnətdarlığını bildirmişdir.
Qəsəbədə ev ilə təmin
olunmuş məcburi köçkün Ümidvar Ağayev və
İradə Miriyeva da onlara göstərilən diqqət və
qayğıya görə minnətdarlıqlarını
bildirmişlər.
Daha sonra qəsəbənin
açılışı olmuşdur. Baş nazirin
müavini, dövlət və hökumət nümayəndələri
məktəbin birinci və ikinci mərtəbələrində
ümummilli lider Heydər Əliyevin, eləcə də
Prezident İlham Əliyevin müxtəlif dövrlərdə
qaçqın və məcburi köçkünlərin məskunlaşdığı
bölgələrə səfərlərini, keçirdikləri
görüşləri əks etdirən fotoguşələrə
baxmışlar.
Məlumat üçün bildirilmişdir
ki, yeni qəsəbə Azərbaycan Prezidentinin 2004-cü il 1
iyul tarixli sərəncamı ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr
tarixli sərəncamı ilə təsdiq edilmiş əlavənin
müvafiq bəndinə əsasən tikilmişdir.
İmişli rayonu ərazisindəki fin
tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış
550 məcburi köçkün ailəsindən birinci mərhələdə
325 ailə üçün yeni yaşayış qəsəbəsi
salınmışdır.
Yeni qəsəbəyə 325 ailə və
ya 1462 nəfər məcburi
köçkün (Füzuli rayonundan 301, Ağdam rayonundan 20,
Xocavənd rayonundan 2 və Cəbrayıl rayonundan 2 ailə)
köçürüləcəkdir.
Qəsəbənin ərazisi 100 hektar
sahəni əhatə edir ki, bundan 32,54 ha qəsəbənin
tikintisi üçün, 44,96 ha isə həmin qəsəbəyə
köçürüləcək məcburi
köçkünlərə pay torpaqları kimi nəzərdə
tutulmuşdur.
Bu qəsəbədə
inşa edilmiş 325 evdən
30-u birotaqlı, 163-ü 2 ikiotaqlı, 115-i
üçotaqlı, 17-si isə dördotaqlıdır.
Bundan əlavə, qəsəbənin ərazisində
360 yerlik məktəb, 50 yerlik
uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina,
feldşer-mama məntəqəsi tikilmişdir.
Tikintinin sifarişçisi Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondudur.
Qəsəbənin elektrik və qaz təchizatı
şəbəkələri İmişli rayonunun
kommunikasiyalarına qoşulmuşdur.
Qəsəbədə qazanxana, istirahət
parkı, su anbarı, eləcə də pay torpaqlarını
və həyətyanı sahələri suvarmaq
üçün 2,7 kilometr uzunluğunda qapalı suvarma şəbəkəsi,
qrunt sularını kənarlaşdırmaq üçün isə
qəsəbə ərazisində 4 kilometr uzunluğunda drenaj şəbəkəsi
tikilmişdir.
Bu qəsəbə qaçqın və
məcburi köçkünlər üçün indiyədək
salınmış sayca 73-cü yaşayış məntəqəsidir.
Baş nazirin müavini qəsəbədə
aparılmış tikinti-abadlıq işlərindən, məcburi
köçkünlər üçün yaradılmış
şəraitdən razılığını bildirmişdir.
Azərbaycan.-2012.-
15 noyabr.- S.3.