Xalqın partiyası

 

Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin məntiqi nəticəsi idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində, dövlət müstəqilliyi qazanıldıqdan sonra yaranan partiyalar ölkəni ağır iqtisadi və siyasi böhrandan nəinki qurtara bildilər, əksinə, vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. 1992-ci ildə ölkədə hakimyyətdə olan siyasi qüvvələrin anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı.

20 il əvvələ nəzər yetirsək, görərik ki, Azərbaycan o zaman çox ağır vəziyyətdə idi. Ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma, vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Vəziyyət o qədər kritik idi ki, hətta Azərbaycan Yer üzündən silinmək təhlükəsi ilə baş-başa qalmışdı. Ayrı-ayrı siyasi partiyaların hər birinin özünün silahlı dəstələri var idi, hər biri müxtəlif yönümlü siyasət aparırdı. Xalqla bağlılıq, onun iradəsini ifadə etmək, xalqın maraqlarını qorumaq kimi məsələlər həmin vaxt hakimiyyətdə təmsil olunanları qətiyyən düşündürmürdü.

Vəziyyəti belə görən Azərbaycanın tanınmış insanları, görkəmli adamları ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Ulu öndər həmin vaxt Naxçıvan Ali Məclisinin sədri idi. Hələ 1990-cı ildə ümummilli liderin Moskvadan qayıdışından sonra da insanlarda artıq bir fikir formalaşmışdı ki, ölkəni  düşdüyü burulğanlardan çıxarmağa qadir yeganə siyasətçi Heydər Əliyevdir. Amma o zaman Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər. Lakin bu da müəyyən qüvvələri sakitləşdirmir və Heydər Əliyevə qarşı təzyiqlər davam edirdi. Eyni zamanda, istər Bakıda, istərsə də Naxçıvanda Heydər Əliyev tərəfdarlarına qarşı güclü qısqanclıq və onların təqib olunması prosesi başlamışdı. Onların bəziləri işdən çıxarıldılar. Naxçıvanda da bəzi qruplar, bəzi dairələr Heydər Əliyevin əleyhinə iş aparırdılar. Bunlar azmış kimi, 1992-ci ildə Azərbaycan Konstitusiyasına belə bir əlavə olundu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməz. Bu düzəliş də birbaşa ulu öndərə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Heydər Əliyevin tərəfdarları 18 gün Ali Sovetin qarşısında mitinq keçirdilər, aksiyalar təşkil etdilər.

Heydər Əliyevin prezidentliyə namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Çünki o dövrdə hələ siyasi partiyalar formalaşdırılmamışdı. Qanuna görə müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Həmin vaxt namizədliyi ən çox irəli sürülən şəxs də Heydər Əliyev idi. Lakin o zaman Mərkəzi Seçki Komissiyası Heydər Əliyevin namizədliyini qeydə almadı. Çünki Konstitusiyaya yaşla bağlı dəyişiklik edilmişdi. Seçkilərdən dərhal sonra Heydər Əliyevin namizədliyini müdafiə edən, yaş senzinə qarşı çıxan adamlara qarşı yeni təzyiqlər dalğası başladı. Onların üzərinə silahlı dəstələr göndərdilər, atışmalar oldu, evlərinə hücumlar çəkildi. Vəziyyəti belə görən, eyni zamanda, Heydər Əliyevi müdafiə edən insanlar fəaliyyətlərini davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. Təxminən 1992-ci ilin may ayında "Əlincə" Xeyriyyə Cəmiyyətinin sədr müavini Əli Nağıyev cəmiyyətin geniş toplantısında ümummilli liderin rəhbərliyi altında siyasi partiyanın yaranması  təklifini irəli sürdü. Toplantıda iştirak edənlər yekdilliklə bu təklifə səs verdilər.

Həmin vaxt Naxçıvanda Ümid körpüsünün açılışı ilə əlaqədar "Əlincə" Xeyriyyə Cəmiyyətindən də nümayəndələr dəvət olunmuşdu. İlk qrupda rəhmətlik Murtuz Ələsgərov, Ziyafət Əsgərov, Munis Bayramov və mən təmsil olunmuşduq. Mayın 28-də ümummilli lider ilə görüşdə  partiyanın yaradılması barədə fikir mübadiləsi aparıldı. Ondan sonra Əli Nağıyev, Murtuz Ələsgərov, Fərəməz Maqsudov, Hacıbala Abutalıbov, Ağabəy Əsgərov, Məzdək Hüseynov, Rizvan Vahabov və Munis Bayramov  iyul ayının 13-də Naxçıvan MR-ə səfər etdilər. Demək olar ki, "Əlincə" Xeyriyyə Cəmiyyətinin xətti ilə dəstə-dəstə insanlar Naxçıvana gedirdilər. Təklif olunurdu ki, Heydər  Əliyevin rəhbərliyi ilə partiya yaradılsın. Amma Heydər Əliyev buna əvvəllər razılıq vermirdi. Deyirdi ki, bir partiyada olmuşam bundan sonra heç bir partiyaya rəhbərlik etmək istəmirəm. Lakin ölkəmizdə baş verən hadisələrdən sonra Azərbaycanı sevən insan kimi Heydər Əliyev də gördü ki, artıq yeni partiya yaradılmasına zərurət var. Bu ərəfədə 91-lərin Heydər Əliyevə müraciəti oldu. Heydər Əliyevin 91-lərə cavabı kifayət qədər təsirli idi və dövrün mənzərəsini dolğun şəkildə təsvir edirdi. Cavabda ulu öndər belə bir partiyanın yaranmasına razılıq vermişdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat rəhbərliyi Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədiyi üçün 50 nəfər adam burdan Naxçıvan Muxtar Respublikasına getmişdi.

Beləliklə, 21 noyabr 1992-ci ildə 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Ona qədər partiyanın yaradıcılarına qarşı iki böyük hadisə olmuşdu. Muxtar respublikada oktyabrın 24-də Daxili İşlər Nazirliyini və televiziyanı tutdular. Ali Məclisə silahlı basqın gözlənilirdi. Lakin xalq ayağa qalxaraq təxribatçıları uzaqlaşdırdı və bundan artıq təxribatlara imkan vermədi. Həmçinin Bakıda Heydər Əliyevin tərəfdarlarını, 91-ləri prokurorluğa çağırıb hədələyirdilər. O vaxt insanları Bakı Şəhər Prokurorluğuna çağırırdılar ki, niyə müraciətə imza atmısınız. İmza atanlar fiziki təqiblərə də məruz qalırdılar. Məsələn, partiyamızın sədr müavini, rəhmətlik Murtuz Ələsgərovu həmin ərəfədə döymüşdülər. Yəni, bu partiyanın yaradıcısı olan insanların hər birinə qarşı belə təqiblər başlandı. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra Azərbaycanın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunu görən AXC-Müsavat iqtidarı bütün Azərbaycan üzrə fövqəladə vəziyyət elan etdi. Çünki fövqəladə vəziyyətdə toplantı və yığıncaqlar qadağan olunur. Adətən, fövqəladə vəziyyət şəhərlərdə olur, lakin həmin vaxt ən kiçik bölgədə belə fövqəladə vəziyyət elan olundu. Yadımdadır, Zərdab rayonunda təsis konfransı olmalı idi. Səhər məkana çatanda məlum oldu ki, axşam fövqəladə vəziyyət elan olunması barədə qərar qəbul edilib. Ona görə iclası keçirmək mümkün olmadı. Həmin vaxt bu cür hallara çox rast gəlinirdi.

Bu təzyiqlərə baxmayaraq partiya yarandı və artıq iyun ayında hakimiyyətə gəldi. Buna partiyamızın bütün strukturları tam şəkildə hazır idi. O vaxt elan etmişdilər ki, parlament seçkiləri keçirmək istəyirlər. Əgər seçkilər keçirilsəydi, YAP parlamentdəki yerlərin əksəriyyətini götürəcəkdi və parlamentdə çoxluğu əldə edəcəkdi. Çünki ölkənin tanınmış insanlarının hamısı YAP-a toplaşmışdı. Həmin vaxt Milli İstiqlal Partiyasında olanların böyük əksəriyyəti YAP-a qoşuldu. Xalq Cəbhəsindən çoxlu insanlar YAP-a gəldi. Onlar YAP-ın tutduğu düz xətti, yolu, istiqaməti gördükdən sonra onun sıralarına qatılırdılar.

Həmin dövrdə Azərbaycan siyasi palitrasında millətçi yanaşma çox populyar idi. Keçmiş kommunistləri və sosial demokratları çıxsaq, demək olar ki, bütün siyasi təşkilatlar fəaliyyətini daha çox milliyyətçilik üzərində qururdular. Sonradan isə hamısı nizamnamələrini dəyişdilər. Yeni Azərbaycan Partiyası yaradılarkən çox adam  fikirləşirdi ki, bunu millətçi bir partiya kimi yaradaq, adını da elə bu istiqamətdə qoyaq. Amma Yeni Azərbaycan Partiyası sağ mərkəzçi istiqaməti götürərək bu günə qədər də fəaliyyətini bu prinsiplər əsasında davam etdirir. Biz düşünürük ki, millətə, xalqa xidmət etmək üçün vacib deyil ki, partiyanın adını millətçiliklə bağlayasan.  Əslində, millətçilik bir dəyər kimi, bizim partiyamızın siyasi-ideoloji fəaliyyətində öz yerini tapıb, amma biz bunun sivil formasını üstün tuturuq. Hesab edirəm ki, bizim mənimsədiyimiz dəyərlər, bu baxışlar sistemi  bundan sonra da uzun onilliklər aktual olacaq. Bu, yenə də ümummilli liderin qərarının nə dərəcədə doğruluğunu, Heydər Əliyevin uzaqgörən bir siyasi lider olduğunu ortaya qoyur.

Yeni Azərbaycan Partiyasının Nizamnaməsini Heydər Əliyev özü yazıb. Bu nizamnamə partiyamız üçün proqram xarakteri daşıyır və indiyə qədər qüvvədədir. Bu, təkcə partiyamızın deyil, Azərbaycanın da gələcək inkişafını əks etdirən proqramdır. Oradakı əsas prinsiplər - azərbaycançılıq, dövlətçilik, sosial ədalət və digərləri bu gün ölkəmizdə ali prinsiplər kimi həyata keçirilir. Bu, təbii ki, ulu öndərin uzaqgörənliyinin nəticəsidir.

Yeni Azərbaycan Partiyasının proqramı sonradan dövlətin inkişaf proqramına çevrildi və dövlətin sütunları bu proqram əsasında qurulmağa başladı. Azərbaycanın ən çətin və ağır vaxtında Yeni Azərbaycan Partiyası bütün məsuliyyəti öz üzərinə götürərək dövlətçiliyimizi qorudu. İdarəçiliyin 10 qızıl şərtindən birincisi ictimai sabitlikdir. İctimai sabitlik olmayan yerdə hər hansı bir iqtisadi inkişafdan, vətəndaş həmrəyliyindən danışmaq mümkün deyil. Ona görə də, ilk olaraq, Azərbaycanda ictimai sabitlik yaradıldı, ölkəmizdəki qanunsuz silahlı qruplar ləğv edildi. ABŞ Prezidenti Bill Klinton 1995-ci ilin mart hadisələrindən sonra Heydər Əliyevə məktub göndərmişdi. Həmin məktubda belə bir fikir öz əksini tapmışdı ki, "Azərbaycanda dövlət çevrilişi kimi bir vəba xəstəliyinə Siz son qoydunuz". O vaxta qədər Azərbaycanda dövlət çevrilişi vəba xəstəliyi kimi yayılmışdı. Bir adam hakimiyyətə gələn kimi digərləri silahlı dəstə yaradırdı ki, onu hakimiyyətdən salsın, hakimiyyəti mənimsəsin. İlk olaraq, Azərbaycanda çox  təhlükəli olan bu ənənəyə son qoyuldu, dövlət idarəçiliyinə demokratik ab-hava gətirildi. Bundan sonra iqtisadi islahatlara start verildi. Bu sahədə  xeyli iş görüldü. Vaxtilə bütün müəssisələr dağıdılmış, onların texnikaları, avadanlıqları xarici ölkələrə satılmışdı. Ölkədə olan müəssisələr fəaliyyət göstərmirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu müəssisələrin bərpası, yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması, bir sözlə, bütün sahələrdə islahatların aparılması yönündə geniş fəaliyyət proqramları qəbul olundu və onların icrasına başlanıldı. Ölkəmizdə tənzimlənən bazar iqtisadiyyatı qurulmağa başlandı. Bu, çox geniş bir mənanı ifadə edir. Azərbaycan postsovet ölkələri sırasında torpaq islahatları həyata keçirən ilk dövlət idi. Bundan qabaq 1992-ci ildə ulu öndər Naxçıvanda bu islahatları həyata keçirmişdi. Digər sahələrdə də yeni proqramlar qəbul olundu və ölkə iqtisadiyyatı yenidən qurulmağa başlandı. 1993-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 200-300 milyon dollar idisə, bu gün 22 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi 10 dəfələrlə artıb. Təbii ki, bütün bunlar Azərbaycanda həyata keçirilən islahatların uğurlarıdır və Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsinin sayəsində baş vermişdir.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının ilk qurultayı keçirildi. Bu qurultaydan sonra partiya həyatında çox böyük dəyişikliklər baş verdi. Həm partiyanın siyasi şurasının, həm idarə heyətinin tərkibi yeniləndi, Partiya sədr müavinliyi və icra katibliyi kimi yeni strukturun yaranması istiqamətində yeniliklər etdi. Bunun özünün çox böyük əhəmiyyəti vardı. Cənab Prezident, partiyamızın sədri İlham Əliyev o qurultayda partiyanın Sədr müavini seçildi. Partiyanın operativ idarə edilməsi üçün icra katibliyi yaradıldı. Buna qədər partiyanın sədri və sədr müavinləri partiya idarəçiliyinə məsul idilər. Amma onlar dövlət idarəçiliyində də təmsil olunduqları üçün partiyanın operativ idarəçiliyinə hər zaman diqqət ayıra bilmirdilər. Çünki paralel olaraq onların hər biri dövlət vəzifəsi daşıyırdılar. Artıq partiyanın icra katibliyi aparatı genişləndiriləndən sonra yerlərdə də partiya aparatlarının yaradılması prosesi başlandı. Bəlkə də dünyada ən işlək sistem elə Yeni Azərbaycan Partiyasının sistemidir. Dünya siyasi partiyalarının toplantılarında da Yeni Azərbaycan Partiyasının sistemi məruzələrdə təqdir olundu. Həmin məruzələrdə də xüsusilə qeyd olunurdu ki, biz üstünlüyü mərkəzə yox, yerlərə yönəltmişik. Elə partiyalar var ki, bütün işçilərini mərkəzi qərargahda toplayıb, yerlərdə isə heç bir fəaliyyəti yoxdur. Ona görə də belə partiyaların seçki prosesində əhali ilə iş qurmaq prosesində problemləri  böyük olur. Amma bizdə artıq bu məsələ həll olunub: əsas güc mərkəzləri yerlərdədir, çevik idarəçilik sistemi ilə mərkəzdən bunların hamısı həyata keçirilir. Bu baxımdan, heç  bir seçkidə Yeni Azərbaycan Partiyasının problemi olmur. İmzaların  toplanmasında, müşahidəçilərin təyin olunmasında, seçicilərlə görüşlərin, müxtəlif tədbirlərin təşkil olunmasında müvafiq işlər görülür.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının istər rayon təşkilatlarında, istər siyasi şurasında, istərsə də idarə heyətində təmsil olunan insanların əksəriyyəti yeniləri ilə əvəz olunub. Məsələn, partiyanın rayon təşkilatlarının sədrlərindən ötən 20 ildə cəmi 3 nəfəri dəyişməyib. Qalanları müxtəlif dövrlərdə öz yerini başqalarına təhvil verib. Olub ki, hansısa sədr müxtəlif səbəblərdən öz vəzifəsini icra edə bilməyib və o özü sivil şəkildə geri çəkilərək başqa bir namizədə postunu təhvil verib. Hər il partiyanın sıraları genişlənir. Orta hesabla hər il 40 min nəfərə qədər yeni üzv partiya sıralarına qoşulur. O cümlədən, rayon təşkilatlarının da sıraları genişlənir. Hər konfransda rayon təşkilatları şuralarının, idarə heyətlərinin tərkibinin təxminən 30 faizi dəyişir, bəzən sədrlər, bəzən onların müavinləri yeniləri ilə əvəz olunur. Kim yaxşı işləyirsə, o, təbii ki, qalır, işinin öhdəsindən gələ bilməyənlər isə yerini başqa bir şəxsə verir. Eyni şəkildə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində və qadınlar şurasında da islahatlar həyata keçirilir. Mən özüm partiyanın gənclər birliyinin ilk sədri olmuşam. 10 il sədr olduqdan sonra düşündüm ki, həm yaş baxımından, həm düşüncə baxımından onlara yeni sədr lazımdır və biz hamımız, sədr və müavinlər istefa verdik. Bundan sonra gənclər birliyinin rəhbərliyinə yeni heyət seçildi. Çünki bu partiya heç kəsin deyil, bütövlükdə ümumxalq partiyasıdır. Bu baxımdan da partiyamızda mütəmadi olaraq islahatlar gedir.

Opponentlərimizdə isə bu istiqamətdə heç bir iş görülmür, 20 il bundan öncə necə idisə, elə də qalır. Yaranandan bir neçə nəfər partiya rəhbərliyini ələ keçiriblər, partiyanı da inkişafa qoymurlar. Ona görə də tənəzzülə uğrayıblar. Götürək Azərbaycan Xalq Cəbhəsi Partiyasını. Tərkibindən 8 partiya yaranıb. Elçibəyin müavinlərinin hərəsi özünə bir partiya yaradıb. O cümlədən, Müsavat Partiyasında İsa Qəmbərin müavinləri başqa partiyalara qoşulurlar. Çünki onlar görürlər ki, bu adamlar partiyalarını qabağa apara bilmirlər, əksinə, geri çəkirlər. Bu partiyalara niyə yeni üzvlər qəbul olunmur? Çünki bu partiyaların liderləri hər şeyi mənimsəyiblər. Gənclərə meydan verilmir, insanlara fəaliyyət üçün şərait yaradılmır. Parlament seçkilərində, bələdiyyə seçkilərində biz bunu dəfələrlə müşahidə etmişik. Bələdiyyə seçkilərində bizim irəli sürdüyümüz namizədlərin təxminən 30 faizi gənclər, 20 faizdən çoxu qadınlar idi. O cümlədən, parlament seçkilərində də bu təbəqədən olan insanlara şans verməyə çalışırıq. Amma müxalifət partiyalarının fəaliyyətində biz bunu müşahidə etmirik. Neçə illərdir namizədliyini irəli sürüb, məğlub olan adamlar iddialarından əl çəkmirlər. Halbuki onlar kənara çəkilib yeni nəslə şans verməlidirlər ki, inkişaf olsun.

Yeni Azərbaycan Partiyasının II qurultayı da bir sıra yeniliklərlə və qəbul olunmuş mühüm qərarlarla böyük əhəmiyyət kəsb etdi. 2001-ci ildə keçirilən II qurultayda cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini seçildi. Bu, partiyanın fəaliyyətinin genişləndirilməsinə çox böyük stimul oldu. Partiyanın boy artımı prosesini təhlil edərkən görürük ki, cənab  İlham Əliyevin YAP sədrinin birinci müavini seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının sıraları sürətlə genişlənməyə başladı. Xüsusilə, gənclərin və orta nəslin nümayəndələrinin YAP-a üzv olması geniş hal aldı. Hətta biz məcburiyyət qarşısında qalıb üzvlüyə qəbul prosedurunu bir az çətinləşdirirdik.

Yeni Azərbaycan Partiyasının III qurultayında cənab Prezident İlham Əliyev partiyanın sədri seçildi. Bu, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı idi. İstər partiyanın idarəetmə sistemində, istər partiyanın beynəlxalq əlaqələrinin genişlənməsində, maddi-texniki bazasının möhkəmlənməsində və partiya həyatının digər sahələrində çox ciddi dəyişikliklər baş verdi.

Partiyanın IV qurultayı isə 2008-ci ildə keçirildi və bu qurultayda bilirsiniz ki, biz Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezident seçkilərində namizədliyini irəli sürdük. Növbəti qurultayımız gələn il olacaq və biz bu addımı yenidən təkrarlayacağıq.

Hər bir siyasi təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri seçkilərdə iştirak etməkdir. 1993-cü ildən bəri ölkədə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası seçkilərə 1 il qalmış bütün fəaliyyətini tamamilə seçkiyə yönəldir. Seçkilərə bir il qalmış yerlərdə bütün rayon təşkilatlarının konfransları keçirilir, hesabatlar qəbul olunur, rayon təşkilatlarının fəaliyyəti sərf-nəzər olunur. O cümlədən, idarə heyətində, şurada bu işlər aparılır. Hər seçki məntəqəsi ətrafında bizim ərazi ilk partiya təşkilatımız var. Ümumilikdə 8 minə yaxın ərazi ilk partiya təşkilatımız fəaliyyət göstərir. Elə seçki məntəqələri var ki, onun ərazisində 2 ərazi ilk partiya təşkilatımız var. Seçkilər qurtaran kimi biz dərhal bir ay ərzində ilkin hesabat hazırlayırıq, hansı məntəqədə vəziyyətimiz necə olub, harada çatışmazlıqlar yaranıb, bunun səbəbləri nədir, harada işlər daha keyfiyyətli qurulub - bütün bunlar təhlil edilir. Ondan sonra artıq növbəti seçkilərə daha güclü hazırlaşırıq. Növbəti seçkilərə qədər isə seçkilərdə əhali qrupları ilə işləyəcək partiya fəalları ilə treninqlər keçiririk. Məsələn, deyə bilərəm ki, biz indidən seçkilərdə imza toplayacaq şəxslərin siyahısını hazırlayırıq. Onlar üçün kurslar təşkil edirik. Eyni zamanda, kimlər bizim müşahidəçilərimiz olacaq bununla bağlı təhlillərimizi aparırıq. Yəni, bizim üçün seçkilərə hazırlıq 2 ayı əhatə etmir. Biz bir seçki başa çatan kimi artıq növbəti seçkiyə hazırlığa start veririk. Təbii ki, bir il qalmış işlərimizi daha da fəallaşdırır və fəaliyyətimizi tamamilə bu yöndə qururuq. Amma təəssüflər olsun ki, bəzi müxalifət partiyaları seçkilər başlayana qədər heç namizədlərini də müəyyənləşdirə bilmirlər. Namizədini müəyyənləşdirə bilmirsə, onun təbliğatını hansı proqram əsasında qura bilər? Bunları qarşılıqlı müqayisə edəndə əslində, seçkilərdə uğur gətirən səbəblərin nə olduğu daha aydın anlaşılır. Təbii ki, birinci şərt namizədin özüdür. Bu gün Azərbaycan xalqı Prezidentini sevir, əminəm ki, növbəti seçkilərdə də yekdilliklə ona səs verəcək.

İkinci şərt, namizədlərə təşkil olunan proqramdır. Bu mənada da bizim namizədimizin kifayət qədər resursları var. Bu resurslar ölkədə gedən inkişafdır, yoxsulluğun aradan qaldırılması, regionların inkişafı, müasirləşməsi, Azərbaycan vətəndaşının həyat şəraitinin gündən-günə yaxşılaşması istiqamətində görülən işlər, ölkəmizdə bütün sahələrdə əldə olunan böyük nailiyyətlərdir. Azərbaycanda 3000-dən artıq məktəb tikilib, səhiyyə ocaqları, diaqnostika mərkəzləri tikilib, yeni yollar salınıb, körpülər inşa olunub, müasir standartlara cavab verən yeni müəssisələr istifadəyə verilib ki, orada da çalışanların böyük əksəriyyəti azərbaycanlılardır. Vətəndaşlar bunları görür və təbii ki, istəyir ki, bu işlər gələcəkdə də davam etdirilsin.

Ötən 20 ildə Yeni Azərbaycan Partiyası həqiqətən, çox böyük inkişaf yolu keçib, addım-addım böyüyüb, mərhələ-mərhələ inkişaf edərək bu günümüzə qədər gəlib çatıb. Hesab edirəm ki, bu, çox böyük bir hadisədir. Dünya ölkələrinin partiyaları tarixində bu cür sürətlə inkişaf edən partiya yoxdur. Görürsən ki, hansısa partiya bir seçkidə qələbə çalır, sonrakı seçkilərdə məğlub olur. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bu günə qədər keçirilən bütün seçkilərdə qalib gəlib. Hətta bələdiyyə seçkilərində bizdən xahiş ediblər ki, siz partiya şəklində iştirak etməyin. Çünki onların namizədləri yoxdur. Bizdə isə namizədlər çoxdur. Bu, bəzi hallarda müəyyən çətinliklər yaradır. Parlament seçkilərində biz namizədlərlə bağlı bəzən çox sərt tədbirlər həyata keçirməyə məcbur olurduq. Çünki namizədlər çoxdur, onların əksəriyyəti layiqlidir amma biz səslərin parçalanmasının qarşısını almaq üçün bu tədbirləri görmək məcburiyyətində qalırıq. Çünki biz layiqlilər içərisindən ən layiqlisini seçməliyik. Bax, bu şəkildə fəaliyyət göstərərək, gərgin əmək sərf edərək bu günlərə qələbələrlə gəlmişik və inanıram ki, bundan sonra qələbələrimiz daha da artacaq.

Yeni Azərbaycan Partiyasının dəyişməz hədəfləri Azərbaycanın daha da güclü olması, xalqımızın daha da yaxşı yaşaması, insanlarımızın xoşbəxt olması, Azərbaycanda vətəndaş həmrəyliyinin güclü olması üçün var qüvvə ilə çalışmaqdır. Biz Azərbaycanda siyasi sistemin daha da təkmilləşməsi üçün müvafiq addımlar atırıq. İndi əsas prioritetlərdən biri də budur ki, biz gələcək prezident seçkilərinə hazırlaşırıq. Tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdən də qələbə ilə çıxacaq.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionda analoqu olmayan bir partiyadır. Bu gün nəinki bizi əhatə edən dövlətlərdə, hətta başqa dövlətlərdə də Yeni Azərbaycan Partiyası qədər qüdrətli olan, xalqa, dövlətə xidmət edən ikinci bir partiya yoxdur. Ona görə də Yeni Azərbaycan Partiyasına ümumxalq partiyası deyirlər. Burada milliyyətindən, dinindən, sosial mənşəyindən asılı olmayaraq, xalqın bütün nümayəndələri Yeni Azərbaycan Partiyasının üzvləridir.

Yeni Azərbaycan Partiyasının yubileyi ilə bağlı çoxlu sayda tədbirlər keçirilir. Demək olar ki, bütün rayon və şəhər təşkilatlarımızda artıq bu tədbirlər reallaşdırılıb. Hər bir rayonda ardıcıl bir neçə tədbirlər, o cümlədən idman yarışları, bilik olimpiadaları, inşa müsabiqələri, musiqi festivalları keçirilir. Bu yarışlarda qələbə çalan komandalar respublika üzrə keçirəcəyimiz böyük yarışlarda iştirak etmək hüququ qazanırlar. Partiyamız qarşısında xidmətləri olan partiya üzvlərimiz mükafatlandırılır. Hər il olduğu kimi, bu il də böyük ağacəkmə kampaniyası təşkil edəcəyik. Həmçinin partiyamızın yubileyi ərəfəsində Bakıda Asiya Ölkələri Siyasi Partiyalarının Baş Assambleyasının toplantısı keçiriləcək və həmin tədbirdə 56 ölkədən 400-ə yaxın nümayəndə ölkəmizə gələcək ki, onların içərisində ayrı-ayrı ölkələrin rəsmi şəxsləri, deputatlar, tanınmış siyasətçilər də var.

 

 

Siyavuş NOVRUZOV,

Yeni Azərbaycan Partiyası icra

katibinin müavini,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 15 noyabr.- S.4.