Naxçıvanda Yeni
Azərbaycan Partiyasının 20 illiyi qeyd edilmişdir
Azərbaycanın
son dərəcə ağır bir dövründə - ötən əsrin
90-cı illərində Naxçıvanda ulu
öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası dövlət
müstəqilliyimizin möhkəmləndirilməsinin və
ölkəmizin hərtərəfli yüksəlişinin əsas
təminatçısı olmuşdur. Ötən müddətdə Yeni Azərbaycan Partiyası böyük
yol keçmiş, əsas
hərəkətverici siyasi təşkilata
çevrilmişdir. Partiyanın yubiley tədbirləri ölkəmizin hər
yerində olduğu kimi,
muxtar respublikada da silsilə tədbirlərlə qeyd edilmişdir.
Noyabrın 14-də
Naxçıvanda Yeni Azərbaycan
Partiyasının yaradılmasının 20 illiyi
münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə Yeni
Azərbaycan Partiyasının və müstəqil Azərbaycan
Respublikasının qurucusu və
memarı, ümummilli lider
Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsi
önünə gül qoymuş,
ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ilk təsis konfransının keçirildiyi
Cəlil Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili Dram
Teatrında davam etdirilmişdir.
Yubiley tədbirində
çıxış edən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xatırlatdı ki,
Yeni Azərbaycan Partiyası ölkəmizin
siyasi həyatında gərgin proseslərin
getdiyi bir dövrdə
yaranmışdır. Partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev
həmin dövrdə mövcud vəziyyət,
Azərbaycanın parçalanmasına yönəlmiş cəhdlər
barədə danışaraq demişdir:
"Azərbaycan xalqı ölkəmiz üçün
həlledici məqamda bir yumruq
kimi Heydər Əliyevin ətrafında
birləşdi və Heydər Əliyevin ideyalarına, onun siyasətinə, onun
dünyabaxışlarına, onun fəlsəfəsinə
sadiqliyini bir daha göstərdi".
Bu tarixi yubiley günündə partiyanın və
müstəqil Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər
Əliyevin əziz xatirəsini dərin ehtiramla
yad edirik. Qədim
Şərq filosofları deyirdilər ki,
dövlətin inkişafı iki amildən
asılıdır: onlardan birincisi
xalqın dəstəyini qazanan müdrik şəxsiyyətin
olmasıdırsa, ikincisi xalqı arxasınca
aparan sağlam
ideologiyanın olmasıdır. Xalqın dəstəyini
qazanan ümummilli lider müstəqilliyimizi qorumaq
və daha da möhkəmlətmək,
ölkənin parçalanmasının
qarşısını almaq və düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas etmək üçün
möhkəm təmələ söykənən ideologiya əsasında Yeni
Azərbaycan Partiyasını siyasi fəaliyyət
müstəvisinə çıxardı. Partiyanın
qarşısına qoyduğu məqsədlərdən
danışan ulu öndərimiz həmin
dövrdə deyirdi: "Yeni Azərbaycan Partiyası mövcud
vəziyyətdə bütün Azərbaycan
xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır
dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi
üçün zamanın tələblərinə
uyğun olaraq
yaranmış bir partiyadır".
Partiyanın
yaradılmasından ötən 20 il tam sübut etmişdir ki, müstəqil
Azərbaycanın inkişafı ulu
öndərin müəyyənləşdirdiyi siyasi-hüquqi konsepsiya və
sosial-iqtisadi tərəqqi modeli
əsasında mümkündür. Bu inkişaf modelinin əsası
ötən əsrin 70-ci illərindən qoyulmuşdur.
Ümummilli lider o dövrdə yaranan imkanlardan istifadə etməklə Azərbaycanı
özünə qaytarmış, ölkəmiz ittifaq
dövlətinin aqrar əlavəsindən
sənaye kompleksinin, tikintinin,
elmin, təhsilin, səhiyyə və mədəniyyətin
yüksək inkişaf həddinə
çatdığı qabaqcıl respublikaya
çevrilmişdi. Ulu
öndərin Azərbaycanda hakimiyyətinin birinci
dövrünü əhatə edən 14 il ərzində 300-ə yaxın zavod, fabrik, istehsalat sahələri tikilib
istifadəyə verilmişdi. Kimya və neft maşınqayırma sənayesi müəssisələri
tamamilə yenidən qurulmuş, mikrorayonlar, qəsəbə və şəhərlər
salınmışdı. Qısa müddətdə elektronika, radiotexnika, kosmos, aviasiya, hesablama texnikası istiqamətli obyektlərin
yaradılması Azərbaycanın gələcəyinə
istiqamətlənmiş müdrik siyasətin
nəticəsi idi. Ümummilli
liderin partiya və
dövlət rəhbəri kimi siyasi fəaliyyətinin ikinci
dövrü Yeni Azərbaycan
Partiyasının yaranması, hakim partiya statusu qazanması və
müstəqil dövlət quruculuğu məsələləri
ilə bağlıdır.
Ali Məclisin Sədri ulu öndərin
"Vəziyyət elə təhlükəli xarakter
almışdı ki, 1991-ci ildə
yaranmış müstəqil dövlətimiz qəsdən və
yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə
üz-üzə qalmışdı" - fikirini
xatırladaraq dedi ki, dövlət müstəqilliyinin
itirilməsi təhlükəsi Azərbaycanda yeni
siyasi hərəkatın yaranmasına, yeni siyasi gücə böyük ehtiyac doğurmuşdu. Bu siyasi gücü
ortaya Azərbaycan xalqının qətiyyəti
qoymuşdu. Ötən əsrin 90-cı
illərində öz liderinin
ətrafında birləşən xalqımızın siyasi iradəsi o vaxtlar Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
işləyən ulu öndərə
ünvanlanmış 1992-ci il 16 oktyabr tarixli "Azərbaycan
sizi
gözləyir" müraciətində öz
əksini tapmışdı. Tanınmış elm və mədəniyyət xadimləri,
ziyalılar tərəfindən imzalanmış həmin
müraciətdə deyilirdi: "İndiki vəziyyətdə bu
çətin, məsuliyyətli işi öz öhdəsinə götürməyə
qadir yeganə şəxs Sizsiniz!
Siz bu gün siyasi,
iqtisadi, hərbi və mənəvi blokadada olan
Naxçıvan Muxtar Respublikasını
məhz öz şəxsi nüfuzunuz
və uzaqgörən diplomatik səriştənizlə
qoruyub saxlayır və idarə edirsiniz... İstərdik ki,
bu işləri bütün
Azərbaycan üçün görəsiniz...
Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı
gözləyir". Ümummilli lider bu müraciətə
8 gündən sonra "Yeni,
müstəqil Azərbaycan uğrunda"
çağırışı ilə başlayan
tarixi cavab verdi. 1992-ci il oktyabrın
24-də mətbuatda dərc olunmuş cavab məktubunda dahi
öndər yaranmış vəziyyətdən
çıxış yolunu milli dövlətçiliyin, müstəqilliyin
bərqərar olunmasında, Azərbaycanın suverenliyinin,
təhlükəsizliyinin təmin edilməsində və vətəndaşlara
azad, xoşbəxt, firavan
həyat şəraitinin yaradılmasında görürdü.
Cavab məktubunda deyilirdi:
"Müstəqil Azərbaycan dövlətinin
gələcək həyatının və fəaliyyətinin
əsasını təşkil edən demokratiya
və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən
Yeni Azərbaycan Partiyasının
yaradılması obyektiv zərurətdən
doğur".
Bundan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
Yeni Azərbaycan Partiyası təsis olundu. Xalq Cəbhəsi-Müsavat cütlüyü
partiyanın Bakı şəhərində təşkilatlanmasına
imkan vermədiyindən, ölkəmizin
müxtəlif bölgələrindən gəlmiş 550-dən
artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada
vəziyyətinə görə kəskin enerji
çatışmazlığı şəraitində yaşayan Naxçıvanda keçirildi. Ulu öndər
həmin günü belə
xatırlayırdı: "Biz 1992-ci ilin şaxtalı bir
günündə, istilik olmayan
bir zalda,
Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda
oturaraq ilk
konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə
sürtürdük. Amma
iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə
çox nikbinliklə baxırdıq... Məni
sevindirən odur ki,
ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans
ölkənin və partiyanın böyük
inkişaf yolunu təmin
etdi".
Xalqımızın
və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə
meydana çıxan Yeni
Azərbaycan Partiyası milli dövlətçiliyimizin
inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi
mərhələnin əsasını qoydu.
Güclü sosial
bazası, praqmatik və gerçəkliyə
əsaslanan bitkin proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan
Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması XX əsr
Azərbaycan tarixinin mühüm
hadisəsi idi. Yeni Azərbaycan
Partiyasının təsis edilməsindən 7 ay
sonra dahi liderin ali hakimiyyətə
ikinci qayıdışı ölkənin
düşdüyü ağır problemlərdən
xilasının başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyası
yarandığı gündən ölkəmizin müstəqilliyinin
qorunması, dövlətçiliyin möhkəmləndirilməsi,
iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar
olunması istiqamətində ardıcıl mübarizə
aparmışdır. Bu partiya qısa zamanda
sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi,
demokratik, dünyəvi Azərbaycan
dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata
keçirən real siyasi
qüvvə kimi özünü
təsdiq etdi, müxalifət
partiyasından hakim partiyaya,
siyasi partiyadan ümumxalq partiyasına çevrildi.
Bu gün ölkəmizdə
Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan
kütləvi və dayanıqlı, siyasi
proseslərə həlledici təsir imkanı olan
ikinci bir partiya mövcud deyil. Yeni Azərbaycan
Partiyasının gücü nədədir?
Ölkə Prezidenti, partiyamızın sədri
cənab İlham Əliyev bu
barədə belə deyir: "Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə
onun əvəzsiz lideri
Heydər Əliyevdir. Yeni Azərbaycan
Partiyasının gücü bundadır ki, onun təməlində
duran prinsiplər əməli surətdə
həyata keçirilir. Yeni
Azərbaycan Partiyasının gücü
ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin
daxili və xarici siyasətini
xalq bəyənir və dəstəkləyir".
Yeni Azərbaycan
Partiyasının gücü həm də
onun ideyalarının və cəmiyyət
həyatının ən müxtəlif məsələlərinə
dair konseptual
baxışlarının məhdud zaman
çərçivəsində deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır.
Məhz bu amili əsas
götürərək ümummilli lider deyir: "Yeni Azərbaycan Partiyası Azərbaycanın
dünəninin, bu gününün
və gələcəyinin partiyasıdır".
Ulu öndərin və onun qurucusu olduğu
partiyanın ən böyük
uğurlarından biri də siyasi varislik probleminin uğurla həll
edilməsi, Azərbaycanın işıqlı gələcəyinə
təminat yaradılmasıdır. Böyük
dövlət xadimi Heydər Əliyev
2003-cü il oktyabrın 1-də Azərbaycan
xalqına müraciətində yazırdı: "Mənim hələ
tamamlanmamış çox perspektivli planlarım var.
İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan
sonra da
xalqımızın layiqli
övladlarını öz ətrafında
birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər
görəcəklər".
Yola saldığımız ötən illər göstərdi
ki, Yeni Azərbaycan
Partiyasının qüdrəti öz əksini
ulu öndərin tarixi
prosesləri qabaqlayan müdrikliyində və
ölkə Prezidenti cənab İlham Əliyevin liderlik
keyfiyyətlərində tapmışdır. Ölkə rəhbəri
tərəfindən gerçəkləşdirilən böyük iqtisadi
layihələr, beynəlxalq aləmdə qazanılan nailiyyətlər,
dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata
keçirilən uğurlu milli
dirçəliş və dövlətçilik siyasəti, eyni zamanda, Yeni
Azərbaycan Partiyasının real gücünün ifadəsidir. Məhz Heydər
Əliyev yolunun, ulu
öndərin milli dövlətçilik
konsepsiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycanı
əsl tərəqqiyə qovuşdurmuş,
regionda lider dövlətə
çevirmişdir. 20 illik
şanlı tarixi ərzində Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər partiyanın
Naxçıvan Muxtar Respublikası Təşkilatının fəaliyyətində
də özünü göstərməkdədir.
Ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan Yeni
Azərbaycan Partiyasının Naxçıvan Muxtar
Respublika Təşkilatı yüksək inkişaf və təşkilatlanma yolu keçmiş,
partiyanın sıraları cəmiyyətin
bütün təbəqələrindən
olan üzvlər hesabına xeyli genişlənmişdir. Əgər 1992-ci
ildə partiyanın Naxçıvan Muxtar
Respublikasındakı təşkilatlarının
sırasında 1118 üzv vardırsa,
hazırda partiyanın muxtar respublika təşkilatının
sıralarında 49 minə yaxın üzv
birləşmişdir. Başqa sözlə,
partiyanın muxtar respublika
təşkilatı üzvlərinin sayı 44 dəfə
artmışdır. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin zəngin
dövlətçilik irsinə, siyasi fəlsəfəsinə
sədaqət və ehtiramın, bu gün ölkə Prezidenti
tərəfindən həyata keçirilən siyasətə
dərin inamın və etibarın ifadəsidir.
Müdriklərin
"Əsl siyasi yol inkişaf və tərəqqi hədəfinə
atılmış bir oxdur.
Əgər doğru bir
niyyətlə düzgün nişan alınsa, hədəf vurulmuş,
ölkə isə rifaha qovuşmuş
olar" - fikirini
xatırladan Ali Məclisin Sədri demişdir ki, partiyanın
yarandığı gündən ötən 20 il ərzində əldə
olunan nailiyyətlər qəbul olunmuş siyasi xəttin düzgünlüyünün, Heydər Əliyev
quruculuq xəttinin xalqımızın
rifahına xidmət etdiyinin daha bir təsdiqidir. Bu dövrdə
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul
istehsalının həcmi 61 dəfə
çoxalmışdır. Öz növbəsində
sənaye məhsulu istehsalının həcmi 121 dəfə,
kənd təsərrüfatı məhsulunun həcmi 13 dəfə,
əsas kapitala investisiya
qoyuluşu 367 dəfə, rabitə xidmətlərinin həcmi 156 dəfə, xarici ticarət dövriyyəsi 78 dəfə
artmış, muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunmuşdur. 20 il ərzində
muxtar respublikada 9 min 947 müxtəlif təyinatlı obyekt tikilərək və ya
əsaslı təmir olunaraq istifadəyə
verilmiş, sahibkarlığın inkişafına
diqqət artırılmış, 1130 yeni
istehsal və xidmət sahəsi
yaradılmışdır. Bunlar bir tərəfdən muxtar respublikada 304 növdə
məhsula olan tələbatın daxili imkanlar hesabına
ödənməsinə şərait yaratmışdırsa,
digər tərəfdən, məşğulluq səviyyəsinin
yüksəlməsinə də öz təsirini
göstərmişdir. Qeyd olunan dövrdə 77 mindən çox
yeni iş yeri açılmışdır ki, onun da
50 mini, yaxud 65 faizi daimi iş
yerləridir. Partiyamızın yaranmasından
ötən 20 il ərzində sosial sahənin inkişafı da
artan xətt üzrə getmiş,
77 min 814 şagird yerlik 193 orta məktəb
binası, 191 səhiyyə müəssisəsi tikilərək
və ya yenidən qurularaq
istifadəyə verilmiş, infrastrukturun formalaşması sahəsində
görülən tədbirlər davam
etdirilmiş, 128 körpü
tikilmiş və ya əsaslı
təmir olunmuş, ən müasir
tələblərə cavab verən yeni yollar
salınmışdır.
Biz əldə olunanlarla
kifayətlənməməli, fəaliyyətimizi inkişaf edən həyatın
reallıqlarına uyğun
qurmalıyıq. Yeni Azərbaycan
Partiyasının, Heydər Əliyev Partiyasının üzvü kimi şərəfli
adı öz işimizlə
doğrultmalıyıq. Yeniləşən cəmiyyətdə
partiya işi də
yeniləşməli və inkişaf etməlidir.
Təkcə son beş
ildə təşkilatımıza 4 mindən artıq gənc üzv qoşulmuşdur.
Hazırda partiya üzvlərinin 42 faizdən
çoxunu gənclər təşkil edir. Gənc və yaradıcı qüvvələrin
partiya sıralarına cəlb edilməsi davam etdirilməli, onlarla məqsədyönlü
iş aparılmalı və sağlam mühitdə gənc siyasətçilər
nəsli yetişdirilməlidir.
Çıxışının
sonunda Ali Məclisin Sədri
ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək
Vətənə, millətə, müstəqil Azərbaycan
dövlətinə xidmət etmək deməkdir" kəlamını
xatırlatmış, bu yolda
partiya üzvlərinə və fəallara
yeni uğurlar arzulamışdır.
Sonra tədbir
iştirakçıları Naxçıvan Dövlət
Televiziyasının hazırladığı "Yeni Azərbaycan Partiyası - 20: dünənin,
bu günün və
gələcəyin partiyası" adlı sənədli televiziya filminə baxmışlar.
Tədbir Naxçıvan Dövlət Filarmoniyası
kollektivinin ifasında konsert proqramı ilə başa
çatmışdır.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2012.-
15 noyabr.- S.4.