Brüsseldə «Avropa İttifaqı-Azərbaycan: Strateji tərəfdaşlıq – «Cənub qaz dəhlizi» və əməkdaşlığın digər istiqamətləri» mövzusunda məlumat sessiyası keçirilmişdir

 

Noyabrın 13-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyinin açılışı olmuşdur. Bu münasibətlə təşkil olunmuş konfransda ARDNŞ-nin rəhbərliyi, Avropa İttifaqının (Aİ) rəsmiləri, Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli təmsilçiləri, Milli Məclisin üzvləri, Belçikanın dövlət və hökumət nümayəndələri iştirak etmişlər.

"Avropa İttifaqı-Azərbaycan: Strateji tərəfdaşlıq - "Cənub qaz dəhlizi" və əməkdaşlığın digər istiqamətləri" mövzusuna həsr olunmuş məlumat sessiyasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev çıxış etmişdir. R.Abdullayev demişdir ki, bugünkü hadisə təkcə Brüssel şəhərində ARDNŞ-nin nümayəndəliyinin açılışı ilə əlamətdar deyildir. Bu, həm də energetika sahəsində Azərbaycan ilə Aİ arasında strateji əməkdaşlığın inkişafında dönüş nöqtəsidir və yeni mərhələnin başlanğıcıdır. Bildirilmişdir ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycan ilə Aİ arasında qarşılıqlı münasibətlərin əsasını "Cənub qaz dəhlizi" strategiyası təşkil edir. R.Abdullayev Brüsseldəki nümayəndəliyin fəaliyyətə  başlaması sayəsində bu münasibətlərin keyfiyyətcə yeni dövrə qədəm qoyacağına əminlik ifadə etmişdir.

Azərbaycanın "Cənub qaz dəhlizi" strategiyasının həyata keçirilməsi ideyasını fəal surətdə dəstəklədiyini qeyd edən R.Abdullayev 2011-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Bakıdakı danışıqlarının və Birgə Bəyannamənin qəbul edilməsinin bu strategiyanın həyata keçirilməsində praktiki başlanğıc üçün fundamental dönüş nöqtəsi olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycanın ümumi qaz ixracı potensialı 2025-ci ilədək minimum 40-50 milyard kubmetr həcminə çatdırılacaqdır. Ehtimal olunur ki, bu qazın çox hissəsi Avropa bazarına nəql olunacaqdır. Potensialı reallaşdırmaq üçün Azərbaycan ilə Türkiyə arasında imzalanmış Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi mühüm əhəmiyyət kəsb edəcəkdir. Uzunmüddətli perspektivdə isə bu kəmər nəinki Azərbaycan yataqlarından hasil olunan qazı, həm də Azərbaycan və Türkiyə üzərindən tranzitlə Avropaya daşınacaq istənilən digər qaz həcmlərini dünya bazarlarına nəql etməyə imkan verəcəkdir.

Azərbaycanın Belçika Krallığındakı səfiri və Aİ-dəki missiyanın rəhbəri Fuad İsgəndərov çıxışında ümidvar olduğunu bildirmişdir ki, yeni açılan nümayəndəlik Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələri daha da gücləndirəcək və Azərbaycanın qapılarını Avropaya açmağa xidmət edəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov çıxışında qeyd etmişdir ki, bu gün haqqında söhbət açılan "Cənub dəhlizi" artıq müəyyən mənada mövcuddur. Belə ki, Azərbaycan ilə Türkiyə arasında çəkilmiş neft və qaz kəmərləri, artıq reallaşdırılmaqda olan və yaxın gələcəkdə Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsi bu dəhlizin tərkib hissəsi sayıla bilər. Enerji sektorunda pioner layihələrin gerçəkləşməsi üçün siyasi iradənin və dəstəyin mütləq olduğunu qeyd edən V.Ələsgərov gələcək əməkdaşlıq üçün Aİ tərəfindən səylərin gücləndirilməsinin vacibliyini vurğulamışdır. O demişdir ki, "Cənub qaz dəhlizi"nin reallaşması üçün Azərbaycan böyük investisiyalar yatırmaqla üzərinə böyük məsuliyyət götürür, eyni zamanda, enerji marşrutları üçün tranzit ölkə kimi də cəlbedici tərəfdaş ola bilər. Bu gün Azərbaycan neft-qaz istehsal və ixrac edən ölkədən artıq bu sektora sərmayə yatıran ciddi bir investora çevrilmişdir.

ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən neft strategiyası barədə məlumat vermiş, neft və qaz layihələri ilə bağlı nəzərdə tutulan mərhələlər, açıq dənizdə aparılan axtarış-kəşfiyyat işləri, Azərbaycanın enerji resurslarını Avropa bazarlarına çıxarmağı nəzərdə tutan potensial kəmər layihələri, neft-qaz emalı kompleksləri, xaricdə nümayəndəliklərin açılması və xarici ölkələrdə investisiya imkanları barədə danışmışdır.

Milli Məclisin deputatı, "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev SSRİ dövründə neft-kimya sənayesinin 25 faizinin Azərbaycanın payına düşdüyünü xatırladaraq qeyd etmişdir ki, müstəqillik əldə edildikdən sonra ölkədə müasir tələblərə cavab verən yeni neft-kimya komplekslərinin tikintisinə başlanılmış, müasir avadanlıqla təchiz olunmuş yeni zavodlar inşa edilmiş, xüsusilə ekoloji təmizlik və təbiətin mühafizəsinə xidmət edən layihələr gerçəkləşdirilmişdir. Sumqayıt Kimya Sənaye Parkının yaradılması da Azərbaycanın neft-kimya sənayesi sahəsində uğurlu layihələrindən bir nümunə kimi göstərilmişdir.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Aİ və Azərbaycan arasında strateji əməkdaşlıq barədə danışaraq Avropanın ürəyi sayılan Brüssel şəhərində ARDNŞ-nin nümayəndəliyinin açılmasını siyasi və strateji bir addım kimi  səciyyələndirmişdir. O qeyd etmişdir ki, bu gün ARDNŞ artıq Avropa kimi vacib bir regionun enerji təhlükəsizliyini təmin edən transmilli bir şirkətə çevrilmişdir. Bu gün Azərbaycan təkcə öz bölgəsində deyil, bölgədən kənarda da fəallıq göstərən bir ölkədir. Azərbaycan enerji sektorunda rəqabət aparmır, həm də Avropanın enerji təminatında mövcud boşluğu doldurmağa çalışır və qitənin enerji təhlükəsizliyinə töhfə verir. Nazir müavini bildirmişdir ki, Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq mövcuddur və strateji münasibətlərin yeni və perspektivli imkanları üzərində iş aparılmalıdır. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda, Avropa üçün ciddi problemdir. Bu, nəinki Azərbaycanı, eləcə də beynəlxalq ictimaiyyəti narahat edən bir münaqişədir. Şərq-Qərb əlaqələri, İpək yolu prosesi və digər beynəlxalq layihələrə təhlükə doğuran bu münaqişə tezliklə öz həllini tapmalıdır və Avropa dövlətləri bu münaqişənin həll olunmasında yaxından iştirak etməlidirlər.

Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında Azərbaycanı Avropa üçün mühüm tərəfdaş kimi dəyərləndirərək Avropanın əsas təşkilatlarının yerləşdiyi Brüssel şəhərində nümayəndəliyin açılışı ilə Azərbaycan-Aİ əlaqələrinin daha da inkişaf etməsi  üçün yeni imkanlar açıldığını diqqətə çatdırmışdır. G.Ottinger bildirmişdir ki, Azərbaycan bu gün bölgə dövlətindən qlobal oyunçuya çevrilməkdədir. Əvvəllər Azərbaycanın Avropa bazarlarına birbaşa çıxışı olmasa da, bu gün Azərbaycan artıq Xəzər hövzəsinin enerji resurslarını Aralıq dənizi sahillərinə nəql edir. Yaxın gələcəkdə enerjidaşıyıcılarını birbaşa Avropaya nəql edəcək kəmərlərə sahib olacaqdır. Bu da ARDNŞ-nin və ümumiyyətlə, Azərbaycanın nüfuzunu və təsir imkanlarını gücləndirəcəkdir.

TANAP və digər enerji layihələri Avropanın enerji təminatına töhfə verməklə yanaşı, Azərbaycanın iqtisadi azadlığını təmin edəcək layihələrdir.

Rəsmi hissə bitdikdən sonra ziyafət verilmişdir. Tədbir Azərbaycan musiqiçilərinin ifasında musiqi proqramı ilə sona çatmışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.-2012.- 15 noyabr.- S.5.