Azərbaycanın daxili işlər naziri Pakistanda nazirlər səviyyəsində narkotiklərlə
mübarizə üzrə regional konfransda iştirak
etmişdir
Azərbaycan Respublikasının daxili
işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam
Respublikasının Prezidentinin təşəbbüsü ilə
noyabrın 12-13-də İslamabad şəhərində
keçirilmiş nazirlər səviyyəsində narkotiklərlə
mübarizə üzrə regional konfransda iştirak
etmişdir.
Konfransda Pakistan, Azərbaycan, Türkiyə,
İran, Əfqanıstan, Çin, Hindistan, Rusiya, Mərkəzi
Asiya ölkələrinin daxilli işlər nazirləri,
narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə
aparan müvafiq qurumların rəhbərləri və təmsilçiləri
iştirak etmişlər.
Azərbaycanın Pakistandakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki, tədbirdə
çıxış edən daxili işlər naziri Ramil
Usubov ölkəmizdə narkotiklərin
qaçaqmalçılığı ilə aparılan
mübarizə və bu sahədə əldə edilmiş
nailiyyətlər haqqında məlumat vermişdir.
Nazir narkotiklərin qanunsuz dövriyyəsi
ilə mübarizə üçün bütün region
ölkələrinin əməkdaşlıq etmələrinin
və koordinasiya olunmuş tədbirlər planının
hazırlanmasının zəruriliyini ön plana çəkmişdir.
Səfər
çərçivəsində general-polkovnik
Ramil Usubov Pakistan İslam
Respublikasının Prezidenti Asif Əli Zərdari ilə görüşmüşdür.
İki qardaş
ölkə arasında əlaqələrin bütün
istiqamətlərdə dinamik inkişaf etdiyini bildirən
Pakistanın dövlət başçısı ölkəsinin
Azərbaycanı bütün məsələlərdə tam dəstəklədiyini
vurğulamışdır.
Prezident Asif Əli Zərdari
ölkələrarası siyasi münasibətlərin
ən yüksək səviyyədə olduğunu
vurğulayaraq iqtisadi əlaqələrin
də inkişafının vacibliyini qeyd etmişdir.
Daha sonra Azərbaycanın
daxili işlər naziri
Ramil Usubov
Pakistanın daxili işlər naziri Rəhman Malik ilə
görüşmüşdür.
Görüşdə
mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə,
həmçinin iki nazirlik
arasında işçi qruplarının
yaradılması, məlumat və təcrübə mübadiləsinin
intensivləşdirilməsi, qarşılıqlı maraq kəsb edən bu kimi digər məsələlər müzakirə edilmişdir.
Ramil Usubov
pakistanlı həmkarını Azərbaycana səfərə
dəvət etmişdir.
Səfər zamanı general-polkovnik Ramil
Usubov, həmçinin Pakistanın xarici işlər naziri Hina
Rabbani Xar, Türkiyənin daxili işlər naziri İdris Naim
Şahin, İranın daxili işlər naziri Mustafa Mohammad
Naccar, Əfqanıstanın narkotiklərlə mübarizə
naziri Zurar Ahmad Maqbul ilə görüşlər
keçirmişdir.
Azərbaycan.-2012.-
15 noyabr.- S.6.