Bakıda Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri biznes-forumu keçirilmişdir
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Dubay
Sənaye və Ticarət Palatasının təşkilatçılığı
ilə noyabrın 14-də Bakıda Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri biznes-forumu keçirilmişdir.
Tədbirdə
rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı
və qida, sənaye, tikinti,
təhsil, aviasiya,
yükdaşınmaları, turizm, ticarət,
metallurgiya, tullantıların idarə
edilməsi, tekstil və s.
sahələrdə fəaliyyət göstərən 160-dan çox iş adamı iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə Birləşmiş
Ərəb Əmirlikləri arasında əməkdaşlığın
qarşılıqlı dostluq və
faydalı əməkdaşlıq prinsipləri üzərində
qurulduğunu diqqətə
çatdırmış, yüksək səviyyəli
qarşılıqlı rəsmi səfərlərin,
aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində
əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Dubay Ticarət və Sənaye
Palatasının xaricdə ilk nümayəndəliklərindən
birinin Bakıda açılması ikitərəfli
iqtisadi əməkdaşlığın
inkişafı və ticarət dövriyyəsinin
artırılması baxımından əhəmiyyətlidir. Biznes-forum və
işgüzar görüşlərin iş adamları arasında əlaqələrin
inkişafında əhəmiyyətli rolunu
qeyd edən Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərində
həyata keçirilən layihələrdə Azərbaycan
şirkətlərinin iştirakı, birgə investisiya
fondlarının təşkili, həmçinin turizm və sənaye parkları sahəsində
əməkdaşlıq üçün geniş imkanların olduğunu
diqqətə çatdırmışdır.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və
qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.
Ölkəsində
Azərbaycanla əməkdaşlığa xüsusi
önəm verildiyini vurğulayan
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd
Bin Abdul Aziz Al Şihhi
ölkələrimiz arasında iqtisadi əlaqələrin
daha da genişləndirilməsi
üçün böyük
potensialın olduğunu, keçirilən
tədbirlərin bu istiqamətdə əhəmiyyətini
vurğulamışdır.
Azərbaycan
Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki
səfiri Elxan Qəhrəmanov, Birləşmiş
Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Salem Xalifa Əl Eghfeli, Dubay Sənaye və
Ticarət Palatasının sədri Abdul Rahman Saif Əl Ghurair çıxışlarında iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin
genişləndirilməsi perspektivləri, iş
adamları arasında əlaqələr, "Gənc Sahibkarlar Şəbəkəsi"nin sədri
Xaliq İldırımzadə isə rəhbərlik
etdiyi təşkilatın fəaliyyəti
barədə məlumat vermişlər.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov
Azərbaycanın biznes və investisiya imkanlarına, Dubay
Sənaye və Ticarət Palatasının baş
direktoru Hamad Buamin iki ölkə
arasındakı əlaqələrə dair
təqdimatlarla çıxış etmişlər.
Tədbir iş adamları arasında əməkdaşlığın
genişləndirilməsi imkanlarının müzakirə
olunduğu ikitərəfli görüşlərlə davam
etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
15 noyabr.- S.6.