Bakıda «Yaşıl həftə»
davam edir
Noyabrın 14-də
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsçüsü olduğu Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Kampaniyasının (IDEA) və BMT-nin Ətraf Mühit
Proqramının (UNEP) əməkdaşlığı çərçivəsində
həyata keçirilən "Yaşıl həftə"
layihəsinin 3-cü günündə Azərbaycan Diplomatik
Akademiyasında (ADA) "Ətraf mühit diplomatiyası"
adlı təlim təşkil edilmişdir.
AzərTAc xəbər
verir ki, açıq mühazirə formatında keçirilən
təlimdə xarici tələbələrlə yanaşı,
ölkəmizin müxtəlif universitetlərindən gənclər
iştirak etmişlər.
Təlim
proqramı beynəlxalq ekoloji məsələlərin həlli
yollarının tapılması, gələcək
diplomatların, siyasətçilərin, regional və dövlətlərarası,
o cümlədən yerli hakimiyyət orqanlarında, özəl
sektor və QHT-lərdə qərar qəbul edən digər
şəxslərin ekoloji biliklərini artırmaq məqsədi
ilə təşkil edilmişdir.
UNEP-in regional təmsilçisi
Mahir Əliyev ətraf mühitin mühafizəsi haqqında
danışmış, dünyanın daha yaxşı gələcəyə
aparılması üçün hansı sənətə yiyələnmələrindən
asılı olmayaraq mövzuya diqqət yetirməyin əhəmiyyətini
vurğulamışdır.
UNEP-in beynəlxalq idarəetmədə
məsləhətləşmə qrupunun üzvü Artur Dahl
təqdimatla çıxış edərək
iştirakçıları mövzu ilə bağlı elmi
nöqteyi-nəzərdən məlumatlandırmışdır.
Dünya əhalisinin artması, qloballaşma, iqlim dəyişikliyi
kimi amillərin ətraf mühitə təsiri və
bunların qarşısının alınması
yollarından bəhs edən A.Dahl, ekologiyanın qorunması
ilə əlaqədar beynəlxalq səviyyədə
keçirilmiş layihələr haqqında gənclərə
məlumat vermişdir.
Azərbaycan.-2012.-
15 noyabr.- S.6.