Akademik Vasim Məmmədəliyevin 70 illik
yubileyinə həsr olunmuş «Şərqşünaslığın
aktual problemləri» mövzusunda konfrans keçirilmişdir
Noyabrın 14-də Bakı Dövlət
Universitetində (BDU) bu ali məktəbin ilahiyyat fakültəsinin
dekanı, ərəb filologiyası kafedrasının
müdiri, əməkdar elm xadimi, görkəmli şərqşünas-alim,
filologiya elmləri doktoru, akademik Vasim Məmmədəliyevin
70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın
aktual problemləri" mövzusunda respublika elmi konfransı
keçirilmişdir.
AzərTAc xəbər verir ki,
ayrı-ayrı qurum nümayəndələrinin, Milli Məclis
deputatlarının, tanınmış alim və mütəxəssislərin,
tələbələrin iştirak etdikləri tədbirdə
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov,
şərqşünaslıq fakültəsinin dekanı, dosent
Elxan Əzizov görkəmli alim Vasim Məmmədəliyevin mənalı
və şərəfli ömür yolundan, geniş elmi və
pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən
danışmışlar.
Qeyd edilmişdir ki, V.Məmmədəliyev
1942-ci il avqustun 27-də Bakıda anadan olmuşdur. 1959-cu ildə
orta məktəbi, 1964-cü ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) şərqşünaslıq
fakültəsinin ərəb filologiyası şöbəsini
bitirmiş, Tbilisi Dövlət Universitetinin aspiranturasında
oxumuşdur. V.Məmmədəliyev Tbilisidə "Müasir ərəb-Azərbaycan
ədəbi dilində və İraq dialektində felin zaman
formalarının müqayisəli tipoloji təhlili"
mövzusunda namizədlik, 1974-cü ildə "Müasir ərəb
ədəbi dilində felin zaman, şəxs və şəkil
kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası
müdafiə edərək, keçmiş SSRİ məkanında
ərəbşünaslıq sahəsində ən gənc
elmlər doktoru olmuşdur.
V.Məmmədəliyevin elmi
araşdırmaları ərəb dilçiliyi və ümumi
dilçilik sahələrini, islamşünaslıq və digər
sahələri əhatə etmişdir.
V.Məmmədəliyev İraq Elmlər
Akademiyasının, Suriya Quran Elmləri və Ərəb
Filologiyası Akademiyasının və Misir Ərəb Dili
Akademiyasının müxbir üzvü, İslam Konfransı
Təşkilatının (hazırda İslam Əməkdaşlıq
Təşkilatı) Müsəlman
Hüququ Akademiyasının
üzvüdür.
V.Məmmədəliyevin 30-dan çox
kitabı nəşr olunmuşdur. Alimin "Ərəb ədəbi
dilində felin zaman, şəxs və şəkil
kateqoriyaları", "Ərəb dilçiliyi",
"Quran və elm" və digər əsərləri
böyük maraqla qarşılanmışdır. Görkəmli
alim müxtəlif ölkələrdə keçirilən
elmi konfranslarda məruzələr etmişdir.
Alim 1992-ci ildə "Əməkdar elm
xadimi" fəxri adına layiq görülmüş, 2001-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir. V.Məmmədəliyev
müqəddəs kitabımız Qurani-kərimin Azərbaycan
dilinə tərcüməçilərindən biridir.
Səmərəli xidmətlərinə
görə "Şöhrət" ordeni və digər orden,
medallarla təltif edilmiş, Prezident təqaüdünə
layiq görülmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin
sədri, Şeyxülislam Allahşükür Paşazadə
akademik Vasim Məmmədəliyevin böyük bir alim, elm
xadimi, gözəl, nəcib bir insan olduğunu diqqətə
çatdırmışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycan
Prezidenti İlham Əliyevin alimlərə və təhsil
işçilərinə daim böyük diqqət və
qayğı göstərdiyini xatırlatmışdır.
Akademik V.Məmmədəliyevin elm və təhsil sahəsində
göstərdiyi böyük xidmətlərdən bəhs edən
nazir ona yeni nailiyyətlər arzulamışdır.
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor Nərgiz
Paşayeva akademik Vasim Məmmədəliyevin elmə, təhsilə
verdiyi əvəzsiz töhfələrdən, elmi
araşdırmalarının, əsərlərinin əhəmiyyətindən
danışmışdır.
Professor N.Paşayeva demişdir: "Hər
hansı humanitar elmlə məşğul olan insan öz
çiyninə böyük bir yük qoymuş olur: o,
insanlara, cəmiyyətə, dünyaya daima yüksək
ideallardan, mənəviyyatdan söz açmış olur.
Çünki humanitar elmlərin əsas məqsədi bu gözəlliyi,
bu ali hissləri, ali duyğuları, ali idealları insanlara və
cəmiyyətə çatdırmaqdır. Humanitar elmləri
təmsil edən insanların özlərinin buna mənəvi
haqqı olmalıdır. Məhz ona görə də Məhəmməd
Peyğəmbər alimləri peyğəmbərlərin
davamçıları sırasına
qatmışdır və demişdir: "Alimin mürəkkəbi
şəhidin qanına bərabərdir".
Beləliklə, Vasim müəllim,
siz həmin nadir insanlardan birisiniz. Siz bu mənəvi haqqı özünüzdə
daşıya bilən
insanlardan birisiniz.
Siz sözü ilə əməli bir olan insanlardansınız.
Qurani-kərimi şərh etmək
missiyası sizin çiyninizə düşmüşdür.
Biz xoşbəxtik ki, Qurani-kərimi şərh edən insan özü saf insandır. Özü nəcib insan, əsl insandır. Siz ərəb dilinin böyük tədqiqatçılarındansınız.
Ərəb dili isə
Məhəmmədin dili,
Quranın dili, həm də böyük Şərq elinin dilidir."
Professor N.Paşayeva
akademik V.Məmmədəliyevə
xoş arzularını
da bildirmişdir.
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə,
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fəttah Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev,
AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru,
Milli Məclisin deputatı, professor Gövhər
Baxşəliyeva, Bakı
Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Texniki Universitetinin rektoru,
professor Havar Məmmədov,
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, AMEA-nın akademik Y.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun
direktoru, akademiyanın
müxbir üzvü Vaqif Abbasov və
digər çıxış edənlər
də akademik Vasim Məmmədəliyevin
elm və təhsil sahəsində böyük
xidmətlərindən bəhs
etmiş, ona uğurlar arzulamışlar.
Akademik Vasim Məmmədəliyev Azərbaycan
Prezidenti İlham Əliyevə alimlərə, təhsil
işçilərinə göstərdiyi böyük diqqət
və qayğıya görə minnətdarlığını
bildirmiş, tədbirin iştirakçılarına təşəkkür
etmişdir.
Azərbaycan.-2012.-
15 noyabr.- S.7.