Ömrünün mənası,
məramı elmdir
İllər elə tez ötüb keçir kiE Bir də görürsən 50-yə, sonra da 60-a, 70-ə çatdın. Xoşbəxt o kəsdir ki, illərini hədər yerə ötürmür, yaşayıb-yaradır, xeyirxah, faydalı işlər görür. Gücü, biliyi, bacarığı, istedadı imkan verdiyi qədər ətrafındakı insanlara gərəkli olur. Belələri yaş üstə yaş gələndə təəssüflənmir, əksinə, ötən illərə boylanaraq o qədər xoş işlər, əməllər yada salırlar ki, özlərinin mənəvi cəhətdən zəngin olduqlarını hiss edirlər.
Tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev üçün illərlə qazandığı bu sərvət bilik, təcrübə, etimad, insanların hörmət və məhəbbətidir. Onu işləməkdən, yazıb-yaratmaqdan, oxuyub-öyrənməkdən yorulmağa qoymayan da bu amillərdir.
Mübariz Allahverdiyev Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, rektorun məsləhətçisi - mətbuat xidmətinin rəhbəri, respublikanın əməkdar müəllimidir. Tibb sahəsində tanınmış alim və pedaqoqdur.
Qarabağ əhli isə professor Allahverdiyevi ilk növbədə Qasım kişinin oğlu kimi, yəni, öz soykökünə görə tanıyır. Həmin Qasım kişi ki, bütün həyatını xalqına, el-obasına həsr etmişdi. Xocalıda, ermənilərin hər tərəfdən təzyiq etdiyi şəraitdə bəzən onlara məhəl qoymadan, bəzən də etiraz və mübarizə edərək bir mütəxəssis, təsərrüfat rəhbəri, el ağsaqqalı kimi mənalı ömür yaşamışdı.
Mübariz Allahverdiyev ailənin oğullarının ortancılıdır. 1942-ci il noyabrın 19-da Xocalıda dünyaya göz açıb. İş elə gətirib ki, orta təhsilini üç məktəbdə almalı olub: əvvəlcə Xocalı kənd yeddiillik məktəbini bitirib, sonra VIII sinfi Şuşadakı 1 nömrəli, IX-X sinifləri isə Xankəndidəki Nizami adına 4 nömrəli məktəbdə oxuyub.
Tibb İnstitutunu bitirdikdən sonra öz xahişi ilə təyinatını Dağlıq Qarabağ Muxtar Vilayətinə alıb. Düşünmək olardı ki, gənc həkim gələn kimi orada işlə təmin ediləcək və böyük həvəslə fəaliyyətə başlayacaq. Çünki ola bilməzdi ki, o boyda vilayətdə həkim kadra ehtiyac duyulmasın. Lakin cavan həkimi erməni məmurlar görmək belə istəmədilər. Vilayət Səhiyyə İdarəsinin müdiri Atayan respublikanın Səhiyyə Nazirliyinin göndərişinə gözünün ucu ilə də baxmadı. Dərhal söylədi ki, boş həkim yeri yoxdur! Halbuki bunların hamısı erməni məkri və hiyləsi idi. Çox keçmədən Atayan qürrələnərək özünə yaxın olan adamlara danışırdı ki, "yer olmağına - var, ancaq Yerevandan bizə göstəriş veriblər ki, türkləri (yəni, azərbaycanlıları) heç bir sahədə işə götürməyək. İndi bu doktoru işə qəbul etsəm, mənim özümü işdən çıxararlar".
Beləliklə, xəstələrin dərdlərilə mübarizə aparmaq üçün gəlmiş gənc mütəxəssis ən əvvəl xalqın qatı düşmənləri - ermənilərlə "vuruşmağa" başladı.
Böyük çətinliklərdən sonra Dağlıq Qarabağın ən ucqar, ermənilərin Naxçıvanik adlandırdığı Pir Camal kəndindəki sahə xəstəxanasında işə düzələ bildi. Ağdamın Abdal Gülablı kəndinə bitişik olan Pir Camal Azərbaycanın qədim yaşayış məskənlərindən idi. Ermənilər kütləvi surətdə Dağlıq Qarabağda yerləşdirildiyi zaman onlar bu kənddə də çox yaxşı məskunlaşmışdılar. Lakin vilayət mərkəzindən bura gediş-gəliş çətin idi. Odur ki, ikimərtəbəli təzə xəstəxana binası olmasına baxmayaraq, bu mənfur millətin həkimləri həmin kənddə işləmək istəmirdilər.
1967-ci ilin iyul ayında ermənilər üç nəfər günahsız azərbaycanlını Xankəndidə aparılan məhkəmədən sonra diri-diri yandırdılar. Mübariz həkimin bu hadisə ilə heç bir əlaqəsi olmasa da, onu da əsas iş yerindən uzaqlaşdırdılar: iyul-avqust aylarında yaylaqlarda olan heyvandarlara, onların ailəsinə tibb xidməti göstərməyə ezam etdilər. Bunun ardınca - 1968-ci ilin əvvəlində isə iş yerini tamamilə ixtisara saldılar. Gənc həkim yenə işsiz qaldı. Həmin illərdə bu, Dağlıq Qarabağda azərbaycanlı ziyalıların repressiyaya uğradılmasının bir yolu, variantı idi...
Bir neçə ay sonra Mübariz Allahverdiyev sanki öz doğma el-obasından didərgin salınaraq Türkmənistana üz tutur. Burada onu Daşhovuz (Tış Oğuz) vilayəti Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasına baş həkim təyin edirlər. Həmin ilin sentyabrında isə Aşqabadda Türkmənistan Dövlət Tibb İnstitutunun ixtisasartırma kursuna daxil olur. Yarım ildən sonra ümumi cərrahlıq ixtisası üzrə vəsiqə alır.
Köhnə-Ürgəncdə həkimlik fəaliyyətini davam etdirən Mübariz Allahverdiyev 1969-cu ilin fevral ayında Bakıdan bir teleqram alır. O zaman N.Nərimanovun adını daşıyan Azərbaycan Dövlət Tibb İnstitutunun elmi katibi Oskar Hüseynov teleqramda bildirir ki, o, institutun böyük elmi şurasının qərarı ilə Normal anatomiya kafedrasının müəllimi seçilib və bu vəzifədə işə başlaya bilər.
Teleqramı alanda yaxınları, xüsusilə də, Türkmənistanda təyinatla həkim vəzifəsində çalışan qardaşı Zahid çox təəccüblənir. Mübariz təvazökarlıq edib bu vaxta qədər heç kimə demədiyi "sirri" qardaşına danışır və məlum olur ki, o, institutu bitirəndə ATU-nun tədris işləri üzrə prorektoru Maqsud Əlizadə fakültə dekanı professor G.Hacıyevin təklifi ilə onun adını institutun buraxılış gecəsində çıxış edənlərin siyahısına salır. Həmin çıxışdan sonra dekan rəhbərliyin onun əla təhsilini, ictimai fəaliyyətini nəzərə alaraq kafedralardan birində qalıb işləməsi fikrində olduqlarını söyləyir. Mübariz anatomiya kafedrasını seçir və az sonra həmin kafedranın müdiri professor K.Balakişiyev də təklifə razılığını bildirərək rektorluğa təqdimat yazır. Lakin o vaxtın qaydalarına uyğun olaraq Mübariz institutda qalıb işləmək üçün mütləq ən azı 3 il periferiyada praktik işdə çalışmalı idi. Təqdimatı institutda qalsa da, gənc həkim bunun reallaşacağına bəlkə də bir qədər inamsız yanaşır və məsələni unudur. Ona görə Bakıdan gələn teleqram hətta onun özünü də təəccübləndirir.
M.Allahverdiyev ATİ-də müəllimlik fəaliyyətinə mart ayından başlayır və eyni zamanda Xətai metrosunun yanındakı təcili tibbi yardım stansiyasında gecə növbələrində həkimlik fəaliyyətini də davam etdirir. Tələbəlik illərində auditoriyalarda və təcrübə keçdiyi klinikalarda, Dağlıq Qarabağın ucqar kəndində, Türkmənistanın uzaq Köhnə-Ürgəncində qazandığı bilik və səriştə əlindən tutaraq onu həm elm, həm də vəzifə pillələri ilə irəliyə aparır. 1970-ci ilin sentyabrında müsabiqə yolu ilə Normal anatomiya kafedrasının assistenti, 1973-cü ilin sonunda kafedranın baş müəllimi, 1986-cı ilin noyabrında dosent seçilir. 2010-cu ilin dekabr ayından indiyədək isə ATU-nun İnsan anatomiyası kafedrasının professorudur.
Xoşbəxt o mütəxəssisdir ki, heç vaxt bildikləri ilə kifayətlənmir, arayıb-axtarır, oxuyub-öyrənir, öz sahəsindəki ən son yeniliklərlə tanış olur. Bu, xüsusilə, tibb sahəsində çalışan mütəxəssislərə aiddir. Əgər həkim dünya təbabətində, tibb elmində nələrin baş verdiyini bilməsə, bunlardan özünə nə lazımdırsa onu qavramasa dünənki gündə "ilişib" qalacaq, xəstələri, tələbələri isə daim əziyyət çəkəcək. Mübariz Allahverdiyev digər ölkələrin şəhərlərində ezamiyyətdə olarkən orada mütərəqqi nə varsa, onları da əxz etməyə, gördüklərindən bəhrələnməyə can atır. Bu baxımdan onun İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda, Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında və Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində kurslar keçməsi, bir neçə dəfə Xarkov Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrasında elmi ezamiyyətə getməsi çox faydalı olur.
İllər boyu ucqar kənd xəstəxanalarından başlayaraq dünyanın böyük klinikalarınadək olduğu bütün yerlərdə topladığı təcrübə onun elmi araşdırma və axtarışlarına da yeni istiqamət verir. Belə ki 1985-ci ildə professor Gülağa Hacıyevin rəhbərliyi altında Tbilisi şəhərində "Budun dəri sinirlərinin makromikroskopik anatomiyası və mieloarxitektonikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Bundan sonra Rusiya Tibb Elmləri Akademiyasının akademiki, əməkdar elm xadimi, professor Vaqif Şadlinskinin məsləhətçiliyi ilə apardığı uzunmüddətli və ardıcıl axtarışlar sayəsində 2008-ci ildə "Postnatal ontogenezdə insanın qaraciyərxarici öd yollarının vəzi və limfoid aparatlarının struktur-funksional səciyyəsi və morfogenezinin qanunauyğunluqları" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
Mübariz Allahverdiyev həkim, alim olmaqla yanaşı, həm də pedaqoqdur. Əməkdar müəllim adına layiq görülüb. O, gənclərlə işləməyi çox sevir. Elə bu xüsusiyyətini nəzərə alaraq 1971-ci ildə kafedranın müdiri, əməkdar elm xadimi, professor K.Balakişiyev onun kafedranın tədris hissə müdiri vəzifəsinə keçməsinə təqdimat verir. 1990-cı ilə qədər - 20 ilə yaxın bir dövr ərzində o, həmin vəzifəni yerinə yetirir. 1991-ci il iyulun 1-də birinci müalicə-profilaktika fakültəsinin birinci-ikinci kurslar üzrə dekan müavini vəzifəsinə təyin edilir.
1993-cü ilin fevral
ayından institutun elmi katibi vəzifəsində
çalışır. 2000-ci ilin aprel ayına
qədər bu vəzifədə işləyir.
2001-2006-cı illərdə
ATU-nun internatura şöbəsinin
müdiri, 2006-cı ilin
sentyabrından pediatriya
fakültəsinin dekan
müavini vəzifələrini
yerinə yetirir.
2008-ci ildən isə ona ATU-nun rektorluğu yanında məsləhətçi (mətbuat
xidmətinin rəhbəri)
vəzifəsi tapşırılır.
Hazırda da bu vəzifədə çalışır.
Yeri gəlmişkən
qeyd edək ki, Mübariz müəllim, ümumiyyətlə,
mətbuatı sevən
və onunla bağlı olan insandır. Hələ 1975-1982-ci illərdə Azərbaycan televizisiyasının
"Tədris" proqramında
"Anatomiya, fiziologiya,
gigiyena" fənni üzrə orta məktəb şagirdləri
üçün canlı
dərslər aparıb.
Söhbət Mübariz müəllimin həm də 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işindən, o cümlədən
3 monoqrafiyasından və
4 biblioqrafik məlumat
kitabçasından gedir. Böyük alim
və siyasi xadim, professor Əziz Əliyevə, akademik Əhliman Əmiraslanova,
professor Vaqif Şadlinskiyə
həsr etdiyi əsərlər də bunların sırasındadır.
17 dərslik və
dərs vəsaitlərinin,
2 səmərələşdirici təklifin həmmüəllifidir. Onun elmi
redaktorluğu altında
14 əsər çap
edilib. 8 nəfərin namizədlik
dissertasiyasının resenzenti
olub.
Bir sıra
elmi şuranın işində yorulmaz fəaliyyəti Mübariz
Allahverdiyevin ömrünün
qayə və mənasının elm olduğunu
bir daha təsdiqləyir. O, 2000-ci ilədək
7 il ATU-nun böyük elmi şurasının, 9 il isə I müalicə-profilaktika
fakültəsinin elmi
şurasının üzvü
olub. 2001-ci ildən
yenidən universitetin böyük elmi şurasının, 2008-ci ildən
həm də pediatriya, 2012-ci ildən isə I müalicə-profilaktika
fakültəsinin elmi
şuralarının üzvüdür.
Artıq 3 ildir ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının ATU-nun nəzdində
təşkil etdiyi insan anatomiyası, patoloji fiziologiya, biokimya, farmakologiya, kliniki farmakologiya ixtisasları üzrə dissertasiya şurasının
elmi katibidir.
Maraqlıdır ki, Mübariz müəllim həmişə
eyni vaxtda bir neçə vəzifəni yerinə yetirməli olub. Bu da onun həm
bir həkim, alim, təşkilatçı
kimi bacarıq və səriştəsindən,
həm də ümumiyyətlə, vətəndaşlıq
mövqeyindən, bir insan kimi enerji
və potensialından
irəli gəlir.
Məsələn, 1978-1996-cı illərdə M.Allahverdiyev
Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin katibi,
1989-1993-cü illərdə anatomiya, histologiya, patoloji anatomiya ixtisasları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının
elmi katibi, 1999-2000-ci illərdə akademik Ə.Əmiraslanovun ATU üzrə
sədrlik etdiyi "Bioetika, elm və texnologiyaların etikası"
daimi komissiyasının
katibi olub. 2000-2006-cı illərdə İnsan anatomiyası kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədri
vəzifəsində çalışıb.
Professorun alimliyi, alicənablığı
bir də onda idi ki,
o, həm özü uğurlu addımlar atır, elmin çətin yollarını
şərəflə addımlayır,
həm də açıq ürəklə
bir çoxlarının,
xüsusilə, gənclərin
elmə gəlməsinə
səbəbkar olur, istiqamət verir. 2006-cı ildə professor V.Şadlinskinin təqdimatı
ilə ona kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsi etibar edilir.
Mübariz müəllim, sözün
həqiqi mənasında,
əsl ziyalıdır. Onun xarakteri
əsl alim şəxsiyyətinin bütövlüyünə
xidmət edir. O,
sadə, təvazökar,
iddiasız həkim, alim və pedaqoqdur.
Bəlkə də bu sadəlik, iddiasızlıq
bu insanın çatdığı ən
yüksək zirvədir.
Mübariz müəllimin söhbətlərində
güclü məntiq
və səlistlik diqqəti ilk baxışdan
cəlb edir. Geniş mütaliə sahibidir.
O, yüksək intellektli
tədqiqatçı və
peşəkar alim kimi problemlərin içərisində mühüm
olanları seçməyi
bacaran, geniş ümumiləşdirmələrə və hərtərəfli
qabiliyyətə malik
təfəkkür sahibi,
sənətinin vurğunu,
tələbələri, dissertant
və aspirantları ilə işləməyi sevən məsləhətçi,
elmi rəhbər, ciddi və obyektiv
opponent, təmənnasız və səmimi dostdur.
Həyatın bəxş etdiyi bütün xoşbəxtliklərin fərəhi ilə yanaşı, Mübariz Allahverdiyevin qəlbində daim sızlayan bir dərd də var - Qarabağ dərdi. Maraqlıdır ki, o, hələ 1988-1993-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı elan olunmamış müharibədə iştirak edib. Ona Bakı Şəhəri Xətai Rayonu Hərbi Komissarlığı tərəfindən "Müharibə veteranı" vəsiqəsi verilib. Həm də "Qarabağ Müharibə Veteranları Birliyi"nin üzvü, "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin Ağsaqqallar Şurasının sədridir.
2011-ci il fevral ayının 24-də ATU-nun rektoru akademik Əhliman Əmiraslanov və Türkiyənin Qazi Universitetinin rektoru professor, doktor Riza Ayhanın birgə təşəbbüsləri ilə Xocalı soyqırımına həsr edilmiş ilk telekörpüdə yayımlanan çıxışı ictimaiyyətin diqqətini cəlb etmişdi. Bu ilin fevral ayında "Xocalı soyqırımını tanıtma" qrupu ilə İstanbula ezamiyyətə gedəndə də qəlbindəki vətən dərdini özü ilə aparmışdı.
Qarabağda, Xocalıda "həkimlər ailəsi" kimi tanınan Allahverdiyevlərin bütün üzvləri kimi Mübariz müəllim də o yerlərə dönməyi, bir vaxtlar özünün ilk addımlarını atdığı, indi əzizlərinin ruhunun dolaşdığı həmin məkanı görməyi çox arzulayır. Ömrünün 70-ci pilləsinə çatsa da, doğulduğu yurd yerini yenidən quracaq insanlara əlindən gələn köməyi göstərmək əzmində və istəyindədir. Deyir ki, oraya dönəcək "həkimlər ailəsi"nin üzvləri indi daha çoxdur. Onların arasında Mübariz Allahverdiyevin oğlu Elnur, qızı Təranə xanım, eləcə də çoxsaylı yetirmələri var.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2012.- 15 noyabr.- S.7.