AMEA-da «Din
və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər» mövzusunda respublika
konfransı keçirilir
Noyabrın 14-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə
"Din və etiqad azadlığı: hüquqi, siyasi və
ictimai aspektlər" mövzusunda
beynəlxalq səviyyəli respublika konfransı işə
başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirin
məqsədi din və etiqad azadlığı məsələlərinin
hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq,
regional və milli hüquqi sənədlər çərçivəsində
dəyərləndirməkdir.
AMEA-nın İnsan
Hüquqları İnstitutunun direktoru, Milli Məclisin
deputatı Aytən Mustafayeva konfransda çıxış edərək bildirmişdir ki, Ümumdünya
İnsan Hüquqları Bəyannaməsində,
İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və digər beynəlxalq
sənədlərdə təsbit olunmuş
dini etiqad
azadlığı hüququna ölkəmizdə Azərbaycan Konstitusiyası və milli
qanunvericiliklə təminat verilmişdir.
Dini təriqətlər və təhlükəsizlik məsələlərindən
söz açan A.Mustafayeva qeyd etmişdir ki, qədim dövrlərdən digər dinlərə loyal münasibət göstərən, tolerant dövlət və zəngin tarixə malik Azərbaycanda
xristianlar,
yəhudilər, müsəlmanlar sülh və
bir-birilərinə hörmət
şəraitində dinc yanaşı
yaşamışlar. Lakin təəssüflər olsun ki, hazırda bəşəriyyət
inkişafın müasir mərhələsində
mövcud olan dinlərin
parçalanmasına istiqamətlənmiş, ölkə, cəmiyyət
və insan təhlükəsizliyinə ciddi hədə olan destruktiv, radikal dini təriqətlərlə
qarşılaşmışdır. Azərbaycanda da
yüzlərlə təriqət
qeydə alınmışdır. Onların arasında dinc, zərərsiz təriqətlərlə
yanaşı, millətimizin genofonduna, ölkəmizin milli
maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edənlər
də az deyildir. Həmin təşkilatların
nümayəndələri din pərdəsi altında ölkənin strateji vəziyyətini müəyyən edən
proseslər haqqında məlumatları
toplamaq imkanı verən strukturlar
yaradırlar.
A.Mustafayeva destruktiv və
dini törəmələrdən irəli
gələn təhlükələri nəzərə alaraq onların qeydiyyat
qaydalarını sərtləşdirməyin və bu qurumların ölkənin gənc nəslinə
təsirinin hədə yaradan məqamlarına
daha ciddi
yanaşmağın zəruriliyini vurğulamışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İskəndərov vicdan azadlığının cəmiyyətin
inkişaf meyarı kimi rolundan danışmışdır. O bildirmişdir ki,
müasir qloballaşan
dünyada baş verən
mürəkkəb siyasi kataklizmlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlər
beynəlxalq sülh və təhlükəsizlik
üçün ciddi
maneə olaraq qalmaqdadır. Bu baxımdan
dinin insan mənəviyyatında,
əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin
doğru məcraya yönləndirilməsi bilavasitə cəmiyyət həyatında
vicdan azadlığı meyarlarının
düzgün müəyyənləşdirilməsindən
asılıdır.
Komitə
sədri vurğulamışdır ki,
hazırkı mərhələdə də dövlətimizin din siyasətinin əsas məqsədi ölkədə
dini durumun müsbət
və münaqişələrdən uzaq
məcrada inkişafı üçün
əlverişli şəraitin yaradılmasından, həmçinin
cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.
Məhz buna görə də vətəndaşlarımızın
beynəlxalq səviyyədə tanınan fundamental
hüquqlarının, xüsusilə də vicdan
azadlığının qorunması yüksək səviyyədə
təmin edilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür
Paşazadə çıxış edərək demişdir ki, bu gün öz
tarixinin parlaq səhifələrindən birini yaşayan müstəqil
Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin
və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu
müqəddəs məkan olmuşdur. Tolerantlığın Azərbaycanda
çox möhkəm təməl
sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri
vardır.
A.Paşazadə Azərbaycanda
din-dövlət münasibətlərinin sarsılmaz zəmində
olduğunu və bu birliyin həmişə dövlətçiliyin
möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinə
və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini
vurğulamışdır. Bu gün Azərbaycanda bütün
insan hüquq və
azadlıqları kimi, dini
etiqad azadlığı da
yüksək səviyyədə qorunur və
buna qanunlarımızla təminat verilir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan pravoslav yeparxiyasının
başçısı Aleksandr İşeyin, Azərbaycan dağ
yəhudiləri icmasının rəhbəri Milix
Yevdayev Azərbaycanın müxtəlif
konfessiyaların dinc yanaşı fəaliyyət
göstərdiyi tolerant ölkə olduğunu
vurğulamış, burada bütün
dinlərə bərabər şərait
yaradıldığını, onlara eyni cür diqqət
göstərildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, dini icmaların dəstəklənməsi
dövlət səviyyəsində həyata keçirilir
və bu, xalqlarımız arasında uzun əsrlərdən bəri mövcud dost və qarşılıqlı anlaşma münasibətlərini daha da möhkəmləndirir.
Sonra konfrans işini plenar sessiyada davam etdirmişdir. İclasda mövzuya dair məruzələr dinlənilmiş, Azərbaycanda
din və etiqad azadlığının hüquqi,
siyasi və ictimai aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçılar
müzakirə olunan məsələlərlə bağlı
təklif və mülahizələrini bildirmişlər.
Tədbirdə Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının
məsul işçiləri,
Milli Məclisin deputatları, ölkəmizdə
fəaliyyət göstərən
konfessiyaların və
dini icmaların rəhbərləri, nazirlik
və komitələrin
nümayəndələri, beynəlxalq təşkilatların
təmsilçiləri, alimlər iştirak
etmişlər.
Konfrans noyabrın 15-də işini
davam etdirəcəkdir.
Azərbaycan.-2012.-
15 noyabr.- S.7.