Azərbaycanın Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin Sədri Abubakar Edelgeriyevlə görüşmüşdür

 

Noyabrın 15-də Azərbaycanın Baş naziri Artur Rasizadənin Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin Sədri Abubakar Edelgeriyevlə təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir.

Azərbaycanın Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin inkişafına böyük diqqət yetirdiyini bildirən Baş nazir Artur Rasizadə demişdir: "Azərbaycan və Rusiya arasında sıx dostluq münasibətləri mövcuddur. Əminəm ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana indiki səfəri Azərbaycan və Rusiya arasında əlaqələrin, o cümlədən Çeçenistan Respublikası ilə ikitərəfli münasibətlərin gələcək inkişafına xidmət edəcəkdir".

A.Rasizadə onu da vurğulamışdır ki, iqtisadiyyatın elə istiqamətləri vardır ki, həmin istiqamətlər üzrə sıx əlaqələr qurmaq, Çeçenistan Respublikasında qarşılıqlı faydalı layihələr həyata keçirmək mümkündür.

Çeçenistan Respublikası hökumətinin Sədri Abubakar Edelgeriyev bildirmişdir ki, Çeçenistan Respublikası və Azərbaycan Respublikası eyni regionda yerləşir və bir çox sahələrdə əməkdaşlıq üçün əlverişli mühit mövcuddur. O demişdir: "Azərbaycan sürətlə inkişaf edir. Çeçenistan Azərbaycanın sosial-iqtisadi sahədə topladığı təcrübədən yararlanmaq istərdi. Mədəniyyət, elm, habelə terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində münasibətləri inkişaf etdirmək üçün böyük potensial vardır".

Sonra "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyasının Çeçenistan Respublikası hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında" saziş imzalanmışdır. Sazişi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Çeçenistan Respublikası hökumətinin sədri Abubakar Edelgeriyev imzalamışlar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.2.