Azərbaycan və çeçen
xalqları arasında dostluq münasibətlərinin qədim tarixi vardır
Azərbaycanda səfərdə olan
Rusiya Federasiyası Çeçenistan Respublikasının
başçısı Ramzan Kadırov noyabrın 15-də
Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə
Çeçenistan Respublikasının
başçısını Milli Məclis Sədrinin birinci
müavini Ziyafət Əsgərov və digər rəsmi
şəxslər qarşılamışlar.
Ramzan Kadırov parlamentin inzibati
binası, iclas zalı ilə tanış olmuşdur.
Sonra ali qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə
zalına gələrək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini,
xarici ölkələrə səfərlərini,
eləcə də Azərbaycanda keçirdiyi
yüksək səviyyəli görüşləri əks
etdirən foto, video və
digər materiallara baxmışdır.
Daha sonra Milli Məclisin Sədri Oqtay
Əsədov ilə Çeçenistan
Respublikasının başçısı Ramzan
Kadırov arasında görüş olmuşdur.
Oqtay Əsədov demişdir
ki, Azərbaycan və çeçen
xalqları arasındakı dostluq
münasibətlərinin qədim tarixi
vardır. Respublikalarımız arasında da
geniş əlaqələr mövcuddur. İnanırıq ki,
sizin bu səfəriniz
əlaqələrimizin daha da genişlənməsinə və yeni müstəvidə inkişaf
etməsinə təkan verəcəkdir.
Milli Məclisin Sədri Azərbaycanın sürətli
inkişafı, regiondakı lider mövqeyi və dünyada
getdikcə artan nüfuzu
barədə qonağa ətraflı məlumat
vermiş, Azərbaycan ilə Çeçenistan arasında, siyasi,
iqtisadi, mədəni, humanitar
və digər sahələrdə ikitərəfli münasibətlərin
daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan
daha çox inkişaf edə bilərdi. Lakin
Ermənistanın ölkəmizə qarşı əsassız
ərazi iddiaları və bunun nəticəsində
yaranmış Dağlıq Qarabağ
münaqişəsi bu inkişafa
ciddi maneə yaradır. Azərbaycan
xalqı və dövləti bu problemin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və
prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır.
Oqtay Əsədov bu
münaqişə ilə bağlı nümayiş
etdirdiyi mövqeyə və Azərbaycanın
haqq səsini, ərazi bütövlüyünü
müdafiə etdiyinə görə, Çeçenistan
tərəfinə minnətdarlıq etmişdir.
Ramzan Kadırov onlara göstərilən
qonaqpərvərliyə və dostluq münasibətlərinə
görə minnətdarlığını bildirmişdir.
Azərbaycanın sürətli
inkişafının göz önündə olduğunu bildirən
R.Kadırov demişdir ki, Bakının siması günbəgün
dəyişir. Bu da ölkənin iqtisadi inkişafının
göstəricisidir.
Çeçenistanın da inkişaf
yoluna qədəm qoyduğunu vurğulayan qonaq demişdir ki,
indi Çeçenistanda da yaxşı investisiya mühiti
formalaşır. Azərbaycanın iş adamları
Çeçenistan iqtisadiyyatına sərmayə yatıra bilərlər
və bu, hər iki tərəfin xeyrinə olacaqdır.
Sonra görüşdə parlamentlərarası
əlaqələrin inkişaf perspektivləri, Azərbaycanın
və Çeçenistanın regionları arasında
münasibətlərin genişləndirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında geniş fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.2.