Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Vatikanda «Azərbaycanın zəngin
incilərinə tarixi
baxış» adlı
sərgi açılmışdır
Azərbaycan ilə Vatikan arasında
diplomatik münasibətlərin qurulmasının 20-ci
ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə noyabrın 14-də Vatikanda "Azərbaycanın
zəngin incilərinə tarixi baxış" adlı sərgi
açılmışdır.
Azərbaycan ilk müsəlman ölkəsidir
ki, Vatikanda mədəni dəyərlərinin nümayiş
olunduğu sərgi təşkil edir. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə təntənəli açılışı
olan sərginin əhəmiyyətini artıran ən
mühüm cəhət də məhz bu amillə
bağlıdır.
Sərginin
açılışından əvvəl Azərbaycan tərəfdən
mərasimdə iştirak edən Baş nazirin müavini
Elçin Əfəndiyev ilə Vatikanın mədəniyyət
naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə
Şurasının sədri kardinal Canfranko Ravazinin
görüşü olmuşdur. Görüşdə Azərbaycan
ilə Vatikan arasında əlaqələrin inkişafı,
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun bu sahədə mühüm
xidmətlər göstərdiyi bildirilmişdir. Həmçinin
son dövrlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Vatikanda keçirilən tədbirlərin xoş ənənəyə
çevrildiyi vurğulanmışdır. Görüşdə
ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasından ötən 20 il ərzində mühüm əməkdaşlıq
əlaqələrinin yaradıldığı diqqətə
çatdırılmışdır.
"Azərbaycanın zəngin incilərinə
tarixi baxış" adlı sərginin
açılışı münasibətilə təşkil
olunan mərasimdə çıxış edən Vatikanın
mədəniyyət naziri, Roma Papasının Müqəddəs
Arxeologiya üzrə Şurasının sədri kardinal
Canfranko Ravazi ölkələrimiz arasında yaranan əlaqələrin
mədəniyyət və humanitar sahədə daha çox
inkişaf etdiyini bildirmişdir. "Biz Azərbaycan ilə əlaqələrimizi
uğurlu hesab edirik" - deyən kardinal Ravazi
vurğulamışdır ki, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun təşəbbüsü ilə həyata
keçirilən layihələr bu əməkdaşlığın
inkişafında müstəsna əhəmiyyəti ilə
seçilir. Müqəddəs Roma katakombalarının bərpası
ilə bağlı Heydər Əliyev Fondunun
yardımını xatırladan kardinal Ravazi bunu mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq platformasının
mühüm nümunəsi kimi qiymətləndirmişdir.
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
salamlarını mərasim iştirakçılarına
çatdıran Baş nazirin müavini Elçin Əfəndiyev
ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və
keçdiyi inkişaf yolu barədə məlumat vermişdir.
Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan əsrlər
boyu dini dözümlülüyün, tolerantlığın əsas
məkanlarından biri kimi tanınmışdır və bu
proses bu gün də davam edir. Qeyd edilmişdir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunmuş, bir
milyondan çox soydaşımız qaçqın və məcburi
köçkünə çevrilmişdir.
"Bu gün açılan sərgi
Vatikanda Azərbaycana verilən dəyərin təzahürüdür"
- deyən Elçin Əfəndiyev Roma Papası II İohan
Pavelin ölkəmizə səfərini
xatırlatmışdır. O, qarşılıqlı səfərlərin
ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin
güclənməsinə mühüm təkan verdiyini
bildirmişdir.
Sonra "Azərbaycanın zəngin
incilərinə tarixi baxış" sərgisi
açılmışdır. Azərbaycan tarixinin və mədəniyyətinin
bütün dövrlərinin yüksək səviyyədə
təmsil olunduğu sərginin əsas cəhətlərindən
biri də ölkəmizin mədəniyyətlərin və
sivilizasiyaların kəsişmə məkanı kimi təqdim
olunması idi. Altı bölmədən ibarət sərgi ilə
tanış olan qonaqlara məlumat verilmişdir ki, burada ilk
insan məskənlərindən biri - Azərbaycan ərazisində
tapılan arxeoloji materiallar nümayiş etdirilir. Təqdim
olunan eksponatların hamısı Azərbaycanın mədəniyyətini
və həyat tərzini layiqincə əks etdirir. Müxtəlif
sənətkarlıq nümunələrinin - silahların, zinət
əşyalarının və qədim misgərlik məmulatlarının
nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni
irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə
və musiqi alətlərimizə də geniş yer
ayrılmışdır. Qədim əlyazmalar, müxtəlif
dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə
tolerantlıq ənənələrinin nə qədər
güclü dayaqlara söykəndiyini göstərir.
Azərbaycan xalçaları sərginin
ən qiymətli inciləri sırasındadır. Coğrafi
mövqeyinə, naxış kompozisiyasına, rənglərin
ahənginə və texniki xüsusiyyətlərinə
görə Azərbaycan xalçaçılıq məktəbinin
bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidəki
xalçalar milli və dünyəvi dəyərləri
qonaqlara təqdim edir.
Sərgi çərçivəsində
Heydər Əliyev Fondunun müxtəlif layihələrini əks
etdirən kitablar, bukletlər və digər nəşrlərlə
yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində
versiyası təqdim olunmuşdur.
"Azərbaycanın zəngin incilərinə
tarixi baxış" sərgisi dekabrın 5-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.2.