Bakıda MDB ölkələrinin V Bank konfransı keçirilir
Noyabrın 15-də
Bakıda MDB ölkələrinin "MDB-nin
maliyyə bazarları: yeni imkanlar
və qlobal risklər" mövzusunda
V Bank konfransı işinə
başlamışdır.
AzərTAc xəbər
verir ki, MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan
Beynəlxalq Bankının (ABB) təşkilatçılığı
ilə keçirilən konfransda Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev iştirak etmişdir.
İki günlük konfransın ilk günündə ABB İdarə Heyətinin
sədri Cahangir Hacıyev konfransın aktuallığından
və əhəmiyyətindən danışmış, tədbirin
əməkdaşlığımızın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini
diqqətə çatdırmışdır. Bildirilmişdir
ki, maliyyə və iqtisadi
böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin
həyata keçirilməsi, problemlərin geniş
müzakirəsi vacib məsələlərdəndir.
"ABB MDB
ölkələrinin təsərrüfat subyektləri
arasında əlaqələrin inkişafına, həmçinin
MDB-nin maliyyə sahəsində fəaliyyətinə
töhfəsini vermişdir" - ABB
İdarə Heyətinin sədri Cahangir
Hacıyev demişdir. ABB ölkənin bank bazarının risklərdən müdafiəsinə
yönəldilmiş çox ciddi ölçülər götürür.
Bir sıra banklar fəaliyyətini
dayandıracaqdır. Amma bu,
MDB banklarının ölkəyə gəlişi üçün yaxşı şərait
yaradır, çünki burada
yaxşı işgüzar mühit
vardır.
MDB İcraiyyə
Komitəsinin sədri-icraçı katib Sergey Lebedev ikitərəfli
ticarət, valyuta, hesablaşma
rejimlərinin təkmilləşdirilməsi məsələlərinin
aktuallığını diqqətə
çatdırmış, Azərbaycanın inteqrasiya
proseslərində mühüm rol oynadığını
vurğulamışdır. Qeyd etmişdir ki, bir sıra irimiqyaslı inteqrasiya
təşkilatlarının yaradılması, Avropada
maliyyə böhranının davam etməsi,
likvidliyin azalması ilə bağlı
müəyyən problemlər ortaya
çıxır. Bildirilmişdir ki, islam
bankçılığı kimi yeni alətlərin istifadəsi, milli valyutaların hesablaşmalarda
istifadə edilməsi çox vacibdir. İslam
bankçılığı önəmli məsələlərdəndir
və ABB-nin bu sahədə
gördüyü işlər yüksək
qiymətləndirilir.
Konfransda MDB ölkələri üçün vahid
maliyyə məkanının yaradılması məsələsi
də müzakirə olunacaqdır. Moskvada
maliyyə mərkəzinin yaradılması da
planlaşdırılır.
MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə
Şurasının sədri Anatoli Kazakov demişdir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən
bankların kapitallaşdırılmasına dair
tələblərin sərtləşdirilməsi ölkə
bazarını MDB bankları üçün
cazibədar edir. MDB-nin bank sistemi böyüməkdə
davam edir, onun aktivlərinin həcmi son
bir ildə 1,5 trilyon
dollaradək artmışdır.
Konfransda "MDB-də maliyyə
bazarlarının dayanıqlığı", "Xəzəryanı
maliyyə bazarları", "MDB məkanında Azad Ticarət Zonası şəraitində
bankların fəaliyyəti", "MDB-də beynəlxalq
maliyyə mərkəzlərinin yaradılması, regional inkişaf maliyyə
institutları", bank kapitalının hərəkəti,
fondlaşma institutları,
qarşılıqlı investisiya
imkanları, inteqrasiya proseslərində normativ
aktları və s. məsələlər
üzrə məruzələr dinlənilmiş, müzakirələr
aparılmışdır.
Konfrans çərçivəsində
mükafatlandırma mərasimi keçirilmişdir.
Azərbaycan Beynəlxalq Bankı MDB-nin
Beynəlxalq Bank Şurasının "MDB-nin ən yaxşı bankı"
mükafatına, idarə heyətinin sədri Cahangir
Hacıyev isə "MDB-nin ən
yaxşı bankiri" mükafatına layiq görülmüşlər.
MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq
Bankının (ABB) təşkilatçılığı ilə
keçirilən tədbirdə MDB ölkələrinin maliyyə
və bank qurumları, beynəlxalq maliyyə
təşkilatları, eləcə də Azərbaycanın bank və sığorta təşkilatlarının
nümayəndələri iştirak
etmişlər.
Tədbirin birinci gününün
yekununda mətbuat konfransı keçirilmişdir.
Azərbaycan.-2012.-
16 noyabr.- S.3.