Elektron elm problemləri üzrə I Respublika
elmi-praktik konfransı
öz işinə
başlamışdır
Noyabrın 15-də Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları
İnstitutunun təşkilatçılığı ilə
Elektron elm problemləri üzrə I Respublika elmi-praktik
konfransı öz işinə başlamışdır.
Tədbiri açan AMEA prezidenti akademik
Mahmud Kərimov yaşadığımız dövrdə
informasiya texnologiyalarının dinamik inkişafının və
tətbiqinin zəruri olduğunu, dünyada gedən bu proseslərin
elmin müxtəlif sahələrinə təsir etməklə
yeni reallıqları meydana çıxardığını
bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan
Prezidentinin gələcəklə bağlı əhəmiyyətli
çağırışları ölkədə biliyin
ön plana keçməsi, əmək fəaliyyətinin
informasiya-kommunikasiya texnologiyalarının (İKT)
imkanlarından istifadə etməklə daha yüksək səviyyədə
qurulması elektron elmin (e-elmin)
formalaşması üçün geniş zəmin
yaratmışdır.
Beynəlxalq səviyyədə e-elmlə
bağlı müxtəlif konsepsiyalar, proqramlar qəbul olunmuşdur.
İnformasiya cəmiyyəti məsələləri üzrə 2005-ci ilin noyabrında Tunisdə
keçirilən beynəlxalq sammitdə qəbul olunan qərarların
e-elmin formalaşmasında və inkişafında
böyük əhəmiyyəti
vardır. Azərbaycanda da bu istiqamətdə müəyyən
işlər görülmüşdür. UNESCO-nun xüsusi
komissiyasının tövsiyəsi ilə Trans-Avropa Elmi Tədqiqat
və Təhsil Şəbəkəsi Assosiasiyasında (TERENA)
qeydiyyata alınmış e-elmin şəbəkə
platforması olan "AzScienceNet Elm Kompyuter" şəbəkəsi
fəaliyyət göstərir, GRİD texnologiyaları əsasında
hesablama mühitlərinin yaradılması istiqamətində
də mühüm işlər görülmüşdür.
Bugünkü e-elmin problemlərinə həsr
olunmuş elmi-praktik konfrans ölkəmizdə formalaşan
informasiya cəmiyyətinə elmi dəstək verilməsi,
e-elmin məqsəd, vəzifə və inkişaf perspektivlərinin
müəyyən olunması, elmi qurumların fəaliyyətində
informasiya texnologiyalarının geniş tətbiqi problemlərinin
müzakirəsi, həlli yollarının axtarılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Rabitə və İnformasiya
Texnologiyaları naziri akademik Əli Abbasov ölkəmizdə
dövlət quruculuğu, güclü iqtisadiyyatın
yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin
rifahının yüksəldilməsi istiqamətlərində
aparılan məqsədyönlü işlərdən
danışmışdır.
Qeyd olunmuşdur ki, müəssisə və
təşkilatların fəaliyyətində şəffaflığın
təmin edilməsi üçün informasiya cəmiyyətinin
(İC) qurulması vacibdir. Elektron elm "Elektron Azərbaycan"
Dövlət Proqramı çərçivəsində
formalaşmaqda olan e-hökumətin tərkib hissəsidir. Son
illərdə İC quruculuğu sahəsində böyük
uğurlar əldə olunmuş, elmi qurumların fəaliyyətində
informasiya texnologiyalarının tətbiqi genişlənmişdir.
Ə.Abbasov həmçinin e-elmin
formalaşması istiqamətində qarşıda duran vəzifə
və perspektivlərdən ətraflı söhbət
açmışdır.
Ölkəmizdə informasiya cəmiyyətinin
formalaşması prosesinin uğurla inkişaf etdiyini qeyd edən
təhsil naziri Misir Mərdanov e-təhsil və e-elmin
inteqrasiyasının zəruriliyini önə çəkmiş,
təhsilin inkişafında informasiya texnologiyalarının
aparıcı rolundan danışmışdır.
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun
icraçı direktoru Elçin Babayev bildirmişdir ki,
hazırda dünyada qloballaşma prosesi gedir. Keçid
dövrünü uğurla başa vuraraq davamlı inkişaf
mərhələsinə qədəm qoyan Azərbaycan bu
qloballaşma proseslərinə öz dəst-xətti ilə
inteqrasiya olunmaqdadır. Bu isə Azərbaycanda ən yeni
texnologiyaların tətbiqini elmin inkişafı kontekstində
zəruri edir. Son dövrdə Azərbaycanda bu sahədə
sürətli və dinamik inkişaf müşahidə olunur.
Artıq informasiya texnologiyalarının tətbiqi genişlənmiş,
internet sürətlə inkişaf etmiş, radio-televiziya
yayımlarının keyfiyyəti yüksəlmiş, mobil
telefon və kompyuter istifadəçilərinə görə
Azərbaycan dünya dövlətləri arasında
öncül yer tutmuşdur.
"Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın əhəmiyyətini
vurğulayan Elçin Babayev bildirmişdir ki, strategiyada nəzərdə
tutulmuş əsas hədəflərdən biri də elmi fəaliyyətdə
islahatların aparılması, İKT-nin geniş tətbiqi,
e-elmin formalaşması prosesinin inkişaf etdirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası sədrinin müavini Vəli Hüseynov respublika
üzrə elmi kadrların hazırlanması və
ekspertizası prosesində "AzScienceNet" şəbəkəsinin
rolu və milli elektron elmi resurslarının yaradılması
və qiymətləndirilməsində bu şəbəkənin
potensial imkanları haqqında danışmışdır.
Tədbirdə çıxış edən
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev e-elmin
aktual elmi-nəzəri və texnoloji problemlərini nəzərə
çatdırmışdır. "E-elm"
proqramının yaradılmasında əsas məqsədin
respublikanın elmi idarə və təşkilatlarında
aparılan elmi-tədqiqat işlərinin bütün mərhələlərində
nəticələrin səmərəliliyini yüksəltmək,
onların bu sahədəki fəaliyyətini əlaqələndirmək
və istiqamətləndirmək, milli elmin inkişafına
kömək etmək və Azərbaycanın ümumdünya
elektron informasiya məkanına inteqrasiya olunmasını təmin
etməkdən ibarət olduğunu diqqətə
çatdırmışdır.
Konfransda e-elmin nəzəri və
texnoloji problemləri, şəbəkə infrastrukturu,
informasiya təhlükəsizliyi, elmmetriya, bibliometriya,
vebometriya, paylanmış hesablama sistemləri və
buludları, həmçinin e-elm və sosial şəbəkələr
ətrafında məruzələr dinlənilmişdir.
Konfrans işini seksiyalar üzrə
noyabrın 16-da davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.3.