Azərbaycan ilə Bolqarıstan arasında hüquqi sahədə əlaqələr inkişaf edir

 

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir ötən ay Bolqarıstana səfərini və ikitərəfli faydalı görüşü məmnunluqla xatırlatmışdır. Nazir  Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları barədə məlumat vermiş, ölkəmizdə hakimlərin seçim prosedurunun Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası tərəfindən müsbət nümunə kimi dəyərləndirildiyini bildirmişdir.

F.Məmmədov məhkəmə infrastrukturunun müasirləşdirilməsi barədə əhatəli tədbirləri qeyd edərək bu günlərdə dövlət başçısının iştirakı ilə respublikamızın ən böyük birinci instansiya məhkəmələrindən olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını xüsusi vurğulamışdır.

Bildirilmişdir ki, Dünya Bankı ilə birgə ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi həyata keçirilərək 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, Yasamal Rayon Məhkəməsinin yeni binası da bu layihə çərçivəsində milli memarlıq üslubunda, müasir standartlara uyğun inşa olunmuşdur. Bir sıra yenilikləri ilə fərqlənən binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilmiş, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Zalda həmçinin təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış zirehli şüşə otaqda saxlanılır. Məhkəmədə ilk dəfə olaraq tətbiq olunan və 6 qurumla eyni vaxtda videomüzakirələr aparmağa imkan yaradan videokonfrans telefon sistemi quraşdırılmışdır.

Tətbiq olunan müasir texnologiyalar təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verir. Açılış zamanı məhz bu texnologiyalardan istifadə olunaraq Bakı İstintaq Təcridxanası, habelə respublikamızın əlavə üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradılmışdır.

Bolqarıstanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və ölkələrimiz arasında əlaqələrin intensiv inkişaf etdiyini söyləyən qonaq ədliyyə nazirinin Bolqarıstana səfərinin hüquqi sahədə əməkdaşlığa əlavə təkan olduğunu vurğulayaraq qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirmişdir. Bundan sonra münasibətlərin daha da genişlənəcəyinə əminliyini vurğulayan L.Qruyev ölkəmizdə aparılan məhkəmə islahatlarını, o cümlədən infrastrukturun təkmilləşdirilməsi üzrə görülən işləri təqdir edərək ölkə rəhbərliyinin məhkəmə sisteminə yüksək diqqətini və bu sahənin müasirləşdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu xüsusi dəyərləndirmişdir.

Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, hakimlərin tədrisi, regional məhkəmələrin fəaliyyəti və s. məsələlər barədə faydalı fikir və təcrübə mübadiləsi aparılmış, nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanışlıq olmuşdur.

Eyni zamanda, Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin nümayəndə heyəti ölkəmizin regionlarına səfəri çərçivəsində yeni yaradılan məhkəmə infrastrukturuna maraq göstərərək Oğuz Rayon Məhkəməsinin müasir binası ilə tanış olmuşdur.

 

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.3.