Türkiyədə İƏT-yə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin beşinci iclası keçirilmişdir

 

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində İƏT-yə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin beşinci iclası keçirilmişdir.

İclası giriş sözü ilə Mehmet Mehdi Eker açmışdır.

Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu iclasın ölkələrimiz və yerləşdiyimiz region üçün vacib əhəmiyyətə malik olduğunu qeyd edərək, Azərbaycanın bütün dövrlərdə İƏT-nin fəaliyyətinə böyük önəm verdiyini və təşkilatın uğurlu fəaliyyətinin bütün üzv ölkələrin marağında olduğunu bildirmişdir. Nazir bu ilin oktyabr ayında Bakıda İƏT-nin 12-ci zirvə toplantısının uğurla keçirildiyini də diqqətə çatdırmışdır.

Nazir nəzərə çatdırmışdır ki, İƏT-nin kənd təsərrüfatı nazirlərinin bundan əvvəlki iclası 2008-ci ildə Bakıda keçirilmişdir. Həmin iclasda ölkəmizin növbəti illər üçün regional prioritetləri geniş müzakirə edilmiş və iclasın sonunda qəbul edilmiş Bakı bəyannaməsində qarşımıza bir sıra vəzifələr qoyulmuşdur. Həmin vaxtdan etibarən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində xeyli irəliləyişlərə nail olunmuşdur.

Nazir vurğulamışdır ki, İƏT çərçivəsində yaradılan regional təşəbbüslər təşkilata üzv ölkələrin aidiyyəti qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışmalı, üzv ölkələr bu mexanizmlərə yaxından inteqrasiya etməli və mexanizmlər vasitəsilə ötürülən mütərəqqi təcrübələri öz milli siyasətlərinə daxil etməlidirlər.

Nazir Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə iclas iştirakçılarına geniş məlumat vermişdir.

İ.Abasov ölkəmizdə dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyalar formasında birbaşa dəstəyin, vergi güzəştləri, güzəştli kreditlər formasında isə dolayı yolla dəstəyin göstərildiyini qeyd etmişdir.

Diqqətə çatdırılmışdır ki, 2012-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı sahəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artım olmuş və son 8-9 il ərzində ümumi daxili məhsul 3 dəfə artmış, yoxsulluqla mübarizədə böyük uğurlar qazanılmışdır.

Nazir çıxışında İƏT-yə üzv olan ölkələrlə ticarət dövriyyəsinə toxunaraq, 2011-ci ildə bu ticarət dövriyyəsinin 38 faiz, 2012-ci ilin 9 ayında 20 faiz artdığını və təşkilata üzv olan ölkələrlə çox səmərəli iqtisadi əlaqələrin olduğunu söyləmişdir.

İ. Abasov İƏT regionunda kənd təsərrüfatının inkişafının və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə regional səviyyədə səylərin artırılmasının və konkret regional layihələrin üzərində işlənilməsinin vacibliyini vurğulamışdır. Nazir bu kontekstdə iclas iştirakçılarının diqqətini İƏT-nin Regional Ərzaq Təhlükəsizliyi Proqramına yönəldərək, layihənin İƏT-yə üzv olan ölkələrin yaxından iştirakı üçün səylərin artırılmasının zəruriliyini bildirmişdir.

Vurğulanmışdır ki, dünya əhalisinin durmadan artdığı və ərzaq ehtiyatlarının məhdudluğu şəraitində hökumətlərin üzərinə düzgün və balanslaşdırılmış siyasətin müəyyən edilməsi kimi vacib missiya düşür. Ərzaq məhsullarının davamlı istehsalı, ərzaq təhlükəsizliyinin yerli, milli, regional və qlobal səviyyələrdə təmin edilməsinə nail olmaq məqsədilə hökumətlərlə vətəndaş cəmiyyəti və özəl sektor arasında dialoq genişləndirilməli, beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə koordinasiya gücləndirilməlidir və yalnız bu yolla 21-ci əsrin çağırışlarına effektiv cavab verə, ərzaq məhsullarının dayanıqlı istehsalına nail ola bilərik.

Nazir İsmət Abasov iclas çərçivəsində bir sıra görüşlər keçirmiş, Azərbaycanın aqrar sahədə əməkdaşlığının perspektivləri barədə həmkarları ilə fikir mübadiləsi aparmışdır.

İclasın sonunda Antalya bəyannaməsi qəbul edilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.3.