Bakıda «Yaşıl iqtisadiyyat» mövzusunda «dəyirmi masa» keçirilmişdir

 

Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü olduğu Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı çərçivəsində həyata keçirilən "Yaşıl həftə" layihəsinin 4-cü günündə "Hyatt Regency" hotelində "Yaşıl iqtisadiyyat" mövzusunda "dəyirmi masa" təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilmiş tədbirdə UNEP-in regional direktoru Jan Dusik çıxış edərək layihənin əhəmiyyətindən danışmışdır. "Yaşıl həftə" çərçivəsində ekoloji məsələlərlə bağlı bir sıra tədbirlərin həyata keçirildiyi "dəyirmi masa"da  Azərbaycanda "yaşıl iqtisadiyyat"ın perspektivlərinin, onun ilkin texniki qiymətləndirilməsinin müzakirə ediləcəyi bildirilmişdir.

J.Dusik demişdir ki, UNEP "yaşıl iqtisadiyyat" üzrə 2008-ci ildən tədbirlər həyata keçirir. Dünyada maliyyə böhranının tüğyan etdiyi bir vaxtda biz iqtisadiyyatın yaşıllaşdırılması sahəsində qlobal səviyyədə işlər müəyyənləşdirmişik. Amma bununla yanaşı, milli səviyyədə də tədbirlər keçirmək əzmindəyik. Bugünkü tədbir Azərbaycan üzrə "yaşıl iqtisadiyyat"ın texniki-iqtisadi vəziyyətinin ilkin qiymətləndirilməsinə həsr olunmuşdur. Burada Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə səmərəli  müzakirələr aparacağımıza ümid edirəm.

"Yaşıl iqtisadiyyat"ın həyata keçirilməsi üçün vacib olan şərtlərdən söz açan BMT-nin nümayəndəsi bildirmişdir ki, "yaşıl iqtisadiyyat" insanların həyat səviyyəsini, onun keyfiyyətini artırmaq üçün bir vasitədir. Bu həm də iqtisadi artımı dayanıqlı inkişafla uzlaşdırmaq üçün çox yaxşı fürsət və imkandır. Biz "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi yolu ilə Azərbaycanın bu sahədə regionda lider dövlətə çevrilməsinə kömək etmək istəyirik. Çalışırıq ki, bu, uzunmüddətli bir konsepsiya kimi Azərbaycanda təşəkkül tapsın və ekoloji problemlərlə üzləşən digər dövlətlər də sizin ölkənizdən örnək olaraq istifadə etsinlər, faydalansınlar. Bu, həm də Azərbaycanın UNEP proqramlarında liderliyi baxımından yaxşı bir fürsətdir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə də, son onillikdə onun iqtisadiyyatı sürətlə inkişaf etmiş, əvvəlki dövrlərə nisbətən altı dəfə artmışdır. Eyni zamanda, ətraf  mühitə atılan karbon qazı və birləşmələri Azərbaycanın Kioto Protokoluna qoşulduğu ilkin dövrdəkinə nisbətən iki dəfə azalmışdır. Bunun əsas səbəbi  ölkəmizdə "yaşıl iqtisadiyyat"  istiqamətində atılan mühüm addımlardır.

H.Bağırov ölkəmizdə meşə örtüklərinin azalmasının qarşısının alınması ilə bağlı görülmüş işlərdən, yeni meşələrin salınmasından, Azərbaycanın bir sıra rayonlarında bu istiqamətdə irimiqyaslı layihələrin həyata keçirilməsindən, son illər respublikamızda səkkiz milli parkın yaradılmasından söz açmış, bütün bunların ölkə iqtisadiyyatının yaşıllaşdırılmasına töhfə olduğunu bildirmişdir.

Azərbaycanda fəaliyyətə yeni başladığını qeyd edən  BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek təşkilatın dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələrdən və onların əhəmiyyətindən danışmışdır. 

Ekologiya və "yaşıl iqtisadiyyat" məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayan  A.Broek demişdir ki, bu məsələ BMT-nin  "Minilliyin inkişafı" gündəliyində də əksini tapmışdır. O, Azərbaycanın "yaşıl iqtisadiyyat"ın dəstəklənməsinə verdiyi töhfələri xüsusi vurğulamışdır.

SAM-in direktoru Fərhad Məmmədov ətraf mühitin qorunmasının vacibliyini qeyd etmiş, tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, məqsəd dövlətin icra strukturları, qanunverici orqanın nümayəndələri ilə özəl sektorun, elmi araşdırmalar mərkəzləri təmsilçilərinin mövzu ətrafında birgə müzakirələr aparmalarını təmin etməkdir. Bu işin gələcəkdə də davam etdiriləcəyini bildirən F.Məmmədov aparılan müzakirələrin səmərəli olacağına  və gələcək birgə diskussiyaların təməlini qoyacağına əminliyini vurğulamışdır.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun moderatorluğu ilə "Yaşıl iqtisadiyyat: strateji baxış və siyasət" mövzusunda panel iclası keçirilmişdir.

İclasda UNEP-in Avropa üzrə regional əlaqələndiricisi Mahir Əliyevin "Yaşıl iqtisadiyyat: inkişaf zərurəti", Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimovun "Yaşıl iqtisadiyyat mövzusunda tədqiqatın təqdimatı", Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin direktoru Akim Bədəlovun "Azərbaycanda yaşıl iqtisadiyyata keçid", Milli Məclisin deputatı Fuad Muradovun "Yaşıl inkişafda gənclərin rolu", "Təmiz şəhər" ASC İdarə Heyətinin sədri Zakir İbrahimovun "Tullantıların idarə olunması və yaşıl iqtisadiyyatın inkişafı", Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayevin "Yaşıl bələdiyyə təşəbbüsləri" mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.4.