Dövlət İdarəçilik
Akademiyasında «Yaşıl həftə» layihəsi çərçivəsində tədbir
keçirilmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevanın təşəbbüsü ilə
yaradılmış IDEA (International Dialogue for Environmental
Action) Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq
Dialoq Kampaniyası və BMT-nin Ətraf Mühit
Proqramının (UNEP) əməkdaşlığı ilə
Azərbaycanda ilk dəfə keçirilən
"Yaşıl həftə" layihəsi çərçivəsində
noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
(DİA) gənclər üçün ingilis dilində
xüsusi məruzə təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə
DİA-nın rektoru, akademik Urxan Ələkbərov ekoloji
problemlərin qlobal məsələlərdən biri
olduğunu diqqətə çatdırmışdır.
Dünyada, eləcə də Azərbaycanda
ekoloji maarifləndirmənin vacibliyindən danışan rektor
tədbirin əhəmiyyətini vurğulamışdır.
Qeyd etmişdir ki, ölkəmizdə birbaşa hökumətin
dəstəyi ilə uğurlu ekoloji siyasət aparılır.
Belə ki respublikamızda yeni qoruqların, milli parkların
yaradılması, meşə zolaqlarının
salınması və s. müvafiq sahədə
reallaşdırılan əhəmiyyətli tədbirlərdir.
Sonra BMT-nin Ətraf Mühit üzrə
Proqramının Ətraf mühit, əməkdaşlıq və
səhiyyə məsələləri üzrə regional
direktoru Vondvozen Asnak Kibret "Ətraf
mühit problemlərinin həllində gənclərin rolu:
BMT-nin Ətraf Mühit Proqramının təcrübəsində" mövzusunda məruzə
etmişdir. Məruzəçi gəncləri
yaşadığımız planetin gələcəyi barədə
indidən düşünməyə, fikir mübadiləsi
aparmağa və zəruri biliklər əldə etməyə
çağırmışdır. Bildirmişdir ki, insanlar
kiçik yaşlarından ətraf mühitlə bağlı
biliklərə yiyələnməli, özləri
üçün davranış qaydaları müəyyənləşdirməlidirlər.
V.A.Kibret, eyni zamanda, gənclərin ətraf
mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsinin,
müxtəlif müvafiq treninqlərin təşkil
olunmasının, diskussiya xarakterli görüşlərin
keçirilməsinin vacibliyini də
vurğulamışdır.
Sonra müzakirələr olmuş,
suallar cavablandırılmışdır.
Azərbaycan.-2012.-
16 noyabr.- S.4.