Xalqın etimadını
doğruldan partiya
Siyasi fəaliyyətin
istənilən məqbul formasının son hədəfi
reallığa adekvat mütərəqqi ideya və
proqramların xalqın iradəsinə söykənən
hakimiyyət vasitəsilə həyata keçirilməsidir.
Çoxluğun gələcək taleyini, onun mənafeyini
özündə ehtiva edən ümummilli siyasətə isə
yalnız dövlətinə və xalqına bağlı
şəxsiyyətlərin fəaliyyətində təsadüf
olunur. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini
hiss edən ləyaqətli, peşəkar siyasətçi
idarə edəndə dövlət daha qüdrətli, vətəndaş
isə özünü daha inamlı hiss edir.
Məhz yüksək
inam və etimadın nəticəsi kimi ictimai rəyin diqqəti
hansısa siyasi qüvvənin fəaliyyəti üzərində
köklənir. Cəmiyyətin maraq və mənafeyinə
uyğun siyasət yeritməyən, yaxud platformasının səmərəliliyini
inandırıcı dəlillər əsasında sübuta
yetirə bilməyən qüvvənin ictimai inam qazanması
isə qeyri-mümkün olur. Noyabrın 21-də
yaranmasının 20-ci ildönümü tamam olan Yeni Azərbaycan
Partiyasının (YAP) cəmiyyətdə alternativsiz siyasi
qüvvə kimi qəbul olunması da onun ötən illərdə
hər bir fərdin arzu və istəklərinin təminatçısına
çevrilməsi ilə şərtlənir. Bu mənada
YAP-ın yubileyi təkcə partiyamızın
çoxsaylı üzvləri üçün deyil,
ümumilikdə Azərbaycanın hər bir vətəndaşı
üçün son dərəcə əlamətdardır.
Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı
xaos və anarxiyadan, vətəndaş müharibəsindən,
iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin
itirilməsi təhlükəsindən xilas edib davamlı
sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna
çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının
yaranmasının iyirminci ildönümü ölkəmizin hər
bir guşəsində təntənəli şəkildə
qeyd olunur.
Bu da təbiidir. Çünki ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq
siyasi həyata vəsiqə almış Yeni Azərbaycan
Partiyası 20 illik zaman kəsiyində milli birliyin, vətəndaş
həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı
qismində çıxış etmişdir. Azərbaycanın
son 20 ildə keçdiyi mürəkkəb və ziddiyyətli
yola nəzər salarkən YAP-ın xalqın və dövlətin
taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini
tapır. Ötən illərin reallıqları "Heydər
Əliyev partiyası"nın kifayət qədər mürəkkəb
və çətin şəraitdə ictimai zərurətdən
yarandığını, xalqın mənafeyi naminə
qarşıya qoyduğu hədəflərə doğru inamla
irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq
missiyasının öhdəsindən əzmlə gəldiyini
göstərir.
Tarixi zərurətin
diktəsi
Yaşlı və orta nəslin
nümayəndələri yaxşı bilirlər ki, ötən
əsrin 90-cı illərinin əvvəlində
yaranmış ictimai-siyasi hərəkatların və
partiyaların heç biri ictimai-iqtisadi formasiya dəyişikliyinin
ilkin mərhələsində siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi
problemlərin öhdəsindən gəlmək iqtidarında
olmayıb. Siyasi konyunktur əsasında formalaşmış həmin
təşkilatların başlıca məqsədi hakimiyyət
uğrunda makiavelistcəsinə mübarizədən ibarət
olmuş, nəticədə hakimiyyət əvəzlənmələri
ölkənin düşdüyü vəziyyəti daha da
ağırlaşdırmış, vətəndaş
qarşıdurmasını gücləndirmişdi. Həmin
illərdə rəhbərlikdə olan qüvvələrin
naşı və yarıtmaz fəaliyyəti nəticəsində
hüquq-mühafizə orqanları üzərlərinə
düşən qanuni vəzifələri həyata keçirə
bilməmiş, ictimai həyatın müxtəlif sahələrində
hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait formalaşmış, daxildə
qeyri-sabit və təhlükəli vəziyyətə səbəb
olmuşdu. Hadisələrin gedişi də təsdiqlədi
ki, yalnız dəmir iradəyə, fitri idarəçilik
keyfiyyətlərinə, geniş siyasi
dünyagörüşə malik xarizmatik lider Azərbaycanın
dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək
və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən
gələ bilər. Belə bir ağır vaxtda Azərbaycanın
taleyini düşünən insanlar, nüfuzlu ziyalılar
ölkəni böhrandan çıxara biləcək yeni bir
partiya yaratmaq təşəbbüsü ilə
çıxış edir, xalqın sınanmış lideri
Heydər Əliyevin ətrafında sıx birləşirdilər.
Ulu öndərin şəxsiyyətinə
olan dərin ictimai inam və etimad bir sıra obyektiv
qanunauyğunluqlarla şərtlənirdi: əvvəla, hələ
keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik
etmiş Heydər Əliyevin necə böyük strateq,
peşəkar siyasətçi və lider olduğu ölkə
vətəndaşlarına yaxşı məlum idi. Məhz həmin
illərdə müstəqil Azərbaycan dövlətinin
iqtisadi, siyasi və ideoloji-mənəvi dayaqları
formalaşmış, dövlət idarəçiliyinin
bütün sahələrində uğurla çalışan
intellektual elita formalaşmışdı. İkincisi, 1991-ci ilin iyul ayında Heydər Əliyevin
Moskvadan Naxçıvana dönüşü ilə ölkənin
ağır böhrandan çıxarılması yolunda yeni mərhələ
başlanmışdı. Naxçıvanda gedən mütərəqqi
proseslərin bilavasitə müəllifi olan ümummilli liderin
belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə
qayıdışı bir tərəfdən
xalqımızın yekdil arzusu, digər tərəfdən
tarixin diktə etdiyi qaçılmaz,
qarşısıalınmaz bir zərurət idi. Həmin vaxt
Azərbaycanın başqa bölgələrindən fərqli
olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin,
ağır və acınacaqlı günlərini
yaşayırdı. Lakin ulu öndərin Naxçıvana
qayıdışı sabaha ümidini itirən, ağır vəziyyətdə
yaşayan naxçıvanlılarda böyük nikbinlik
yaratmış, muxtar respublika qısa müddətdə
üzləşdiyi blokada şəraitində bir çox
çətinlikləri dəf edə bilmişdi.
Gərginliklər içərisində
olan respublikada Yeni Azərbaycan Partiyasının
yaradılması heç də asan olmadı. Heydər Əliyevin
cəmiyyətdə artan nüfuzu AXC-Müsavat hakimiyyətini
ciddi narahat edirdi. Həmin qüvvələr ulu öndərin ən
qısa zamanda ümumxalq dəstəyi qazanmasından, hakimiyyətə
gəlməyə ən real namizəd olmasından təşvişə
düşmüşdü. Təsadüfi deyildi ki, o illərdə
Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi
üçün Kostitusiyaya yaş senzi ilə bağlı
qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında
xalqın iradəsinin ziddinə qəbul edilmiş bu
antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar,
imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə
insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq ulu
öndər Heydər Əliyevlə görüşlər
keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən
çıxarmaq üçün ondan kömək istəyir,
Azərbaycanın müxtəlif bölgələrində
mitinqlər keçirməklə müdrik siyasətçinin
respublika rəhbərliyinə qayıtmasını tələb
edirdilər.
Həmin ziyalılar 1992-ci il oktyabr
ayının 16-da ulu öndər Heydər Əliyevə Yeni
Azərbaycan Partiyasının yaradılması xahişi ilə
müraciət etdilər. Oktyabrın 24-də ulu öndərin
ziyalıların müraciətinə məktubla verdiyi
müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə
böyük məsuliyyəti üzərinə götürməkdən
çəkinməyən, cəsarətli və qətiyyətli
lider olduğunu bir daha təsdiqlədi. Ölkədə
hökm sürən hərc-mərclik, vətəndaş
qarşıdurması, insanların yaşayış səviyyəsinin
dözülməzliyi və getdikcə daha da pisləşməsi
ilə bağlı ziyalıların
narahatlığını və həyəcanını
bölüşən Heydər Əliyev məktubunda
yaranmış vəziyyəti təhlil etmiş və
çıxış yollarını göstərmişdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın
xilası naminə YAP-a rəhbərlik etməyə
razılıq verməsi onun böyük siyasətə
qayıdışının əsasını qoydu. 1992-ci il
noyabrın 21-də partiyanın təsis qurultayı
keçirildi. AXC hakimiyyətinin ümummilli liderin Bakıya gəlməsinə
ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq
istəyən insanların bir hissəsi - 550 nəfərdən
ibarət təşəbbüs qrupu Naxçıvana gedərək
təsis konfransını orada keçirməyə nail oldu. Təsis
konfransı Yeni Azərbaycan Partiyasının
yaradılması haqqında qərarı, partiyanın proqram və
nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə
partiyanın sədri seçildi.
YAP-ın qısa müddətdə
ölkənin siyasi sistemində aparıcı təşkilata
çevriləcəyi, onun ətrafında toplaşmış
intellektual potensialın xalqımızın ümummilli problemlərinin
həllində mühüm faktorlardan biri olacağı aksiom
idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə
ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev
kimi dünya şöhrətli liderin sədrlik etməsi
partiyanın cəmiyyətdə böyük siyasi nüfuza
malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin
böyük nüfuza və hörmətə malik yüksək
intellekt sahibləri partiya sıralarında birləşmişdi.
Üçüncüsü, partiya Azərbaycanın
bütün regionlarını təmsil edən ciddi sosial
bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan
Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə
doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim
etdiyi ideologiyanın cəlbediciliyində özünü
göstərirdi. Partiyanın qarşıya qoyduğu məqsədlərin
hamısı dövrün reallıqlarını əks
etdirdiyindən ictimaiyyətin böyük diqqətinə,
marağına səbəb olmuşdu. YAP cəmiyyətdə
mövcud olan ictimai maraqları mütəşəkkil şəkildə
realizə etməklə ölkə vətəndaşlarının
siyasi istinadgahına çevirməyi qarşısına məqsəd
qoymuşdu. Ən başlıcası, ölkənin üzləşdiyi
vəziyyət YAP kimi nüfuzlu partiyanın hakimiyyət
Olimpinə yüksəlişi yolunda bütün baryerləri
aradan qaldırırdı.
Ümummilli liderin 1993-cü il iyunun 9-da
xalqın təkidli istəyinə səs verərək
Bakıya qayıtması isə onun nə qədər qətiyyətli,
prinsipial, hər hansı riskdən çəkinməyən,
xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqlədi. Xalqın və həm də
o zaman çıxılmaz vəziyyətə
düşmüş AXC-Müsavat hakimiyyətinin istəyi ilə
Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş
etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən
məharətlə bəhrələnərək
xalqımızı vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən
qurtardı.
1993-cü ilin oktyabr ayının 3-də
YAP-ın sədri Heydər Əliyevin Prezident seçilməsi
ilə partiyanın həyatında yeni dövrün əsası
qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq
dəyişdi, ölkənin siyasi həyatında onun
tutduğu mövqe möhkəmləndi. YAP kütləvi
siyasi qüvvəyə çevrilərək ictimai həyatın
bütün sahələrində tərəqqiyə nail olmaq
məqsədilə yüksək fəallıq nümayiş
etdirməyə başladı.
Özünütəsdiq
və inkişaf mərhələsi
Yeni Azərbaycan Partiyası 1992-ci il
dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyatdan
keçdikdən sonra onun respublikanın bütün
rayonlarında yerli təşkilatları və özəkləri
yaradıldı. Partiyanın təsis konfransında qəbul
etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının
20-21-də keçirilən I qurultayında geniş müzakirə
olunaraq müəyyən əlavə və dəyişikliklər
edilməklə təsdiq olundu. Təşkilatın strateji xətti
təsbit edildi: Azərbaycanın dövlət müstəqilliyinin
qorunması və möhkəmləndirilməsi, onun müasir
beynəlxalq sistemdə layiqli yer tutması, ölkədə
hüquqi dövlət quruculuğu istiqamətində əsas
məqsəd və vəzifələr müəyyənləşdirildi.
Həmin qurultayda Heydər Əliyev yenidən partiyanın sədri
seçildi, o vaxt ARDNŞ-in birinci vitse-prezidenti olan cənab
İlham Əliyev sədr müavini vəzifəsinə irəli
çəkildi.
1999-cu ildə keçirilmiş bələdiyyə
seçkiləri də YAP-ın inamlı zəfəri ilə
başa çatdı, partiyanın yerlərdəki
nüfuzundan xəbər verən obyektiv göstərici rolunu
oynadı. 2000-ci il noyabrın 12-də Milli Məclisə
keçirilən seçkilərdə də Yeni Azərbaycan
Partiyası qalib gəlməklə 124 deputat yerindən 75-ni
tutdu, cəmiyyətdəki nüfuzunu daha da artırdı.
Partiyanın 2001-ci il noyabrın 21-də keçirilən II
qurultayında da təşkilat üçün
taleyüklü qərarlar qəbul edildi. Partiyanın Nizamnaməsinə
dəyişikliklər edildi və yeni təsis olunmuş sədrin
birinci müavini vəzifəsinə yekdilliklə cənab
İlham Əliyev seçildi. Qurultay partiyanın rəhbər
orqanlarını - 108 nəfərdən ibarət Siyasi
Şura üzvlərini və onların arasından 26 nəfərdən
ibarət idarə heyətini seçdi.
2003-cü il oktyabrın 15-də
keçirilən prezident seçkilərində YAP sədrinin
birinci müavini cənab İlham Əliyevin xalqın
böyük etimadı ilə Azərbaycan Respublikasının
Prezidenti seçildi və partiyanın siyasi taleyində tamamilə
yeni dövr başladı. 2004-cü ilin dekabr ayının
17-də olan bələdiyyə seçkilərində isə
YAP yerli özünüidarəetmə orqanlarında ən
çox təmsil olunan partiya kimi növbəti uğura imza
atdı.
Partiyanın 2005-ci il martın 26-da
keçirilmiş III qurultayında Prezident İlham Əliyevin
yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri
seçilməsi təşkilatın siyasi taleyində
irs-varislik əlaqələrini təmin etməklə
yanaşı, Heydər Əliyev ideyalarının reallaşdırılmasına
yeni imkanlar açdı. 2005-ci il noyabr ayının 6-da Milli Məclisə
seçkilərdə YAP yenidən inamla qələbə
çalaraq 62 deputat mandatına yiyələndi. 2 avqust 2008-ci
ildə YAP-ın IV qurultayı keçirildi və cənab
İlham Əliyevin növbəti müddətə prezidentliyə
namizədliyi irəli sürüldü. 2008-ci ilin 15
oktyabrında keçirilən növbəti prezident
seçkilərində də YAP-ın prezidentliyə namizədi
cənab İlham Əliyev parlaq qələbə qazanaraq
respublikanın davamlı və sürətli yüksəlişi
naminə əzmkar fəaliyyətini davam etdirmək imkanı əldə
etdi.
Yeni Azərbaycan Partiyasının 2008-ci
il dekabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə
və dəyişikliklər edilməsi ilə bağlı
Milli Məclisdə təşəbbüs irəli sürməsi
də obyektiv qanunauyğunluqlarla şərtlənirdi. Milli Məclis
YAP-ın təşəbbüsünü dəstəkləyərək
dekabrın 26-da "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavə və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktını qəbul etdi.
18 mart 2008-ci ildə keçirilmiş referendumda isə
seçicilərin mütləq əksəriyyəti YAP-ın
təşəbbüsünü müdafiə etdi.
Nəhayət, partiya 2010-cu ildə Azərbaycan
Respublikası Milli Məclisinə keçirilən IV
çağırış seçkilərdə parlaq qələbə
qazanaraq cəmiyyətdə böyük nüfuz sahibi
olduğunu təsdiqlədi.
BDU-nun çoxsaylı professor-müəllim
heyəti və tələbələri əmindirlər ki,
2013-cü ildə keçiriləcək növbəti prezident
seçkilərində də YAP-ın namizədi məhz cənab
İlham Əliyev olacaq, xalqımız onu uğurlu gələcəyə
aparan liderinin layiqli qələbəsinə səs verəcəkdir.
Sabitlik və
inkişafın ideoloji istinadgahları
YAP bu
gün cəmiyyətdə böyük nüfuza malikdir.
Partiyanın proqramında irəli sürülmüş əsas
vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların
dinc və firavan həyatının təmin edilməsi
xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını
təşkil edən müstəqil dövlətçilik,
qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül,
vətəndaş həmrəyliyi və sosial ədalət
prinsipləri YAP-ın qarşısında duran vəzifələrin
həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə
Azərbaycanın siyasi gələcəyinin ideya bazasına
çevrilmişdir.
Bütün bunların fonunda YAP-ın
20 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata
çevrildiyi, onun malik olduğu potensialın respublikanın
problemlərinin həllində mühüm faktorlardan biri kimi
çıxış etdiyi təkzibolunmaz həqiqətdir.
YAP-a cənab İlham Əliyev kimi güclü siyasi liderin rəhbərlik
etməsi partiyanın nəinki daxildə, eləcə də
respublikamızdan kənarda güclü və nüfuzlu siyasi
qüvvə kimi qəbul olunmasını təmin edir.
Yeni Azərbaycan Partiyasının siyasi
fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət
reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində
özünü göstərir. Partiyanın qarşıya
qoyduğu məqsədlər bütün dövrlərdə
zamanla səsləşdiyindən, ictimaiyyətin böyük
diqqətinə, marağına səbəb olur. Hakim partiya məhz
ictimai maraqları mütəşəkkil şəkildə
realizə etməklə ölkə vətəndaşlarının
siyasi istinadgahına çevrilməyə nail olmuşdur.
Ölkənin xüsusən də son illər əldə
etdiyi böyük uğurlar YAP kimi nüfuzlu partiyanın
hakimiyyət Olimpində qalması və daha da möhkəmlənməsi
yolunda bütün siyasi baryerləri aradan qaldırır.
Yaşadığımız tarixi
dövrün reallıqları müstəqil dövlət
quruculuğu prosesində xalqın iradəsini əsas imperativ
kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa,
səriştəliyə əsaslanıb əhalinin
bütün səylərini birləşdirməklə
sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi,
dünyəvi dövlət qurmağı tələb edir. Odur
ki, müstəqil, güclü və qüdrətli dövlətçilik
Yeni Azərbaycan Partiyasının birinci əsas prinsipidir. Ulu
öndər Heydər Əliyev və onun layiqli
davamçısı cənab İlham Əliyev ötən illərdə
dövlətçiliyin xəyanətkar qəsdlərdən
qorunması və Azərbaycanın müstəqilliyinin daha da
möhkəmləndirilməsi naminə bütün zəruri
tədbirləri həyata keçirmişlər. Bu mənada
Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə
Azərbaycanın müstəqilliyinin qorunub saxlanması,
möhkəmləndirilməsi və inkişaf etdirilməsi
prinsiplərinə söykənmiş, hüquqi dövlət
quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı,
mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik
və xarici siyasət problemlərinin həlli, milli-mənəvi
inkişaf istiqamətində görülən işlər
bütünlüklə müstəqillik amilinin praktiki
baxımdan bərqərar olmasına yönəlmişdir.
Hüquqi dövlət və vətəndaş
cəmiyyəti hakimiyyətin qanunverici, icraedici, məhkəmə
qollarına bölünməsini, onlar arasında bir-birini
tamamlayan qarşılıqlı münasibətlərin
yaradılmasını tələb edir. Sivil, demokratik dövlətin
fundamental əsaslarından birini təşkil edən bu əsas
prinsip ictimai praktikada reallaşdırılmadan qanunların
aliliyi, idarəetmədə peşəkarlığın
üstünlüyü və dövlət idarəçiliyinin
mükəmməlliyi təmin edilə bilməz. YAP bu
reallıqları nəzərə alaraq ilk növbədə cəmiyyətdə
qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirməyə
çalışır. Partiyanın
qüvvədə olan Nizamnaməsinin 1-ci maddəsində
deyilir: "Yeni Azərbaycan Partiyası Azərbaycan
Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində,
özünün Nizamnaməsi və Proqramı əsasında
- Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş
cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı
ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət
göstərən vətəndaşların birləşdiyi
parlament tipli siyasi partiyadır".
Dünya praktikası sübut edir ki,
hüquqi dövlət və vətəndaş cəmiyyətində
qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara
hörmət etməklə vətəndaş birliyi
yaranır. Məhz bu baxımdan partiyanın amallarından əsası
cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar
çərçivəsində insanların və hakimiyyət
orqanlarının fəaliyyətini tənzimləməkdir.
Ötən illərdə bu istiqamətlərdə çox
böyük nailiyyətlər əldə olunmuşdur və
Azərbaycan hazırda demokratik, hüquqi, dünyəvi
dövlət kimi tanınır. İqtisadi
islahatlara paralel olaraq hüquqi və demokratik islahatlar da davam
etdirilir.
YAP-ın 20 ildəki ən böyük
uğurlarından biri partiyanın cəmiyyətin
bütün təbəqələrinin maraqlarını ifadə
edən ümummilli siyasət yürütməsidir. Partiya
dilindən, dinindən, etnik və sosial mənşəyindən
asılı olmayaraq Azərbaycan dövlətinə, onun
qanunlarına tabe olan, ölkədə və onun
hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımızı Azərbaycan vətəndaşı,
Azərbaycanı isə onların ümumi, bölünməz
vətəni, doğma yurdu sayır. Partiya hesab edir ki, Azərbaycan
dövləti ölkə vətəndaşlarının milli
varlığının, birliyinin, dinc və firavan həyatının
təmin edilməsinin, hər kəsin hüquq və
azadlıqlarının qorunmasının yeganə, etibarlı
vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas
prinsipi özündə milli, mənəvi və ümumbəşəri
dəyərləri əks etdirən Azərbaycançılıq
və Vətənçilikdir.
Varislik və yaradıcı təkamül
hakim partiyanın fəaliyyətinin əsas ideoloji
istinadgahlarından biridir. Partiya hesab edir ki, yeni cəmiyyət
quruculuğunda tarixin ibrət dərslərindən nəticə
çıxarılması, keçmişin obyektiv,
yaradıcı-konstruktiv istiqamətdə tənqid və təhlil
olunması zəruridir. Bu məsələdə nihilizmə
yuvarlanaraq keçmişə nifrət hissindən
çıxış etmək cəhdlərini yolverilməz
sayan YAP cəmiyyətin inkişaf qanunauyğunluqlarını
nəzərə alaraq islahatların təkamül yolu ilə
aparılması tərəfdarı kimi çıxış
edir, "inqilabi dəyişikliklər"ə qarşı
çıxır. Bununla əlaqədar partiyanın
dördüncü əsas prinsipi özündə milli-mənəvi
dəyərlərin ümumbəşəri dəyərlərlə
zənginləşməsini və onların yaradıcı təkamül
yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin
varislik və yaradıcı təkamül prinsipinə əsaslanması
həm cəmiyyətin, həm də ictimai şüurun
inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin
qüdrətli vasitəsinə çevrilir.
Şübhəsiz, ictimai-siyasi sabitliyə
nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan
hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail
olmaq mümkün deyildir. Bu gün demokratik normalar
qanunların və milli dəyərlərin tənzimlədiyi
sərhədlərdən kənara çıxmır və
dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur
tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda
həqiqi demokratiya da məhz Heydər Əliyevin milli dövlətçilik
irsinin təcəssümü kimi formalaşmışdır.
Bu irs demokratiyanın kütləvi özbaşınalıq
kimi başa düşülməsinə, yaxud da ifrat Qərb
demokratiyasının neqativ cəhətlərini özündə
ehtiva etməsinə yol vermir. Bu kursun bütün sahələrdəki
tənzimləmə funksiyası ideoloji müstəvidə də
özünü doğrultmuşdur.
YAP sülh və barışı rəhbər
tutan partiya kimi konstruktiv əməkdaşlıq və vətəndaş
həmrəyliyi prinsiplərinə də sadiqlik nümayiş
etdirir. Partiya hesab edir ki, cəmiyyətin yeniləşməsi
naminə Azərbaycan vətəndaşlarının
qarşısında duran ali məqsədlərdən birini də
sağlam qüvvələr arasında vətəndaş həmrəyliyinə
və konsensusa nail olmaq, dövlətçiliyin möhkəmləndirilməsi
naminə istənilən qarşıdurmanı rədd edərək
şəxsi, qrup maraqlarını aradan qaldırmaq təşkil
edir. Prezident İlham Əliyev 2003-cü ilin prezident, 2005-ci
ilin parlament seçkilərində ölkədə
iğtişaşlar yaradan qüvvələri, adı qondarma
siyasi məhbus siyahısına salınanları əfv etməklə
YAP-ın platformasında əksini tapmış prinsiplərə
sadiqlik göstərmişdir. Yeni Azərbaycan Partiyası bu
gün də ümummilli məsələlərdə ölkəmizdə
fəaliyyət göstərən mütərəqqi və
sağlam mövqeyə malik təşkilat və partiyalarla
konstruktiv əməkdaşlığa hazırdır.
YAP yarandığı gündən sosial ədalət
prinsipinə də sadiqlik nümayiş etdirmişdir.
Keçmiş sovetlər birliyi dövrünün "Bir nəfər
hamı üçün, hamı bir nəfər
üçün" kimi populist şüarından fərqli
olaraq, hakim partiya sosial ədalət baxımından cəmiyyətin
bütün təbəqələrinə bacarıq və
qabiliyyətlərinə görə bərabər imkanlar
yaratmağın zəruriliyini önə çəkir.
Partiyanın qənaətincə, hüquqi dövlətdə
hər bir insan özünün fərdi keyfiyyətlərindən
asılı olaraq hamı üçün yaradılan şəraitdən,
qanun və imkanlar qarşısındakı bərabərlikdən
məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını
eyni dərəcədə ödəyə bilmir. Lakin
sosialyönümlü iqtisadiyyata malik ölkələrdə
dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən
istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin
imkansızlara yardımını və onların
yaşayışı üçün minimum həyat şəraitinin
təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə
sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini
qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.
Yeni Azərbaycan Partiyasının
platformasına əsasən, ölkəmizdə
formalaşmaqda olan sosial müdafiə modeli dövlət
quruculuğu fəlsəfəsində aparıcı elementlərdən
biri, ümumi siyasətin mühüm tərkib hissəsi
olmaqla, cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın
rifahının yüksəldilməsinə, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunmasına, habelə şəxsiyyətin azad inkişafı
üçün bərabər imkanlar yaradılmasına xidmət
edir. Ötən 20 ildə Azərbaycan Respublikasında əhalinin
sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar,
fərman və sərəncamlar, respublikamızın
qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial
müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə
prinsipcə yeni vəzifələr yaratmış,
qarşıya milli normaların beynəlxalq təcrübəyə
uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə
yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi
kimi tələblər qoymuşdur.
Sonda onu da vurğulamaq istərdik ki, Yeni Azərbaycan
Partiyasının proqramında əksini tapmış müddəalar
Bakı Dövlət Universitetinin professor-müəllim və
tələbələrinin böyük əksəriyyəti tərəfindən
dəstəklənir, ölkənin davamlı və sabit
inkişafının uğur formulu kimi qəbul edilir. Təsadüfi
deyil ki, partiyanın universitet təşkilatı ildən-ilə
güclənir, ölkə başçısı, YAP lideri cənab
İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin
öhdəsindən uğurla gəlməyə
çalışır. BDU-nun çoxminli kollektivi ona da əmindir
ki, Prezident İlham Əliyev və onun sədri olduğu Yeni
Azərbaycan Partiyası qarşıdakı illərdə də
ölkənin inkişafı və qüdrətlənməsi
naminə səmərəli fəaliyyətini davam etdirəcəkdir.
Abel MƏHƏRRƏMOV,
YAP İdarə
Heyətinin üzvü,
Milli Məclisin
deputatı,
Bakı Dövlət
Universitetinin rektoru,
Akademik
Azərbaycan.-2012.-
16 noyabr.- S.5.