YAP-ın fəaliyyətinin ən
böyük uğuru bugünkü müstəqil, sürətlə inkişaf edən,
modernləşən qüdrətli Azərbaycandır
Respublikamızın ictimai-siyasi həyatında
xüsusi yeri olan Yeni Azərbaycan Partiyasının
yaranmasından 20 il ötür. Partiyanın yubileyinin ölkəmizin
ictimai-siyasi həyatında mühüm hadisələrdən
biri kimi qeyd olunması tamamilə təbiidir. Mübaliğəsiz
deyə bilərəm ki, YAP-ın yubileyi təkcə
partiyamızın yüzminlərlə üzvü
üçün deyil, ümumilikdə Azərbaycanın
dünəninə, bugününə və sabahına biganə
olmayan vətəndaşlarımız üçün son dərəcə
əlamətdardır. Həm də müstəqilliyin bərpasının
iyirmi illik yubileyindən sonra ən mühüm tarixi məqamdır.
Hər iki tarixi yubiley arasında müəyyən paralellər
aparmağımız, əlbəttə ki, müəyyən
tarixi qanunauyğunluqlarla şərtlənir.
YAP və onun böyük lideri, ulu
öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə
mürəkkəb, ağır bir dövrdə xalqın təkidli
tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini
üzərinə götürməsəydi, biz çətin
ki, bugünkü müstəqil, qüdrətli, sürətlə
inkişaf edən, regionun lider dövlətinə çevrilən
Azərbaycandan danışa biləcəkdik. Məhz bu
reallıqdan çıxış edərək demək istərdim
ki, xalqımız öz taleyində müstəsna rol oynayan,
ölkəmizi xaos və anarxiyadan, vətəndaş
müharibəsindən, iqtisadi tənəzzüldən, bir
sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən
xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş
yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan
Partiyasının yaranmasının iyirminci
ildönümünü təntənə ilə qeyd edir.
Heydər Əliyev ideyalarının
daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə
vəsiqə alması hələ 1988-ci ildən başlayaraq
respublikada cərəyan edən hadisələrin yekunu,
ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda
siyasi qurumların formalaşması prosesi ötən əsrin
80-ci illərinin sonundan başlanan xalq hərəkatı
dövrünə təsadüf etmiş, 90-cı illərin əvvəlində
bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin
müəyyən konyunktur məqsədlər naminə
yaradılan bu qurumlar respublikanı üzləşdiyi
ağır iqtisadi, siyasi, hüquqi, mənəvi böhrandan nəinki
qurtara bilmədilər, əksinə, mövcud vəziyyəti
daha da ağırlaşdıraraq təhlükəli böhran
vəziyyətinə çatdırdılar. Xüsusən də
AXC-Müsavat cütlüyünün hakimiyyətdə
olduğu dövrdə ölkəni bürümüş dərin
siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi
sayılan ziyalıları, tanınmış insanları son dərəcə
narahat edirdi. Məhz ona görə də Azərbaycanın
taleyini düşünən insanlar ölkəni böhrandan
çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü
ilə çıxış edir, xalqın sınanmış
lideri Heydər Əliyevin ətrafında birləşirdilər.
Bunun digər obyektiv səbəbləri də var idi: əvvəla,
hələ keçmiş ittifaq dövründə respublikaya
inamla rəhbərlik edən Heydər Əliyevin necə
böyük strateq, peşəkar siyasətçi və lider
olduğu ölkə vətəndaşlarının
böyük əksəriyyətinə yaxşı məlum
idi.
İkincisi, 1991-cı ilin iyul ayında
böyük dövlət xadimi və dünya şöhrətli
siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana
dönüşü ilə ölkənin ağır
böhrandan çıxarılması yolunda mühüm mərhələ
başlanmışdı. Naxçıvanda gedən mütərəqqi
proseslərin bilavasitə müəllifi olan ümummilli liderin
belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə
qayıdışı bir tərəfdən
xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər
tərəfdən bu, tarixin diktə etdiyi qaçılmaz,
qarşısıalınmaz tarixi zərurət idi. Həmin
dövrdə Azərbaycanın başqa bölgələrindən
fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin,
ağır və acınacaqlı günlərini
yaşayırdı. Lakin ulu öndərin Naxçıvana
qayıdışı sabaha ümidini itirən,
acınacaqlı vəziyyətdə yaşayan biz gənclərdə
müəyyən nikbinlik yaratmışdı.
Ümummilli lider Heydər Əliyev
1990-cı il sentyabrın 30-da Naxçıvan parlamentinə
deputat seçilməklə yenidən fəal siyasət
meydanına qədəm qoydu. Cəmi bir il sonra - 1991-ci il
sentyabrın 3-də isə əhalinin təkidli xahişi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə
seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən
qurtarmaq, həm də erməni təcavüzündən
qorumaq üçün taleyüklü bir xilaskarlıq
missiyasını çiyinlərinə götürdü.
Azərbaycan 1991-ci ilin 18 oktyabrında
dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyətdə
xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi
qüvvənin olmaması ilkin mərhələdə
özünü ciddi problem kimi göstərmiş, ölkədə
ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə,
vətəndaşların hüquq və
azadlıqlarının addımbaşı pozulmasına, dövlətçiliyə
potensial təhdid olan cinayətkar qruplaşmaların baş
qaldırmasına gətirib çıxarmışdı. Həmin
illərdə, respublikanın günbəgün uçuruma
yuvarlandığı, insanların çörəklə
imtahana çəkildiyi bir vaxtda Naxçıvan Muxtar
Respublikasında həyata keçirilən islahatlar, qonşu
dövlətlərlə qurulan iqtisadi-siyasi münasibətlər,
iqtisadiyyatda əldə edilən müsbət dəyişikliklər
fonunda Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə
gəlməsi ölkə vətəndaşlarının
ümumi arzusuna çevrilmişdi. O zamankı böhranlı
və ağır şəraitdə respublikanın gələcəyini
düşünən, reallığı adekvat qiymətləndirməyi
bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də
xalqın düçar olduğu bəlalardan qurtulması
üçün çıxış yolunu məhz ulu öndər
Heydər Əliyevin böyük siyasətə
qayıdışında görürdük.
Heç şübhəsiz, Heydər Əliyevin
cəmiyyətdə artan nüfuzu hakimiyyətdə olan
qüvvələri ciddi narahat edirdi. Onlar ulu öndərin ən
qısa zamanda ümumxalq dəstəyi qazanmasından, hakimiyyətə
gəlməyə ən real namizəd olmasından ciddi təşvişə
düşmüşdülər. Məhz bu səbəbdən
də o illərdə Heydər Əliyevin Azərbaycan
Prezidenti seçilməsinin əngəllənməsi
üçün Konstitusiyaya yaş senzi ilə bağlı
qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında
xalqın iradəsinin ziddinə qəbul edilmiş bu
antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar,
imzatoplama kampaniyaları keçirilirdi. Eyni zamanda, biz
mübariz ruhlu gənclərlə birlikdə Azərbaycan
Respubllikası Ali Sovetinin qarşısında 13 gün davam edən
mitinq keçirərək Konstitusiyadan yaş senzi ilə
bağlı qondarma maddənin çıxarılmasını,
Heydər Əliyevin prezident seçkilərində namizədliyinin
qeydə alınmasını tələb edirdik. Ziyalılar,
sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz
tutaraq ulu öndər Heydər Əliyevlə
görüşlər keçirir, xalqı
düşdüyü acınacaqlı vəziyyətdən
çıxarmaq üçün ondan kömək istəyir,
Azərbaycanın müxtəlif bölgələrində
mitinqlər keçirməklə müdrik siyasətçinin
respublika rəhbərliyinə qayıtmasını tələb
edirdilər. Həmin illərdə müəyyən səbəblərdən
Naxçıvana gedə bilməyənlər isə MR Ali Məclisinin
sədri Heydər Əliyevin ünvanına minlərlə
müraciət, teleqram göndərərək xalqı
düşdüyü bu bəlalardan qurtarmağı xahiş
edirdilər.
Nəhayət, respublikanın mütərəqqi
fikirli ziyalıları, o cümlədən gənclər
1992-ci ilin ortalarından etibarən yeni siyasi mübarizə
yolu seçərək ümummilli liderin rəhbərliyi ilə
partiya yaratmaq qərarına gəldilər. Həmin
ziyalılar oktyabr ayının 16-da ulu öndər Heydər Əliyevə
Yeni Azərbaycan Partiyasının yaradılması xahişi
ilə müraciət etdilər. Oktyabrın 24-də ulu
öndərin ziyalıların müraciətinə verdiyi
müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə
böyük məsuliyyətin altına girməkdən çəkinməyən,
cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi.
Heydər Əliyevin Azərbaycanın
xilası naminə, xalqın mütəşəkkil tələbi
və istəyi ilə YAP-a rəhbərlik etməyə
razılıq verməsi ulu öndərin böyük siyasətə
qayıdışının əsasını qoydu. 1992-ci il
noyabrın 21-də partiyanın təsis qurultayı
keçirildi. AXC-Müsavat iqtidarının ümummilli liderin
Bakıya gəlməsinə ciddi maneələr yaratması
ucbatından partiyanı formalaşdırmaq istəyən
insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs
qrupu Naxçıvana gedərək təsis konfransını
orada keçirməyə nail oldular. Təsis konfransı Yeni
Azərbaycan Partiyasının yaradılması haqqında qərarı,
partiyanın Proqram və Nizamnaməsini qəbul etdi, Heydər
Əliyev yekdilliklə partiyanın sədri seçildi. Həmin
dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin
canlı şahidi olaraq bu qənaətdəyəm ki, Azərbaycanda
merkantil maraqlar ətrafında formalaşmış bir sıra
qondarma siyasi qurumlardan fərqli olaraq Yeni Azərbaycan
Partiyası ayrı-ayrı şəxslərin deyil,
bütövlükdə tarixi zərurəti dərk edən
yüz minlərlə vətənpərvər insanın
yüksək mübarizliyi nəticəsində yaranmış
siyasi partiyadır.
Tarixdən məlumdur ki, dövlət və
cəmiyyət həyatında rol oynayan, demokratik, hüquqi,
sivil, dünyəvi dövlətçiliyin təməl
prinsiplərindən, əsas atributlarından sayılan siyasi
partiyalar, adətən, zərurətdən və milli tələbatdan
yaranırlar. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis
qurultayını keçirmiş YAP qısa müddətdə
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
formalaşaraq fəaliyyətə başladı. Partiyamız
cəmiyyətdə özünə möhkəm dayaqlar tapan
güclü siyasi təşkilata çevrilərək
qarşıya qoyduğu hədəflərə doğru əzmlə
irəlilədi. Əlbəttə, yarandığı gündən
müstəqil Azərbaycanda hüquqi-demokratik, dünyəvi
dövlət və vətəndaş cəmiyyəti yaratmaq
uğrunda fəal mübarizəyə atılan YAP-ın siyasi
partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində
- 7 ay sonra Azərbaycanda hakimiyyətə gəlişi, ilk
növbədə, Heydər Əliyev şəxsiyyətinə
olan yüksək ictimai inamın, etimadın təzahürü
idi.
YAP Azərbaycan Respublikasının
Konstitusiyası və qanunvericiliyi çərçivəsində,
özünün Nizamnaməsi və Proqramı əsasında
fəaliyyət göstərən, sıralarında Azərbaycanda
hüquqi dövlət, sabit və sosialyönümlü
iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq
ideyalarını qəbul edən vətəndaşları
birləşdirən sağ mərkəzyönümlü
siyasi partiya kimi cəmiyyətdə böyük nüfuza malik
idi. Partiyanın Proqramında irəli sürülmüş əsas
vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların
dinc və firavan həyatının təmin edilməsi - vətəndaşları
tam qane edirdi. Partiya məfkurəsinin əsasını təşkil
edən müstəqil dövlətçilik, qanunçuluq,
azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş
həmrəyliyi və sosial ədalət prinsipləri
qarşıda duran vəzifələrin həyata keçirilməsinin
ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın
siyasi gələcəyinin də ideya bazasını şərtləndirirdi.
Bütün bunların fonunda YAP-ın qısa müddətdə
ölkənin siyasi sistemində aparıcı bir təşkilata
çevriləcəyi, ətrafında toplaşmış
intellektual potensialın xalqımızın ümummilli problemlərinin
həllində mühüm faktorlardan biri olacağı təkzibolunmaz
həqiqət idi. Bir sıra səbəblər bu qənaətə
gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla,
YAP-a Heydər Əliyev kimi dünya şöhrətli liderin sədrlik
etməsi partiyanın cəmiyyətdə böyük siyasi
nüfuza malik olmasını şərtləndirirdi.
İkincisi, ölkəmizin böyük nüfuza və
hörmətə malik yüksək intellekt sahibləri YAP
sıralarında toplaşmışdı.
Üçüncüsü, partiya Azərbaycanın
bütün regionlarını təmsil edən sosial bazaya əsaslanırdı.
Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin
ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə
təqdim etdiyi ideologiyanın cəlbediciliyində
özünü göstərirdi. Partiyanın qarşıya
qoyduğu məqsədlərin hamısı dövrün
reallıqlarını əks etdirdiyindən ictimaiyyətin
böyük diqqətinə, marağına səbəb
olmuşdu. YAP cəmiyyətdə mövcud olan ictimai
maraqları mütəşəkkil şəkildə realizə
etməklə ölkə vətəndaşlarının
siyasi istinadgahına çevrilməyi qarşısına məqsəd
qoymuşdu. Ən başlıcası, ölkənin üzləşdiyi
vəziyyət YAP kimi nüfuzlu partiyanın hakimiyyət
olimpinə yüksəlişi yolunda bütün baryerləri
aradan qaldırırdı.
Bu gerçəklik fonunda deyə bilərəm
ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da
xalqın təkidli istəyinə səs verərək
Bakıya qayıtması onun nə qədər qətiyyətli,
prinsipial, heç bir riskdən çəkinməyən,
dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət
olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin,
dərəbəyliyin hökm sürdüyü, qanunsuz
silahlı dəstələrin at oynatdığı,
düşmənlə mübarizə apara biləcək nizami
ordunun olmadığı, ərazilərinin
işğalının gündən-günə genişləndiyi,
bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi,
beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir
vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini
qısa zamanda dəyişmək, normal məcrasına salmaq
böyük siyasət və müdriklik tələb edirdi.
Ulu öndər Heydər Əliyevin
1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi
isə onun sadəcə, hakimiyyətə
qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq
tarixidir. Bu məqam Heydər Əliyev ömrünün mənalı,
əzəmətli tarixi olduğu kimi, həm də Heydər Əliyevlə
Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin
rəmzi təcəssümüdür. Yeri gəlmişkən,
2013-cü ildə biz partiyamızın hakimiyyətə gəlişinin
iyirminci ildönümünü qeyd edəcəyik.
Bu həqiqətdir ki, cəmiyyətin
ayrılıqda götürülmüş bir təbəqəsinin
və yaxud sosial qrupunun mənafeyini qoruyan bir siyasi təşkilatın,
həmçinin ictimai qurumun xalqı, milləti arxasınca
apara bilməsi həmişə mümkün deyildir. Yalnız
xalqın bütün təbəqələrinin arzu və istəklərini
ifadə edən, güclü ideologiyaya, liderə, yüksək
intellektual potensiala malik siyasi elitaya və yetkin siyasi strukturlara
malik partiya cəmiyyətdəki aparıcı rolunu qoruyub
saxlamağa, hakimiyyəti uzun müddət idarə etməyə
qadirdir. Başqa sözlə, ciddi sosial bazaya malik siyasi təşkilat
qısa müddətdə ümumxalq partiyasına çevrilərək
nəinki sürətlə təşkilatlanır, həm də
ölkənin uzunmüddətli inkişaf prioritetlərini
müəyyənləşdirir.
Fikrimcə, Azərbaycanın
bugünkü möhtəşəm uğurlarının ideya
bazisi Yeni Azərbaycan Partiyasının siyasi platformasında təcəssümünü
tapıb. Məhz ulu öndər Heydər Əliyev və onun
rəhbəri olduğu Yeni Azərbaycan Partiyası siyasi
hakimiyyətə gəldikdən sonra xalqın arzusunda
olduğu milli dövlət modelini uğurla
formalaşdırmağa nail oldu, onun daimiliyini, əbədiliyini
təmin etdi. Heydər Əliyev 1993-cü ilin iyunundan faktiki
olaraq dövləti yenidən qurmağa, onun milli dövlətçilik
atributlarını formalaşdırmağa başladı. Ulu
öndər Heydər Əliyevin lider kimi gücü və
qüdrəti həm də onun YAP-ın elan etdiyi məqsəd
və vəzifələrin real həyatda praktik tətbiq
imkanları ilə ölçülür. Bu mənada,
ümummilli lider müstəqil Azərbaycanı davamlı və
sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi
modelin banisi kimi də ehtiramla xatırlanır. Bu iqtisadi
inkişaf modeli irəli sürülərkən heç də
mövcud dünya ölkələrinin təcrübəsi Azərbaycana
köçürülməmiş, respublikanın zəngin təbii
resursları, Şərqlə Qərbi qovuşduran əlverişli
coğrafi-siyasi mövqeyi, geniş tranzit-kommunikasiya
imkanları, habelə tarixi təsərrüfatçılıq
ənənələri, spesifik xüsusiyyətləri nəzərə
alınmışdır.
Ötən illərdə partiyanın cəmiyyət
həyatında sahib olduğu mövqeni, əldə etdiyi
uğur və nailiyyətlərin miqyasını sözlə
canlandırmaq, dəqiq ifadə etmək çətindir. Ən
ümumi şəkildə deyə bilərik ki, Yeni Azərbaycan
Partiyasının fəaliyyətinin məntiqi nəticəsi
və ən böyük uğuru bugünkü müstəqil,
sürətlə inkişaf edən, modernləşən, məqsədlərinə
doğru inamla irəliləyən qüdrətli Azərbaycandır.
Yeni Azərbaycan Partiyasının cəmiyyətin
lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında
həm də xarizmatik lider amili rol oynamışdır. Bu
baxımdan YAP-ın bəzən "Heydər Əliyev
Partiyası" adlandırılması da obyektiv
qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında
lider amilinin rolunu dolğun şəkildə təcəssüm
etdirir. Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə
ölkəyə uğurlu idarəçiliyi timsalında
partiyanın proqramının praktik surətdə gerçəkləşdirilməsini
təmin etdi, eyni zamanda, həmin proqramda yer almış
müddəaların praktikliyini sübuta yetirdi.
2003-cü ildən alternativi olmayan bu
siyasəti inamla davam etdirən möhtərəm Prezident
İlham Əliyevin ötən 9 ildəki əzmkar fəaliyyəti
Azərbaycanın onilliklərə bərabər inanılmaz
bir inkişaf yolu keçməsini təmin etməklə
yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki
alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada,
YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi
həm də cənab İlham Əliyevin yüksək liderlik
keyfiyyətləri ilə şərtlənir. Cənab
İlham Əliyevin yüksək liderlik və idarəçilik
keyfiyyətlərinə malik olması, reallığa,
praqmatizmə əsaslanan siyasət yürütməsi ölkəmizi
ötən illərdə regionun lider dövlətinə
çevirib. Avropanın enerji təhlükəsizliyinin təminatçısı
olan Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyyatının
80 faizinə sahiblik edir, strateji əhəmiyyətli layihələri
daxili imkanları hesabına reallaşdırır, beynəlxalq
səviyyədə milli maraq və mənafeyini qoruyur, BMT-yə
qeyri-daimi üzv seçilir.
YAP-ın cəmiyyətin ən müxtəlif
təbəqələrinin maraqlarına cavab verən siyasi təşkilata
çevrilməsini zəruri edən mühüm amillər
var. İlk növbədə, cənab İlham Əliyevin
2003-cü ildə prezident seçilməsindən sonra Yeni Azərbaycan
Partiyasının sıraları daha da artdı, cəmiyyətdəki
nüfuzu yüksəldi. 2005-ci ildə cənab İlham Əliyevin
YAP sədri seçilməsindən sonra partiyamız ölkədaxili
ictimai-siyasi proseslərdə əsas güc mərkəzi kimi
rolunu daha da gücləndirdi.
YAP başqa partiyalar kimi heç zaman
populizmlə, reallıqdan uzaq vədlərlə insanları
aldatmağa cəhd göstərməyib, real vəziyyəti
olduğu kimi xalqa çatdırmağa
çalışıb. Partiyanın tarixinə nəzər
salarkən aydın şəkildə görürük ki,
indiyə qədər cəmiyyətə yerinə yetirilməsi
mümkün olmayan heç bir vəd verilməyib. Ciddi
problemlərin həllinə baxışlarda ciddi praqmatizm
nümayiş etdirən YAP milli-mənəvi dəyərlərə
son dərəcə konservativ yanaşıb, tarixi ənənələri
müasir dünya təcrübəsi ilə birləşdirməyə
çalışıb. Azərbaycanın dünyadakı
yerini daha qabarıq şəkildə müəyyənləşdirməyə
səy göstərib, xarici siyasətdə qloballaşan
dünyanın reallıqlarını nəzərə
almağı vacib sayıb. Demokratiyanı hüquqi dövlət
modelinin əsası kimi qəbul edib.
Hazırda partiyamızın təxminən
38 faizini gənclər, 43 faizini qadınlar təşkil edir. Gənclərə
qayğı, qadınların ölkənin ictimai-siyasi həyatındakı
proseslərdə fəal iştirakına şərait
yaradılması, partiya üzvlərinə siyasi tələbkarlıq,
fəallıq, qətiyyətlilik, ictimai-siyasi proseslərə
çevik reaksiya Yeni Azərbaycan Partiyasının fəaliyyət
prinsiplərinə çevrilib.
Xatırlatmaq istərdim ki, möhtərəm
Prezident İlham Əliyev YAP İdarə Heyəti üzvləri
ilə 11 mart 2004-cü il tarixli görüşündə
bildirib ki, hər bir partiya üzvü ümummilli lider Heydər
Əliyevin həyata keçməyən ali ideallarını,
müqəddəs arzularını gerçəkləşdirmək
üçün əlindən gələni etməli, dövlətçiliyimizin
inkişafına və tərəqqisinə daim xidmət
göstərməlidir. Biz bunu Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, həmçinin Yeni Azərbaycan Partiyasının
Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətində qabarıq
görürük.
Dövlət başçısı
İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli
siyasətə layiqli töhfələrini verən Heydər Əliyev
Fondunun prezidentinin Azərbaycan xalqının milli mədəniyyətinin,
mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə
sağlam dəyərlərin aşılanmasında müstəsna
xidmətləri var. Cəmiyyətdə könüllü
sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq,
korporativ sosial məsuliyyət və sair prinsiplərin möhkəmlənməsinə,
milli özünəməxsusluğu şərtləndirən
xüsusiyyətlərin qorunmasına, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmağa çalışan Heydər Əliyev
Fondu ötən 8 ildə bu məqsədlərə xidmət
edən strateji əhəmiyyətli layihələri inamla həyata
keçirib.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü
ilə təməli qoyulan, şəxsi nəzarəti
altında inşa edilən çoxsaylı obyektlər Nərimanov
rayonunun simasını daha da müasirləşdirib, gözəlləşdirib.
Dövlət başçısı Nərimanov rayonuna və
sakinlərimizə son 9 il ərzində çoxsaylı səhiyyə
və təhsil müəssisələri, yol
ötürücüləri və yol qovşaqları, piyada
keçidləri, parklar, infrastruktur obyektləri, istehsal müəssisələri,
yeni inzibati binalar bəxş edib. Əlbəttə,
rayondakı inkişaf prosesindən danışarkən, Heydər
Əliyev Fondunun misilsiz qayğısından, böyük himayədarlığından
danışmamaq mümkün deyildir. Çünki rayonumuzda
bu sahədə görülən işlərdə dövlətin
ən yaxın yardımçısı məhz ulu öndərin
adını şərəflə daşıyan bu Fond olub. Təsadüfi
deyildir ki, Fondun prezidenti, Yeni Azərbaycan Partiyasının
Siyasi Şurasının üzvü Mehriban xanım Əliyeva
Azərbaycan vətəndaşlarının, xüsusən də
Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət
və xeyirxahlıq rəmzinə çevrilib. Talassemiya Mərkəzinin,
Psixonevroloji Uşaq Evinin, Kor və zəif görən
uşaqlar üçün musiqi məktəbinin, məktəb
kompleksinin, Z.Əliyeva adına uşaq
bağçasının, parkların və digər bu kimi
obyektlərin Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Nərimanov rayonu ərazisində istifadəyə verilməsini
sakinlərimiz böyük qədirbilənlik və sonsuz minnətdarlıqla
qeyd edirlər.
Fondun dünya ölkələrinin bir
sıra şəhərlərində, o cümlədən Həştərxan
Vilayətində həyata keçirdiyi layihələr üzərində
xüsusi dayanmaq istərdim. Fondun təşəbbüsü
ilə 2010-cu il oktyabrında burada ümummilli lider Heydər Əliyevin
abidəsi ucaldılıb. 2011-ci il mayın 19-da "Rusiya və
Azərbaycan: regionlararası əməkdaşlığın
yeni üfüqlərinə doğru" mövzusunda
keçirilən forum çərçivəsində Həştərxanın
mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində
Heydər Əliyev adına parkın təntənəli
açılışı olub, Rusiya və Azərbaycan Dostluq
körpüsünün təməli qoyulub.
Həştərxanda Heydər Əliyevin
adını daşıyan 11 nömrəli məktəbin yenidənqurulması
da Fondun müstəsna xidmətlərindən biridir. 2011-ci
ilin oktyabrında yenidənqurma işlərindən sonra məktəbin
təntənəli açılış mərasimi olub. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə məktəb
üzərində götürülmüş hamiliyin növbəti
addımı kimi şagird və müəllimlərə
xüsusi təqaüd və mükafatlar ayrılıb. Həştərxan
sakinləri, o cümlədən şəhər rəhbərliyi
Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin və
Heydər Əliyev Fondunun təşəbbüsü əsasında
burada görülən işləri yüksək qiymətləndirir.
Məhz bunun nəticəsidir ki, Həştərxan Şəhər
Duması əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan Rusiya-Azərbaycan dostluğunun və strateji tərəfdaşlığın
inkişafı və möhkəmlənməsində xidmətlərinə,
Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə
bağlı təşəbbüslərinə, bu layihələri
və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə
görə Prezident İlham Əliyevi "Həştərxan
şəhərinin fəxri vətəndaşı"
adına layiq görüb. Ötən il noyabrın 30-da
ölkəmizdə səfərdə olan Həştərxan
şəhərinin meri Sergey Bojenov "Həştərxan
şəhərinin fəxri vətəndaşı"
diplomunu və medalını Prezident İlham Əliyevə təqdim
edib.
2012-ci il sentyabrın 12-də isə Həştərxanda
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa
olunmuş Azərbaycan və Rusiya Dostluq
körpüsünün və Heydər Əliyev parkında
yaradılmış "Arzu" uşaq əyləncə
şəhərciyinin açılışı, həmçinin
Müqəddəs Knyaz Vladimirin məbədi önündə
Heydər Əliyev Fondunun növbəti layihələrindən
biri olan knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri
keçirilib. Mərasimlərdə Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) sədri Leyla Əliyeva iştirak edib. Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün
açılmasını Həştərxan üçün
mühüm tarixi hadisə kimi dəyərləndirərək
bu humanitar layihənin reallaşdırılmasına görə
Heydər Əliyev Fonduna və onun vitse-prezidenti Leyla Əliyevaya
təşəkkürünü bildirib. Eyni zamanda RAGT-nin sədri
Leyla Əliyevaya "Həştərxan vilayəti
qarşısında xidmətlərinə görə"
mükafatı təqdim edilib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətində
əldə etdiyi uğurlar heç şübhəsiz ki, təşkilatımızın
2013-cü ilin prezident seçkilərində növbəti dəfə
zəfər qazanacağını şərtləndirəcək.
Məlum olduğu kimi, seçki prosesi nəticə etibarilə
hər bir siyasi komandanın fəaliyyətinə verilən
ictimai qiymətdir. Xalq üçün çalışan, fəaliyyətində
hər bir vətəndaşın mənafeyini uca tutan, cəmiyyətə
daim açıq olan qüvvənin uğur qazanması isə
qaçılmaz olur. Bu mənada, Yeni Azərbaycan
Partiyasının indiyə qədər keçirilmiş
seçkilərdə birmənalı qələbə və
uğur qazanmasını şərtləndirən amillərə
diqqət yetirmək vacibdir. Bir daha vurğulamaq istəyirəm
ki, YAP iqtidarda olan partiya kimi ötən 20 ildə cəmiyyətin
ölkəmizi xaos və anarxiya burulğanından davamlı
inkişaf yoluna çıxarıb. Bu müddətdə Azərbaycan
çox böyük inkişaf yolu keçib, demokratikləşmə
və iqtisadi inkişaf sahəsində böyük uğurlara
imza atıb. Ölkədə iqtisadi islahatlarla hüquqi-siyasi
islahatlar bir-birini tamamlayır. Vətəndaşların sosial
rifah halı əhəmiyyətli dərəcədə
yaxşılaşıb, daha gözəl, güvənli,
etibarlı gələcəyə inamı artıb.
Bütün bunların nəticəsidir ki, partiyanın ulu
öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
siyasi kursu cəmiyyətdə alternativsiz inkişaf yolu kimi qəbul
edilir.
YAP-ın bu seçkilərdəki
prezidentliyə namizədi məhz cənab İlham Əliyev
olacaq. Çünki dövlət
başçısının siyasəti cəmiyyətin
maraqlarına tam cavab verir. Möhtərəm Prezident ötən
10 ildə ictimaiyyət qarşısında verdiyi hər bir vədi
uğurla həyata keçirib. Ən ümumi şəkildə
desək, Azərbaycanın dövlət büdcəsi, hərbi
xərcləri 10 dəfədən çox artıb,
regionların siması əsaslı şəkildə dəyişib.
Qeyri-neft sektoru sürətlə inkişaf edib, 1 milyona
yaxın yeni iş yeri açılıb, sahibkarlar sinfi
güclənib. Azərbaycanın hər bir bölgəsində
həyata keçirilən sosial infrastruktur layihələri vətəndaşların
firavanlığını, rahat yaşayışını təmin
edib. Belə bir şəraitdə YAP-ın növbəti
seçkilərdə də qələbə
qazanacağına hansısa şübhə ola bilməz.
Partiyanın seçki proqramı da hər zaman
özünün orijinallığı, reallığa
adekvatlığı, pafosdan, ritorikadan uzaq olması, real həyat
həqiqətlərinə - ən başlıcası, hər
bir vətəndaşın mənafeyinə əsaslanması
ilə diqqəti çəkib.
Partiyanın qarşısında hələ
çox böyük vəzifələr dayanır. Möhtərəm
Prezidentin rəhbərliyi altında Azərbaycanı
inkişafın yeni mərhələsinə çatdırmaq,
dövlətimizi daha güclü etmək, insanların
rifahını daha da yüksəltmək əzmindəyik. Əminəm
ki, bu məqsədlər Yeni Azərbaycan Partiyasının
qarşıdakı seçki proqramının da əsasını
təşkil edəcəkdir. YAP növbəti seçkilərə
də məhz konkret, real iş görmək, insanların
etimadını doğrultmaq, problemlərinin həllinə daim
həssaslıqla, diqqətlə yanaşmaq istəyi ilə
gedir. Bunun da nəticəsi olaraq, əminliklə deyirəm ki,
Yeni Azərbaycan Partiyası uzun onilliklər hakimiyyət
partiyası statusunu qoruyub saxlayacaqdır.
Abdin FƏRZƏLİYEV,
YAP Siyasi Şurasının
üzvü,
Nərimanov Rayon İcra
Hakimiyyətinin
başçısı
Azərbaycan.-2012.-16
noyabr.-S.6.