Bakı Dövlət Universitetində hesablama riyaziyyatı kafedrasının yaradılmasının 50 illik yubileyi qeyd edilmişdir

 

Noyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsində hesablama riyaziyyatı kafedrasının yaradılmasının 50 illik yubileyi qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə respublikanın tanınmış alimləri, dövlət  və hökumət nümayəndələri, görkəmli elm xadimləri və ölkənin müxtəlif ali təhsil ocaqlarının rəhbərləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində hesablama riyaziyyatı kafedrasının yarım əsrlik fəaliyyətini və uğurlarını əks etdirən foto-stendlərlə tanış olmuşlar.

Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bu ali təhsil müəssisəsinin və hesablama riyaziyyatı kafedrasının yaranma tarixi və inkişaf yolundan, uğurlarından, ölkədə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açmışdır. Bildirilmişdir ki, kafedra riyaziyyat elminin yeni istiqamətlərindən biri olan hesablama riyaziyyatının respublikada inkişaf etdirilməsi, bu elm sahəsinin nailiyyətlərinin istehsalata tətbiqi məqsədilə yaradılmış və ötən dövrdə geniş səmərəli fəaliyyət göstərmişdir. Ölkəmizdə müxtəlif sahələrdə çalışan və yüksək riyazi biliyə malik mütəxəssislərin yetişməsində hesablama riyaziyyatı kafedrasının rolu böyükdür.

A.Məhərrəmov vurğulamışdır ki, kafedraya uzun müddət AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədov rəhbərlik etmişdir. Professor Y.Məmmədov 1965-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, həmin il universitetin hesablama riyaziyyatı kafedrasının müdiri seçilmiş, ömrünün sonunadək - 35 il bu vəzifəni uğurla icra etmişdir.

Hazırda bu işi fizika-riyaziyyat elmləri doktoru, professor Qalina xanım Mehdiyeva uğurla davam etdirir. Onun rəhbərliyi ilə kafedranın əməkdaşları  müxtəlif qrant layihələrinə layiq görülmüş, beynəlxalq konfranslarda uğurla iştirak etmiş və çoxlu mükafatlar qazanmışlar.

Mərasimdə fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyevanın hesablama riyaziyyatı kafedrasının fəaliyyətinə həsr edilmiş hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, professor Y.Məmmədovun rəhbərliyi ilə kafedra çox geniş və əhatəli inkişaf yolu keçmişdir. Bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf etmiş və respublikada onun məktəbi yaranmışdır.

Hesablama riyaziyyatı kafedrasının dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etdiyini vurğulayan Qalina xanım Mehdiyeva bildirmişdir ki, son zamanlar maddi-texniki bazası möhkəmləndirilən kafedra 100 kompyuter, 5 elektron lövhə və s. müasir avadanlıqla təchiz olunmuşdur. Hazırda 6 auditoriyada hesablama laboratoriyası fəaliyyət göstərir. Tələbələr kafedranın elektron kitabxanası vasitəsilə dünyanın nüfuzlu universitetlərinin tədris proqramlarına uyğun dərs vəsaitləri ilə tanış ola bilirlər.

Professor Qalina xanım Mehdiyeva demişdir ki, kafedranın əməkdaşları elmi araşdırmalarla yanaşı, təhsil prosesinin inkişafında da mühüm uğurlar əldə etmişlər. Dünyanın müxtəlif aparıcı universitetlərinin təhsil proqramları öyrənilərək tədris prosesində tətbiq olunmuş, həmin universitetlərdə istifadə olunan 17 dərs vəsaiti, mühazirə mətnləri gətirilərək tələbələrin ixtiyarına verilmişdir. Kafedranın nəzdindəki laboratoriyalarda quraşdırılmış müasir kompyuterlər tədris prosesinin səmərəliliyini artırmağa, tələbələrin internet şəbəkəsi vasitəsilə lazımi informasiyanı almalarına imkan verir. Əməkdaşlarımız təkcə 2011-2012 tədris ilində elmi işlərin nəticələrinə görə 9 sertifikatla və Böyük Britaniyanın Beynəlxalq Elmlər və Ali Təhsil Akademiyası tərəfindən "Elmin inkişafı" diplomu ilə təltif olunmuşlar. Hazırda kafedrada 2 elmlər doktoru və riyaziyyat üzrə fəlsəfə doktorları çalışırlar.

Hesablama riyaziyyatı kafedrası 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş müsabiqədə qalib gələrək uzunmüddətli qrant mükafatına layiq görülmüşdür.

Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından və tədbirin əhəmiyyətindən söz açmışlar. Bildirilmişdir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, informasiya texnologiyalarının inkişafında da çox mühüm addımlar atılmaqdadır. Bütün texniki, iqtisadi və s. sahələrin inkişafının əsasını riyaziyyat elmi təşkil edir. Elm, təhsil və informasiya texnologiyaları  və digər sahələrdə kafedranın gördüyü işlər gələcəkdə də öz səmərəsini verəcəkdir. Azərbaycan elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlər hazırlamış hesablama riyaziyyatı kafedrası ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksək səviyyəli mütəxəssislərin yetişməsində mühüm rol oynayır. Hazırda kafedrada yüksək səviyyəli riyazi biliyə malik gənclər yetişdirilir. Kafedranın əməkdaşları bu sahədə müxtəlif uğurlar qazanmışlar.  Qeyd olunmuşdur ki, kafedrada təməli görkəmli alim Y.Məmmədov tərəfindən qoyulan uğurlu inkişaf yolu professor Qalina xanım Mehdiyevanın rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Akif Hacıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Rəna Əliyeva çıxış edərək yubiley münasibətilə müəllim-tələbə heyətini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Tədbirdə mexanika riyaziyyat fakültəsinin hesablama riyaziyyatı kafedrasının 50 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Sonda Azərbaycanın, eləcə də dünyanın müxtəlif ali təhsil müəssisələri əməkdaşlarının canlı bağlantı vasitəsilə təbrikləri çatdırılmışdır.

 

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.8.