Azərbaycan və Türkiyə Qızıl Aypara cəmiyyətləri arasında əməkdaşlıq memorandumu imzalanmışdır

 

Noyabrın 15-də Türkiyənin Azərbaycandakı səfirliyində Azərbaycan və Türkiyə Qızıl Aypara cəmiyyətləri arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandumu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov və Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Əhməd Lütfi Akar imzalamışlar.

AzərTAc xəbər verir ki, mərasimdə N.Aslanov Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışmış, hər iki ölkənin Qızıl Aypara cəmiyyətləri arasındakı münasibətlərdən məmnunluğunu ifadə etmişdir. N.Aslanov imzalanmış sənədin Azərbaycan və Türkiyə Qızıl Aypara cəmiyyətləri arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.

Əhməd Lütfi Akar Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, qardaş ölkələrin hər zaman bir-birini dəstəklədiyini vurğulamışdır. Cəmiyyətlər arasında dostluq əlaqələrinin tarixindən danışan Əhməd Lütfi Akar imzalanmış memorandumun hər iki ölkə rəhbərliyi tərəfindən böyük məmnunluqla qarşılandığını qeyd etmişdir.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq, dostluq və bərabərlikdən danışmışdır.

Mərasimdə Azərbaycan və Türkiyə Qızıl Aypara cəmiyyətlərinin təmsilçiləri, dövlət və hökumət nümayəndələri, səfirliyin əməkdaşları və jurnalistlər iştirak etmişlər.

 

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.8.