BMT-nin Baş
Məclisinin III Komitəsində Azərbaycanın qaçqın və məcburi
köçkün problemindən
danışılmışdır
BMT-nin Baş Məclisinin III Komitəsində
"BMT-nin qaçqınlar üzrə ali komissarının
hesabatı" bəndi ilə bağlı müzakirələr
keçirilmişdir.
Azərbaycan Respublikasının BMT
yanında Daimi Nümayəndəliyindən AzərTAc-a
bildirmişlər ki, müzakirələrdə Daimi Nümayəndəliyin
III katibi Leyla Məmmədəliyeva mövzu ilə əlaqədar
çıxış etmişdir.
Qaçqınlar və məcburi
köçkünlər məsələsinin qlobal problemə
çevrildiyini diqqətə çatdıran L.Məmmədəliyeva
məcburi köçkünlərin öz evlərinə
qayıtmasının təmin edilməsinin əhəmiyyəti
barədə danışmışdır. Bildirilmişdir ki,
silahlı münaqişələr və işğal
zamanı siyasi məsələlərdə
razılığın əldə edilməməsinin beynəlxalq
humanitar hüquq pozuntularının aradan
qaldırılmamasının səbəbi kimi göstərilməsi
yolverilməzdir.
Daimi nümayəndəliyin III katibi Ermənistanın
təcavüzü nəticəsində ölkəmizdə
yaranmış qaçqın və məcburi
köçkün problemi, Azərbaycanın ermənilər tərəfindən
işğal olunmuş ərazilərində həyata
keçirilən etnik təmizləmə siyasəti və
hazırda aparılan qeyri-qanuni məskunlaşdırma barədə
məlumat vermişdir. Həmçinin BMT Təhlükəsizlik
Şurasında qəbul olunmuş qətnamələr və
baş katibin məcburi köçkün şəxslərin
insan hüquqları üzrə nümayəndəsinin
hesabatları xüsusilə vurğulanmışdır. Eyni
zamanda, Azərbaycan hökuməti tərəfindən
qaçqın və məcburi köçkünlərin
ehtiyaclarının və problemlərinin aradan
qaldırılması istiqamətində
görülmüş mühüm tədbirlərlə
bağlı məlumat verilmişdir.
Diqqətə çatdırılmışdır
ki, Azərbaycan münaqişənin danışıqlar yolu
ilə və beynəlxalq hüquqa əsaslanan həllinə
sadiqdir. Bu, öz növbəsində, məcburi
köçkünlərin evlərinə qayıtması
hüquqlarının reallaşmasını təmin edərdi.
Lakin Ermənistan sülh danışıqlarını pozur,
işğalla bağlı hazırkı status-kvonu saxlamağa
çalışır, mühacirlərin Azərbaycan ərazilərində
qeyri-qanuni məskunlaşdırılmasını davam
etdirir.
Çıxışda regionda davamlı
sülhün və sabitliyin bərqərar olması məqsədilə
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin
işğalına son qoyulması, etnik nifrət siyasətinin
dayandırılması və qonşu dövlətlərlə
sivil münasibətlər qurmasının vacibliyi
vurğulanmışdır.
Azərbaycan.-2012.-
16 noyabr.- S.8.