Azərbaycanın zəngin mədəni
dəyərlərindən ibarət sərgi və konsert
fransızları heyrətə salmışdır
Azərbaycanın zəngin mədəni
dəyərlərindən ibarət sərgi və konsert
fransızları heyrətə salmışdır. Bu fikir
Fransanın müxtəlif şəhərlərində Azərbaycanla
bağlı keçirilən sərgi və konsert haqqında
fransız mətbuatında dərc olunan yazılarda öz əksini
tapmışdır.
Heydər Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi
ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri" layihəsi çərçivəsində
Reims, Şalon en Şampan, Niort, Konyak və Romorantən-Lantenay
şəhərlərində ölkəmizlə
bağlı təşkil edilən
sərgi və konsert barədə bu gün də Şampan və
Sentr-Ouest regionlarında nəşr olunan qəzetlərin səhifələrində
ətraflı yazılar dərc olunmaqdadır.
"La nouvelle republik" qəzetində
dərc olunmuş məqalədə bildirilir ki, Cənubi
Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycanla
bağlı sərgi və konsert fransızlara qədim İpək
yolu üzərində yerləşən və müsəlman
Şərqində ilk demokratik dövlətin
yarandığı Azərbaycanın zəngin mədəniyyəti
və incəsənəti ilə yaxından tanış olmaq
imkanı vermişdir.
"Azərbaycan: sərgi və
konsert!" sərlövhəli yazıda qeyd edilir ki, konsert
zamanı oğlanlardan ibarət rəqs qrupunun ifasına
tamaşaçılar heyrətlərini gizlədə bilməmişlər.
Bunu onların rəqqasları ayaqüstə sürəkli
alqışlamaları sübut etmişdir. Azərbaycanlı
qızların milli rəqsləri və məftunedici
ifaları da tamaşaçılara xoş təsir
bağışlamışdır.
Məqalədə bildirilir ki, mədəni
əlaqələr dini baxışlara, etnik köklərə
baxmayaraq, xalqlar arasında dialoq qurmağa və ölkə
barədə geniş məlumat əldə etməyə şərait
yaradır. Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin
qədim kökləri vardır. XIX əsrdə fransız
yazıçısı Aleksandr Düma (ata) ilə
Xurşidbanu Natəvanın görüşü, habelə digər
fransız yazıçısı Jorj Sandın
"Koroğlu" eposunu fransız dilinə tərcümə
etməsi, Ceyhun Hacıbəylinin Parisdə "Qafqaz"
adlı jurnalı nəşr etdirməsi buna əyani misaldır. Əlbəttə,
belə misallardan çox çəkmək olar.
Qəzet dərc olunmuş "Piramida
zalında Qafqazın mirvarisini kəşf edin" adlı digər
yazıda qeyd olunur ki, bu gün Azərbaycanın tarixən qədim
və zəngin mədəni dəyərlərini
fransızlara tanıtmaq istiqamətində Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
"Qafqazın mirvarisi olan Azərbaycanın
mədəni dəyərləri" layihəsi çərçivəsində
Fransanın müxtəlif şəhərlərində təşkil
olunan sərgi və konsertin mühüm əhəmiyyətini
qeyd etmək lazımdır.
Məqalənin müəllifi Vanina Le
Qall Romorantən-Lantenay şəhərinin meri senator Jeanny
Lojonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə ətraflı məlumat əldə
etmək məqsədilə bir qrup senatorla cari ilin fevral
ayında Azərbaycana səfər etdiyini, onların qondarma
"erməni soyqırımı"nın inkarı ilə
bağlı bədnam qərarın qəbul olunması əleyhinə
səs verdiklərini xatırlatmışdır.
Məqalədə həmçinin Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
incəsənət əsərlərinin, qədim musiqi alətlərinin,
xalçaların və digər
eksponatlardan ibarət sərginin
açılışı ilə əlaqədar Azərbaycanın
səfiri Elçin Əmirbəyovun Luar-e-Şer departamentinə səfər
etdiyini, baş şuranın
müavini Klod Bofis, deputat Partis Martən-Lalandla keçirdiyi
görüşlərdə tərəfdaşlıq və əməkdaşlıqla
fikir mübadiləsinin aparıldığı diqqətə
çatdırılmış, Azərbaycanın karbohidrogen
ehtiyatları ilə zəngin olduğu
vurğulanmışdır.
Məqalədə Azərbaycanın cari
ilin may ayında "Eurovision"
mahnı müsabiqəsinə ev sahibliyi etməsi,
böyük dini tolerant ölkə olması, 20 il əvvəl Azərbaycan ilə Fransa arasında
diplomatik əlaqələr qurulması, Fransanın ticarət
sahəsində Azərbaycanın ikinci tərəfdaşı
olması ilə bağlı fikirlər də yer
almışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.-2012.-
16 noyabr.- S.9.