Nəğmələr
oxunur, çələng toxunur
...Salon
tamaşaçılarla dolu idi. Səhnədə Günəş
rəngində libas geyinmiş ifaçının həzin səsi
hamını susdurmuşdu. Ətrafı bürümüş
sükutun içində bir haray dalğalanırdı:
Saçın
ucun hörməzlər,
Gülü sulu
dərməzlər,
Sarı gəlin.
Bu sevda nə
sevdadı,
Səni mənə
verməzlər,
Neynim, aman, neynim, aman,
Sarı gəlin.
Əsrlərin uzaqlığından,
ana torpağın dərinliklərindən qanadlanan bu gileyli
avazın ahəngindəki təsirli notlar hamını
düşüncələr aləminə aparmışdı. Hər kəsin gözləri önündə öz
yurdunun ələdüşməz mənzərələri
canlanırdı. Bilmirəm, nədənsə
"Sarı gəlin" mahnısı oxunanda ruhum həmişə
Qarabağa uçur. Bu da səbəbsiz
deyil. Muğamlarımızın beşiyi
sayılan bu qədim torpaq mənəvi sərvətlərimizin
ünvanıdır. Elə "Sarı gəlin"
də bu dilbər guşədə doğulub. Ona görə də o torpağın qoynundan pərvazlanan
Rahidə Əliyeva və Arzu Fərhadov bu qədim xalq
mahnısını olduqca təsirli və yanıqlı ovqatda
dinləyicilərə yetirdilər.
O gün Azərbaycan Dövlət
Filarmoniyasının konsert salonunda bir Qarabağ ovqatı
hökm sürürdü. Ağdam rayon
"Şur" Xalq Çalğı Alətləri
Ansamblının Yeni Azərbaycan Partiyasının
yaradılmasının 20 illiyi ilə əlaqədar
hazırladığı konsert proqramı hamını valeh
etdi. Təkcə ansamblın üzvləri,
solistlər deyil, hətta dinləyicilər də,
tamaşaçılar da kövrək bir ruhun təsirindən
qopa bilmirdilər. Bir-birini əvəz edən
mahnılar, muğamlar, rənglər hamının ürəyinə
yağ kimi yayılsa da, məclisi
bürümüş kövrəklik öz işində idi. Çünki bu gün işığına
yığışdığımız "Şur" Xalq
Çalğı Alətləri Ansamblının 60 illiyini
könül dolusu sevinclə qeyd edə bilmirik.
Ağdam rayon "Şur" Xalq
Çalğı Alətləri Ansamblı 1952-ci ildə
yaradılıb. Ansambla uzun illər
tarzən Xosrov Fərəcov rəhbərlik etmişdi. Məhz onun işgüzarlığı sayəsində
bu musiqi ansamblı peşəkar kollektiv səviyyəsinə yüksəldi.
Ötən əsrin 60-80-ci illərində "Şur"un şöhrəti respublikamızın sərhədlərini
keçmişdi. SSRİ məkanının elə
bir şəhəri tapılmazdı ki, "Şur" orada
konsert proqramı ilə çıxış etməsin.
İttifaq miqyasında keçirilən
festivallarda "Şur" 47 qızıl medal qazanmışdı.
Moskvanın Qurultaylar sarayında, Sütunlu salonda, eləcə
də bu şəhərdə keçirilən beynəlxalq
folklor festivalında, Azərbaycan günlərində
"Şur"un möhtəşəm
çıxışları haqqında indi də
danışılır. Almatıda keçirilən
"Qızıl alma" beynəlxalq, Kiyevdə folklor
festivallarında "Şur" qalib çıxdı. Vətənə, doğma Qarabağa medalla, diplom və
fəxri fərmanlarla qayıtdı. Ötən əsrdə
keçirilən muğam festivallarının qalibləri
arasında "Şur" ansamblının solistlərindən
Aydın Məmmədov (1968), İsrafil Əsədov (1972)
qızıl medala layiq görülüblər. Hətta
"Şur" ansamblının rəsmi tədbirlərdəki
çıxışı ulu öndər Heydər Əliyevin
də diqqətini cəlb etdi. Mədəniyyətə,
musiqiyə həssaslıqla, böyük
qayğıkeşliklə yanaşan ümummilli lider
"Şur" Xalq Çalğı Alətləri
Anasmblının üzvləri ilə görüşərək
onları uğurlu çıxışlarına görə təbrik
etmiş, yeni nailiyyətlər arzulamışdır.
Bu ansambldan pərvazlanan
ifaçılar sonralar Azərbaycan musiqi mədəniyyətinə
böyük şöhrət gətirdilər. Onların fəaliyyəti genişlənsə də,
başqa-başqa yerlərdə yaşasalar da, həmişə
bu ansamblla bağlı günləri məhəbbət və
ehtiramla xatırladılar. Bioqrafiyalarında
həmişə "Şur"u minnətdarlıqla
anırlar. İlk dəfə fəaliyyətə
məhz bu ansamblda başladıqlarını fərəhlə
bildirdilər. Belə məşhur xanəndələrimizdən
- Əbülfət Əliyev, Qaraxan Behbudov, Bakir
Haşımov, Aydın Məmmədov, Şahmalı
Kürdoğlu, Sədi Məmmədov, Paşa Əsədov,
İsrafil Əsədov, Səxavət Məmmədov, Qədir
Rüstəmov və onlarca başqaları "Şur"un
yetirmələridir. İndi onlar haqq
dünyasına qovuşublar. "Şur"
yenə də yaşayır, yaradır, üzvlərini də
ehtiramla yad edir.
1977-ci ildən Ağdamın
işğalına qədər, yəni, 1993-cü ilə kimi
ansambla Fərhad Paşayev rəhbərlik etmişdi. 1991-ci
ildə ansamblın uğurlu çıxışları və
fəaliyyətinə görə Fərhad Paşayev əməkdar
mədəniyyət işçisi fəxri adına
layiq görülüb. 1993-cü ildə isə
Ağdamın ermənilər tərəfindən
işğalı onun sakinləri kimi "Şur"u da
doğma yurddan didərgin saldı. Bu
ansamblın üzvləri bir-birlərindən ayrı
düşdülər. Haqq dünyasına
qovuşanları, bu iğtişaşda erməni gülləsinə
tuş gələnləri, xəstə, əlil düşənləri
də oldu. Bir müddət ansamblın səsi
eşidilmədi. Çünki onlar
müxtəlif yerlərdə məskunlaşmışdılar.
Ansamblın fəaliyyətini bərpa etmək
üçün istedadlı xanəndə Hüseyn
Hüseynov çox gərgin əmək sərf etdi.
İşğaldan sonra "Şur"a rəhbərlik
ona tapşırılmışdı. Üzvlərinin
əksəriyyətinin məcburi köçkün kimi
respublikanın müxtəlif rayonlarında məskunlaşması
ansamblın yenidən yaradılmasını çətinləşdirirdi.
Amma bu, zərurət idi. Yerindən-yurdundan
perik düşmüş "Şur" ayağa qalxmalı,
onu susduranlara qarşı öz musiqisi və nəğmələri
ilə qalib gəlməli idi.
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO -nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
muğamlarımıza göstərdiyi diqqət bir çox
müşkülləri həll etdi. Məhz
Mehriban xanım Əliyevanın xidmətləri nəticəsində
Azərbaycan muğamları bəşər mədəniyyətinin
inciləri sayıldı. Fəxr və fərəhlə
söyləyirik ki, Azərbaycan muğamları UNESCO-nun
Dünya mədəni irsinin siyahısına daxil edildi. Beləliklə, Azərbaycan muğamlarının
yeni erası başladı. Bu münasibətdən,
bu qayğıdan ruhlanan insanlar öz fəaliyyətlərini
ürəklə davam etdirdilər. Bu fərəhin
bir istiqaməti də "Şur"a tuşlandı. Arzuları çiçək açan Hüseyn
Hüseynov yalnız mədəniyyət xadimi kimi deyil, həm
də bir vətəndaş, bir qarabağlı kimi gərgin əmək
sərf etməklə bu çətin və şərəfli
işin öhdəsindən bacarıqla gəldi. Nəhayət, rayon rəhbərliyinin də köməyi
və diqqəti sayəsində 2009-cu ildə "Şur"
ansamblına yenidən həyat verildi.
Vaxtilə ilk addımlarını bu
ansamblda atan Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndələrindən, xalq artistləri - Arif
Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün
Bayramova, eləcə də xanəndələrdən Cabir
Abdullayev, Elza Qaybalıyeva, Araz Əliyev (indi də həmin
ansamblın solistidir - F.X.), musiqiçilərdən Ramiz
Quliyev, Rafiq Hüseynov (Rəmiş) və başqaları
kollektivə öz məsləhət və tövsiyələrini
verdilər. Qısa müddət ərzində ansambl
maraqlı konsert proqramları hazırlayaraq rayonun ərazisində,
kəndlərdə, hərbçilər qarşısında
çıxış etməklə yanaşı, qonşu Bərdə,
Tərtər, Ağcabədi, İsmayıllı, Qəbələ,
Şəki, Mingəçevir şəhərlərində də
öz istedadlarını nümayiş etdirdilər. Ansamblın əvvəlki şöhrəti yenidən
öz ünvanına qayıtmağa başladı.
Müntəzəm surətdə məşqlərini
davam etdirən "Şur" müxtəlif muğam dəstgahlarını
xor şəklində hazırlayaraq diskə yazdırdı. Onların tamaşaçılara təqdim etdiyi
"Mahur-Hindi", "Çahargah",
"Bayatı-Şiraz" dəstgahları rəğbətlə
qarşılandı. İlk dəfə
olaraq ansambl xalq mahnısı "Sarı gəlin"i xorun
müşayiəti ilə duet şəklində
hazırladı. Müxtəlif konsert
proqramlarında səsləndirilən bu kompozisiya demək olar
ki, həmin bədii axşamın zirvəsi sayıldı.
Həm mahnının sözləri, həm
musiqisi, həm də xanəndələrin mənalı ifa tərzi
bu qədim xalq mahnısına təzə ruh, yeni nəfəs
gətirdi.
"Şur"un maraqlı proqramlar
hazırlamasında, yeni layihələr həyata keçirməsində
Ağdam muğam məktəbinin direktoru Rafiq Rüstəmovun
da böyük əməyi var. Bu gün "Şur"un
solistlərindən Natəvan İbrahimli, Mariya Mənsumova,
Vüsal Cəfərov, Mehman Məmmədov, Arzu Fərhadov,
Rahidə Əliyeva, Ramiz Zeynalov və başqaları öz
repertuarlarını daim zənginləşdirirlər. Onların bütün çıxışları həmişə
alqışlarla qarşılanır. Ansamblın
konsertmeysteri Mübariz Əliyev, tarzənlər - Cahid Behbudov,
Əhməd Əliyev, qarmon ifaçısı Ramiz Cəfərov
və digər üzvlər "Şur"un uğurlu
çıxışlarını məharətlə təmin
edirlər.
Vaxtilə "Şur"
ansamblının üzvü olan, kövrək
addımlarını onun təqdim etdiyi konsert proqramlarında
atan xalq artisti Arif Babayev Ağdamın bir parçası
saydığı bu kollektiv haqqında öz ürək
sözlərini belə dilə gətirdi: "Şur"un adı gələndə, Vallah, ürəyim
titrəyir. Yeniyetməlik çağlarıma
qayıdıram. Allahıma
şükür edirəm ki, soydaşlarımız kimi
yurdundan didərgin düşən ansambl bütün
ağrı-acılara üstün gələrək yenidən
ayaqdadır. Arzum budur ki,
torpaqlarımız işğaldan azad edilsin, "Şur"
da Ağdama qayıtsın. Bu günlərdə
Dövlət Filarmoniyasında mən onların
çıxışlarına qulaq asdım. Allah, nə gözəl gənclər yetişib.
Mən onlara baxdıqca hər birinin
timsalında opera səhnəmizin Ərəbzəngisini,
Leylisini, Məcnununu, Şah İsmayılını, Kərəmini...
görürdüm. Bu, belə də
olmalıdır. Qarabağ səsin,
musiqinin oylağıdır".
Ansamblın əldə etdiyi
uğurlarda Ağdam rayon Mədəniyyət və turizm
şöbəsinin müdiri Şahin Qasımovun əməyi
danılmazdar. Bizimlə söhbətində
bildirdi ki, hazırda ansambl digər muğamları da dəstgah
şəklində hazırlamaq üçün məşqlər
aparır. Bəli, "Şur"un
üzvləri yeni mahnılar oxuyaraq bir zəfər çələngi
toxuyurlar. Toxuyurlar ki, yurda əliboş
qayıtmasınlar. İnanırıq ki,
bu zəfər çələngi tezliklə gözü yolda
qalan, övladlarının səsinin, sorağının, nəğməsinin
həsrətində olan Ağdamda üçrəngli
bayrağımızla yanaşı çox ucalarda
dalğalanacaq. "Şur"un
solistlərinin böyük məharət və məhəbbətlə
oxuduqları "Qarabağ şikəstəsi", "Mənsuriyyə"
də qəriblikdən xilas olacaq!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
16 noyabr.- S.10.