Azərbaycan tolerantlığa görə dünyada nümunəvi ölkədir

 

XX əsrin sonlarından başlayaraq dünyadaictimai həyatın müxtəlif sahələrində baş verən qlobal dəyişikliklər, siyasi, iqtisadi, ictimaidemoqrafik problemlərlə yanaşı, etik-əxlaqi və mənəviyyat problemləri də yaratdı ki, bunu mütəxəssislər  sivilizasiyaların toqquşması nəzəriyyəsi adlandırdı. Bəzi separatçı qurumlar bu cür həssas məsələdən "bəhrələnərək" dini amildən istifadə edib dünyanın bir çox  yerində münaqişə ocaqları yaratdılar. Belə şəraitdə bəşər sivilizasiyasında müxtəlif mədəniyyətlərin qorunması, dinlər və mədəniyyətlər arasında dialoqa ciddi zərurət  yarandı.    

UNESCO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında bəyannamə qəbul etdi və 1996-cı ildə BMT Baş Assambleyası quruma üzv ölkələri hər il noyabrın 16 tarixini Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etməyə çağırdı. Məqsəd xalqları və insanları bir-birlərinə qarşı səbirli və dözümlü olmağa, dini baxışlarına hörmət göstərməyə səsləməkdir. Bəyannamədə deyilir: "Bütün insanlar xarakter, düşüncə və təbiətlərinə görə fərqli olsalar da, dəyər və hüquqlarına görə bərabərdirlər. Dözümlülük mədəniyyətlərin, özünüifadənin və insan şəxsiyyəti təzahürünün müxtəlifliyinin və başa düşülməsinin ifadəsidir. Tolerantlıq hər insana heç bir diskriminasiya olmadan iqtisadisosial inkişaf imkanı yaradılmasını tələb edir".

Bu gün Azərbaycan ən demokratik dövlətlərə nümunə ola biləcək bir tolerantlıq məkanıdır. Bir çox xalqların və dinlərin nümayəndələri bir-birlərinə hörmətlə yanaşaraq bir yerdə yaşayır, çalışır, hətta dini bayramları da müştərək qeyd edirlər. Azərbaycan dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir. Tarixə baxsaq görərik ki, dövlətçiliyin yarandığı ilk dönəmlərdən bugünədək heç vaxt bu ölkədə antisemitizm əhval-ruhiyyəsi olmayıb. Faktlar sübut edir ki, tarixən yaşadıqları ölkələrdə ağır təzyiqlərə və təqiblərə məruz qalan müxtəlif mənsəb və din mənsubları xalqımızın tolerantlığına, yüksək insanpərvərliyinə əmin olaraq buranı özlərinə sığınacaq seçiblər. O da faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapmışlar.

Avropa ölkələrindən fərqli olaraq, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda saraylarda xristian və yəhudilərin yüksək vəzifədə çalışdıqları tarixə bəllidir. XII əsrdə dahi Nizaminin yazdığı "Xəmsə"də 30-dan çox millətə mənsub zəngin obrazlar silsiləsi var. Bu gün bəzi dövlətlər öz ərazisində tolerantlıq mühiti yaratmaq istəyir, Azərbaycan isə tolerantlığın sarsılmaz təməl sütunlarına çox-çox əsrlər öncədən söykənib. Səmavi dinlərdən olan İslam dini nəinki özündən əvvəlki dinlərə qadağa qoymayıb, əksinə, bütün dinlərə hörmətlə, səbir və qayğıyla yanaşmağı, insanların vicdan azadlığını, öz dini ayin və mərasimlərini sərbəst icra etmək haqqının toxunulmazlığını bəyan edib. Bu səbəbdəndir ki, uzun əsrlər boyu Azərbaycanda məskunlaşan müxtəlif xalqlar öz dini etiqadlarını bugünədək qoruyub saxlayır və icra edirlər. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi hər zamanda beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və tanınmışdır. Ölkəmizə gələn hər bir din xadimi buradakı tolerantlıqdan, insanların dinə münasibətindən məmnun qalmışdır. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən bugünədək respublikada dini-tolerantlıq, mədəniyyətlərarası dialoq mövzusunda dəfələrlə beynəlxalq konfranslar keçirilmişdir. Dünyanın hər yerindən din və mədəniyyət xadimləri bu tədbirlərə qatılarkən Azərbaycanda dini dözümlülüyə, bir ölkədə yaşayan xalqlar arasında mədəniyyətlərin inkişafına heyrətlərini gizlədə bilməyiblər.  

Dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda və "Dini etiqad azadlığı haqqında" qanunda parlaq ifadəsini tapıb. Əsas Qanunumuzun 48-ci maddəsinə görə, "hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, həmçinin dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Qanunda təsbitini tapmış bu müddəalar ölkəmizdə tolerantlığın inkişafına müsbət təsir göstərir. Bu gün respublikamızda 40-a yaxın rus pravoslav, alman, udin kilsələrinin, yəhudi sinaqoqlarının, xristian-malakanxristian-baptist icmalarının və onlara aid bir sıra tədris müəssisələrinin maneəsiz fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin günbəgün genişlənməsinə, dinlərarası dialoqun inkişafına şərait yaradır.

Azərbaycanda mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə, bir milyondan çox vətəndaşın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaratmışdır. Bu münaqişə əvvəlcə dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktik olaraq hər zaman separatçı rejimi qızışdırmış, terrorizmin maliyyə qaynağı olmuş, Azərbaycan xalqına qarşı düşmən mövqe tutmuşdur. Hətta ilk vaxtlar Dağlıq Qarabağda keçirilən mitinqlərin önündə erməni kilsə xadimləri gedirdi. Separatizmin ideoloqu olan erməni kilsəsi dünyaya bəyan edirdi ki, guya Azərbaycanda islam təhlükəsi gözlənilir. Sonda bunların heç bir faydası olmasa da, erməni təcavüzkarları torpaqlarımızın 20 faizini işğal etmiş, minlərlə insanı öldürmüş, Xocalı faciəsi kimi soyqırımı hadisəsini törətmişlər.

Azərbaycan isə hər zaman istər dinlər, mədəniyyətlər, xalqlar, istərsə də fərdlərə qarşı yüksək dözüm, qarşılıqlı anlaşma nümayiş etdirmişdir. Vaxtilə "İslam sivilizasiyası Qafqazda" adı altında Bakıda keçirilən beynəlxalq simpoziumda çıxış edən ulu öndər Heydər Əliyev Azərbaycanda dini tolerantlıqdan danışarkən demişdi: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edirik, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq. Heç bir başqa xalqın nümayəndəsini də İslam dinini qəbul etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Qafqazda da, Azərbaycanda da öz əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı, xristian və yəhudi dinləri də əsrlər boyu yaşayıb, indi də yaşayır. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa dinlərə və mədəniyyətlərə, mənəvi dəyərlərə hörmət etməli, bir-birlərinə dözümlülük göstərməlidirlər".

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.11.