Mingəçevirin 64 yaşı tamam oldu
Bənzərsiz,
valehedici gözəlliyə, ecaskar təbiətə, özünəməxsus
mədəniyyətə, həmçinin böyük
sənaye potensialına malik Mingəçevir
hazırda Azərbaycanın sürətlə inkişaf
edən şəhərlərindən biridir.
Ana Kür nur şəhərinin sirli,
sehrli, nəğməli təbiətinə
yeni bir gözəllik
əlavə edir.
Gündən-günə
gözəlləşən Mingəçevir
ulu öndər Heydər Əliyevin hər
zaman diqqət və qaygı göstərdiyi
bir ünvan olmuşdur. Məhz bu diqqət və
qayğının məntiqi nəticəsidir ki,
bu gün Mingəçevir
ölkənin iri sənaye şəhərlərindən
birinə çevrilib. Ölkəmiz
müstəqillik əldə etdikdən sonra
həyata keçirilən regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının uğurlu
nəticələrini özündə əks etdirən
məntiqi bir yanaşma
ilə nur şəhəri
adlandırılan Mingəçevir hazırda respublikanın dördüncü böyük
sənaye şəhəridir.
Kür çayının üzərində
su-elektrik stansiyasının tikintisi ilə bağlı olaraq
salınan Mingəçevir əlverişli coğrafi-strateji
əhəmiyyətə malikdir. Bozdağ silsiləsinin ətəyində, Kür çayının sahilində yer alan bu
məkan ana təbiətin füsunkar
gözəlliyindən sanki ruh alır. Bu şəhər
nəinki mingəçevirliləri, ora gələn
turistləri də öz gözəlliyi
ilə məftun edir.
Hər gün gözəlliyinə yeni
bir naxış vurulan
Mingəçevir şəhərinin yaranmasından 64 il ötür. Yubiley münasibətilə şəhərdə
təntənəli bayram tədbiri keçirilmişdir. Tədbir
iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin xatirəsini ehtiramla
yad etmiş, ümummilli liderin abidəsi
önünə gül dəstələri
qoymuşlar. Ulu öndər Heydər Əliyevin adını
daşıyan meydana toplaşan
minlərlə şəhər sakini
qarşısında çıxış edən natiqlər bayram münasibətilə mingəçevirliləri
təbrik etmiş, energetiklər şəhərinin
64 illik tarixinə nəzər
salmışlar. Şəhərin inkişaf
tarixindən söz açan
natiqlər 1948-ci il
noyabrın 11-də Mingəçevirə şəhər statusu verildiyini
bildirmişlər. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində
Mingəçevirdə Azərbaycan DRES-in
(İES) tikintisi ilə bu
şəhər nəinki respublikamızın, eləcə də
bütün Qafqazın energetika
nəhənginə, ölkənin dördüncü
sənaye şəhərinə çevrilmişdir.
Sonra qonaqlar və yerli sakinlər "Şəhər günü" münasibətilə Heydər
Əliyev meydanında Mingəçevirin tarixi
inkişaf yolunu əks
etdirən sərgi ilə tanış olmuşlar.
Burada nümayiş olunan məktəblilərin
əl işləri tədbir iştirakçıları tərəfindən
maraqla qarşılanmışdır.
Şəhər rəhbərliyi Mingəçevirin ilk qurucuları ilə görüş
keçirmiş, onların qayğı və
problemləri ilə maraqlanmışdır.
İdmançıların, eləcə də folklor
qruplarının, musiqi kollektivlərinin
çıxışları hamının ürəyincə olmuşdur. Mingəçevir Dövlət Dram Teatrı kollektivinin
hazırladığı səhnəcik, şəhər
tarix-diyarşünaslıq muzeyinin təqdim
etdiyi qədim maddi-mədəniyyət
nümunələri "Şəhər günü"nə
xüsusi bir çalar əlavə etmişdir.
"Şəhər günü"
respublikamızın tanınmış incəsənət
ustalarının təqdim etdiyi bayram konserti ilə davam etmişdir.
L.QULİYEV
Azərbaycan.-2012.-
16 noyabr.- S.12.