Səhvlərdən uzaq olmaq
üçün düzgün istinad mənbəyi
lazımdır
Dilimiz
varlığımızdır
Dilin milləti birləşdirən ən
mühüm dəyər olduğu danılmazdır.
Yaşadığımız günlərin
populyarlaşmış "Bizi
birləşdirən dəyər" reklamı (reklamdan
çox, qanadlı ifadəyə meyillidir) məntiqi cəhətdən
dili assosiasiya edir. Azərbaycan dili bizi birləşdirən analoqsuz bir dəyər
olduğundan dilin dəyişilməz - vahid yazılış
qanunlarına ciddi əməl olunmalıdır.
Azərbaycan dili respublikamızın
dövlət dili olduğundan dilin normativlərinə əməl
etmək hər bir ölkə vətəndaşının ən
müqəddəs borcudur. Bu məqamda ədalət naminə
qeyd edək ki, dilin qayda-qanunları sıravi vətəndaşlardan
çox, birbaşa dilin qayda-qanunlarının qorunmasına məsuliyyət
daşıyan şəxslər tərəfindən bu və
ya digər formada açıq-aşkar pozulur. Azərbaycan
dilinin prinsipləri (sözlərin düzgün
yazılışı, sırası (inversiya ), sözlərin
mənasına uyğun məqamda işlədilməsi və
s.) kütləvi informasiya vasitələri sayılan qəzet,
jurnal və televiziyalarda nəinki vaxtaşırı, əfsuslar
olsun ki, hər gün, hər saat pozulur. Yaddaşımda qalan
bəzi faktlardan çıxış etmək istərdim.
2011-ci ilın noyabrında Türkiyənən Van vilayətində
baş vermiş zəlzələ ilə bağlı Azərbaycandan
göndərilən humanitar yardımla əlaqədar
televiziyalarımızın birində nümayiş etdirilən
süjetdə araşdırmaçı jurnalistin dilindən
belə bir ifadə səsləndi: "Dərmanlar
yetişdirildi". Unutmayaq ki, bu cümləni reportajda kamera
qarşısında müsahibə verən hər hansı bir
şəxs yox, "Xəbərlər" ictimai-siyasi
verilişinin aparıcısı olan jurnalist səsləndirirdi.
Qəsdən adını çəkmək istəmədiyim
həmin televiziyanın yenə "Xəbərlər"
proqramında titrlərdə yazılmışdı:
"Liverpul" komandası türk futbolçusu Nuri
Şahini birillik icarəyə
götürmüşdü". Heç insanı da icarəyə
götürmək olar?! İcarəyə götürmək
(götürülmək) əşya məfhumuna aiddir.
Azərbaycan dilinin prinsiplərinə
görə müəyyən miqdar saylarından sonra gələn
isimlər birmənalı olaraq cəm şəkilçisi
(lar-lər) qəbul etmir. Çünki müəyyən
miqdar sayları əşyanın konkret miqdarını
bildirdiyindən özündən sonra gələn isimin kəmiyyəti
bəlli olur. Məsələn, beş kitablar nə deyə, nə də
yaza bilərik. Dil özü
artıq nə varsa kənara atır. Çox təəssüflər
ki, qəzet, jurnal məqalələrində və
televiziyaların "Xəbərlər" proqramında
çox vaxt bu vacib dil normasına əməl olunmur. Təsadüfən
"Xəbərlər" proqramına istinad etmirəm. Məlumdur
ki, "Xəbərlər" proqramını rəsmi
ictimai-siyasi veriliş olaraq savadlı, seçkin jurnalistlər
aparırlar. Digər tərəfdən, adıçəkilən
veriliş heç vaxt birbaşa yayımlanmır. Əksinə,
vaxtından xeyli əvvəl,
düşünüb-daşınılıb hazırlanır
və bir neçə etimad göstərilən şəxs tərəfindən
də ciddi redaktə olunur.
Mətbuatımızda ən geniş
yayılmış bağışlanılmaz səhvlərdən
biri də cümlədə söz sırasının
pozulmasıdır. Dilimizin strukturuna görə təyin təyinolunandan
əvvəl gəlməlidir. Nümunə üçün bu
cümləyə diqqət yetirək: Bu günlərdə
işıq üzü görən AMEA-nın Naxçıvan
Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun dilçilik şöbəsinin əməkdaşının
monoqrafiyası... Şərhə də ehtiyac yoxdur.
"İlə"
qoşması saitlə bitən sözlərdə ayrı
yazılır
Bilavasitə
yazılı informasiya vasitəsi olan qəzetlərimizdə
orfoqrafiyanın prinsıplərinə və durğu işarələri
qaydalarına, təəssüflər olsun ki, son dərəcə
biganə bir münasibət bəslənilir. Belə sərt
deməyə əlimizdə kifayət qədər əsas
vardır. Kütləvi informasiya vasitələrində
orfoqrafiya qaydalarına və durğu işarələrinə
qarşı, bir növ, "özfəaliyyət"
tendensiyası hökm sürür. Kim necə gəldi, səhv-düz
sözləri yazır, lazımdır, lazım deyil durğu
işarələrini işlədir.
Orfoqrafiya fikrin yazılı formada
düzgün ifadə edilməsi barədə qaydalar toplusudur.
Orfoqrafiyanın üç prinsipi içərisində ən
geniş əhatə dairəsinə malik olanı fonetik
prinsipdir. Fonetik prinsipə görə, söz tələffüz
olunduğu kimi yazılmalıdır. Bu qayda dilin
yazılmış və "yazılmamış" qanunlarındandır.
"Yazılmamış" ona görə deyirik ki, prinsip
özünü tələffüzdəcə doğruldur. Bu
qaydaya orfoqrafiyanın prinsiplərindən xəbəri
olmayanlar da qeyri-iradi əməl edə bilərlər.
Orta məktəbin "Azərbaycan dili" dərsliyindən
qoşmaların yazılışından bilirik ki, ilə qoşması saitlə
bitən sözlərdə ayrı yazılır. Bir sıra qəzetlərdə
belə bu dil normasına, demək olar ki, əməl olunmur.
Bu dil qaydasının pozuntusuna ən
çox münasibət və məqsəd sözlərinın
yazılışında rast ğəlirik. Unutmayaq ki,
münasibət və məqsəd
sözləri mənsubiyyət şəkilçisini qəbul
etdikdə (bayram münasibəti, çap məqsədi)
sözün sonu saitlə bitdiyindən ilə qoşması
ayrı yazılmalıdır. Bu məqamda ilə qoşması tələffüz
zamanı da özündən əvvəl gələn sözdən
ayrı deyilir. Qəzetlərdə və televiziyalarda titrlərdə
yazılr:
1 Yazıçını yubileyi
münasibətilə təbrik etmişlər.
2. Novruz bayramı münasibətilə
tədbir keçirillmişdir.
Kiçik
vergülün böyük xətası
Durğu
işarələri barəsində də KİV əməkdaşları
arasında çox qəribə bir tendensiya yaşanır. Bir
çoxları durğu işarələrinin
daşıdığı funksiyanı lazımınca dəyərləndirə
bilmədiklərindən nöqtəni, vergülü xırda
şey sayıb, durğu işarələrinə "əhəmiyyət
daşımır, elə də vacib deyil, olmasa da, olar
"kimi yüngül meyarlarla (əslində, belə bir meyar
yoxdur) yanaşırlar. Dilin pozulmayan sərt qanunları
yazı və oxu praktikasında bu cür məntiqsiz
yanaşmaları asanlıqla alt-üst edir. Bu məqamda hələ
uzun illər bundan əvvəl populyarlıq qazanmış bir
nümunəni cüzi dəyişikliklə diqqətə
çatdırmaq istərdim. Oxu dədən kimi, hambal olma. Oxu, dədən kimi
hambal olma. Fikrimizcə, durğu
işarələrini, xüsusən vergülü
"heç zad" sayanlar üçün bu nümunə
kifayət qədər tutarlı arqumentdir. Yəqin ki,
durğu işarələrini "heç zad" hesab edənlər
adi saydıqları bir vergülün yaratdığı məna
"təlatümünü" açıq-aydın
başa düşəcəklər. Bu nümunədən də
göründüyü kimi, gözümüzə kiçik
görünən vergül fikrin dəqiq, düzgün
çatdırılmasında əvəzsiz bir gücə
malikdir. Yuxarıdakı nümunədə də biz bunun əyani
şahidi olduq. Bəzilərinin vergülsüz də
keçinmək olar məntiqini xırdaca vergül işarəsi
işləndiyi cümlənin məzmununu tamamilə dəyişdirməklə
puç edir .
Durğu işarələri yalnız
cümləyə məna və məzmun çaları yox, həm də ekspressiv rənglər də
gətirir. Durğu işarələri cümlənin məna
və məzmunu ilə birbaşa bağlıdır. Üç
nöqtə, nida və sual işarəsi cümlənin məzmununu müəyyənləşdirir.
Gözə kiçik görünən
vergül bütövlükdə cümlənin məzmununa təsir
etdiyindən onun məqamında
işlənilməsinə xüsusi diqqət vermək
lazımdır.
Dil yenilikləri
alqışlayır
Bir çox
qəzetlərdə Azərbaycan dilinin orfoqrafiya prinsipləri
və durğu işarələri ilə bağlı yeniliklərə
də rast gəlinir. Nümunə gətirəcəyim kəşməkəşli bir qədər köhnə,
kompyuter isə yeni yaranmış sözdür. Hər ikisi
alınma sözdür. Birincisi fars, ikincisi Avropa mənşəlidir.
Hər iki söz "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə
(Bakı, 2004) yuxarıda qeyd etdiyimiz kimi yazılıb. Dilimizə
fars dilindən keçmiş kəşməkəşli
sözü çəkhaçək, çəkişmə
mənasını ifadə etdiyindən onun keşməkeşli kimi işlənməsi,
dilimizin daxili qanunlarına uyğun olaraq elə səsləndiyi
kimi də yazmaq, əslində, daha doğrudur. Çox
doğru yerə, hər iki söz deyildiyi (səsləndiyi)
kimi keşməkəşli və kompüter şəklində
yazılır. Nümunə gətirdiyimiz hər iki
sözün orfoqrafiya
lüğətindəki yazılışından (ənənəvi
prinsipdən) fərqli olaraq, mətbuat səhifələrində
uzun illərdir tələffüz edildiyi kimi (fonetik prinsiplə)
yazılışı qəbul edilib. Hər iki sözün
yazılışı artıq şüuraltına
keçdiyindən kütləviləşib.
Son illər
mətbuatımızda vergül işarəsinin bəzi məqamlarda
işlənilməsi də diqqəti xüsusilə cəlb
edir. Adətən, özündən əvvəlki sözü
izah edən yəni aydınlaşdırıcı
bağlayıcısından əvvəl vergülün
qoyulması bir qayda kimi qəbul olunub. Ancaq üslub
baxımından inkişafı ilə baglı olaraq yəni
sözü başqa çalarlar da qazanıb. Yəni
sözü cümlənin əvvəlində işlənməklə
fikrin izahı ilə yanaşı, ümumən fikrə
münasibət çalarını da özündə ehtiva
edir. Cümlənin əvvəlində işlənən yəni
bağlayıcı funksiyasından çox, fikrə
münasibət bildirən bir məzmun da kəsb edir. Bu məqamda yəni
sözündən sonra vergülün qoyulması yerinə
düşür.
Yeri gəlmişkən, qeyd edək ki,
halbuki bağlayıcısı da belə bir inkişaf mərhələsindədir.
Son illər mətbuat səhifələrində
eyni zamanda sözündən əvvəl və sonra vergül qoyulur. Ancaq bu sözdə
də vergülün qoyulması tam sabitləşməyibdir.
Belə ki, çox vaxt eyni zamanda sözündən əvvəl,
bəzən də hər iki tərəfində vergül qoyulur.
Vergüldən söz
düşmüşkən, yazılı nitqdə çox
işlənən əsasən sözündən sonra
vergülün qoyulmasına da münasibət bildirmək istərdik.
Əsasən sözü cümlədə qoşma və zərf
rolunda çıxış edir. Əsasən sözü zərf
olduqda əsli, kökü mənalarını ifadə edir.
Əsasən sözü dilimizdə
qoşma kimi də geniş işlənir. Qoşma kimi işləndikdə
görə, əsaslanaraq mənalarını ifadə edərək,
fikrin mənbəyini bildirir. Bu səbəbdən əsasən
sözü cümlədə qoşma olduqda özündən
sonra vergülün qoyulması düzgün olardı.
Fikrimizin doğruluğunu nümunələr əyani şəkildə
təsdiqləyir:
1. Dediklərin əsasən doğrudur.
2. Onun fikrinə əsasən, məsələnin
həlli variantı yoxdur. Birinci cümlədə əsasən
sözü zərf, ikinci də isə qoşmadır.
Böyük,
kiçik məsələsi
KİV-də
xüsusi isimlərin, o cümlədən idarə, müəssisə,
təşkilat, yüksək dövlət vəzifələri
və s. adlarının da yazılışında
yanlışlığa yol verilir. Qəzetlərdə, adətən,
idarə, müəssisə və təşkilat adlarında
yalnız birinci sözün baş hərfi böyük hərflə
yazılır. Məsələn, Şamaxı rayon təhsil
şöbəsi, Salyan mərkəzi rayon xəstəxanası.
Yüksək dövlət vəzifələrinin
adlarının yazılışında da səhvlər
baş alıb gedir. Dil normaları üçün sərhəd
yoxdur, orfoqrafiya qaydaları "doğmalıq-ögeylik"
tanımır. Azərbaycan Respublikasının Baş naziri
yazılanda baş sözü böyük, ölkəmizə
səfər etmiş digər ölkələrin baş nazirləri
(Məsələn, Türkiyə Respublikasının baş
naziri) kiçik hərflə yazılır. Mətbuatda, az da
olsa, bunun böyük hərflə yazılmış variantına
da rast gəlirik.
Azərbaycanın
müstəqillik tarixi ilə birbaşa bağlı olan və
millətimizin şərəf və ləyaqətinin simvoluna
çevrilmiş Dövlət bayrağı, Dövlət
gerbi, Dövlət bayrağı
meydanı, Şəhidlər xiyabanı və s. bu
tipli birləşmələrdə
hər iki söz, yoxsa birinci söz böyük hərflə
yazılmalıdır? Əfsuslar olsun ki, nümunə gətirdiyimiz
bu sözlərdən şəhidlər xiyabanı və
dövlət bayrağı, dövlət gerbi, dövlət
himni sözləri kiçik hərflərlə
yazılır. Azərbaycan Respublikası rəmzlərinin
kiçik hərflə yazılması nə məntiq, nə
də etik baxımdan düzgün deyildir. Ən azından,
dövlət sözü xüsusiləşdiyi
üçün fərqləndirilməlidir.
Fikrimizcə, düşünməli,
müzakirə açmalı, nəhayət, gəlinmiş məntiqi
nəticə orfoqrafiya qayadalarında təsbit
olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu məsələdə
də müəyyən şərtilik də ola bilər.
Tarixi hadisə və günlərin
adlarının da düzgün yazılışına əməl
olunmur. Vaxtaşırı rastlaşdığımız
faktlara müraciət edək. Birinci və İkinci Dünya
müharibələri, adətən, Birinci və İkinci
sözlərinin böyük hərflə yazılması ilə
müşahidə olunur.
Tarixi günlərin
yazılışında dırnaqarası bir sərbəstlik
vardır. Bu cür "sərbəstlik" hərc-mərclik
yaradır. Müşahidə və qənaətimizi qeyd edəcəyimiz
iki nümunə ilə izah etmək istərdik. Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı tarixi gün
adlarını nəinki hərə bir cür, hətta bir mətndə
eyni müəllif tərəfindən ən azı
iki-üç cür yazılır: ya beynəlxalq
sözü böyük, qadınlar və günü sözləri
kiçik, ya da birinci və
ikinci sözlər böyük, sonuncu kiçik hərflə
yazılır. Novruz bayramı sözündə nəinki
bayram, hətta hər iki sözün kiçik hərflə
yazıldığına da rast gəlinir. Qəzetlərdə
15 sentyabrda qeyd olunan Bilik günü sözü dırnaqda
yazılmışdı. Unutmayaq ki, Bilik günü rəsmi təsdiqlənmiş
və ictimaiyyətə elan edilmiş tarixi gündür. Tarixi hadisə və
gün adlarının dırnaqda yazılması düzgün
deyildir
Bitişik, yoxsa
ayrı?
KİV-də
rastlaşdığımız səhvlərdən biri də
mürəkkəb sözlərin
yaşılışıdır. Düzdür, bitişik
yazılan mürəkkəb sözlərin
yazılışında bəzi mübahisələr hələ
də qalır. Bu mübahisəli məqamlar təbii qəbul
olunur. Dilin təbii inkişaf prosesində yaranan mürəkkəb
sözlərin ilkin pillədə yazılışında
mübahisə (şübhə) yaransa da, sonra həmin
sözlər altşüurda oturuşduğundan, başqa
cür desək, vətəndaşlıq
qazandığından özü-özünün
yazılışını diktə edir. Mürəkkəb
sözlərin orfoqrafiyasına əsasən, bir vurğu ilə
deyilən sözlər bitişik yazılır. Çox təəssüf
ki, KİV-də bu dil norması da, demək olar ki, hər
gün pozulur. Qəzet və jurnal səhifələrində
bitişik yazılmalı mürəkkəb sözlərin nəinki
ayrı, hətta defislə yazılışına da rast gəlirik.
Unuduruq ki, mürəkkəb sözlər iki və daha
artıq sözdən ibarət olsa da, bir məfhumun
adını, bir əlaməti və s. bildirir. Bu fikri əyani
şəkildə aşağıdakı nümunələr təsdiqləyir.
Nümunələrin deyiliş və yazılışına
diqqət yetirək: başbarmaq, acıbağırsaq,
damdolusu, maraqoyadan (hadisə), sutərəsi, taməhatəli,
ələalmaq (məcazi mənada işləndikdə), əldəndüşən
(məcazi mənada), təsəvvürəgəlməyən,
maraqdoğuran, tərbiyəolunan, çayaşağı,
yerləbir və s.
Nümunə gətirdiyim bu sözlər
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə
yoxdur. Onu da qeyd edim ki, bu tipli sözlərin
hamısını orfoqrafiya lüğətinin eyni nəşrində
vermək imkan xaricindədir. Canlı orqanizm
saydığımız dil daim inkişafda olduğundan yeni sözlərin
yaranması da zaman işidir.
Durğu işarələri
dil normatividir
Bir
çoxlarına, bəlkə də qəribə gələr
ki, məqalədə orfoqrafiya prinsipləri ilə eyni zamanda
durğu işarələrindən də söhbət
açdım. Əslində, orfoqrafiya kimi, durğu işarələri
də (punktuasiya) dilin qrafik əsaslarından biridir. Ancaq dilin
qrafik əsaslarını təşkil edən bu iki sahə
bir-birinə yaxın olduğu halda, nədənsə, bu
günə kimi orfoqrafiya lüğəti kitablarında birləşdirilməyib.
Bilirik ki, bu günə kimi nəşr olunmuş orfoqrafiya lüğətlərinin
giriş hissəsində dilimizin orfoqrafiya qaydaları öz əksini
tapıbdır. Yuxarıda vurğuladığımız kimi,
durğu işarələri də dilin qrafik özülünü təşkil
etdiyindən bu qaydaların orfoqrafiya lüğətlərinin
girişində, orfoqrafiya qaydalarından sonra verilməsi
faydalı olardı. Bir dil norması olaraq durğu işarələri də
fikrin (cümlənin) dəqiq, dürüst ifadəsinə
xidmət edir.
Durğu işarələri
qaydalarının orfoqrafiya lüğətində verilməsi
onun rəsmi status qazanması ilə nəticələnərdi.
Bu da özlüyündə durğu işarələrinin
nüfuzunun artmasına səbəb olardı. Bilirik ki, orfoqrafiya
lüğəti Azərbaycan Respublikasının Dövlət
Dil Komissiyası tərəfindən müzakirə olunduqdan
sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq
qərarı ilə təsdiqlənir.
Durğu işarələrinə
qarşı bu soyuq münasibətin mənəvi əsaslarını
dilçilərimizin dilçiliyin punktuasiya şöbəsinə
uzun illər ərzində bəslədikləri soyuq
münasibətdə axtarmalıyıq. Bu fikri durğu
işarələri barədə indiyə qədər nəşr
olunmuş kitabların da sayı əyani şəkildə təsdiqləyir.
Təəssüfdoğuran (bəlkə də,
acınacaqlı) faktdır ki,
1945-ci ildən bəri (düz 67 il ) durğu işarələri
ilə bağlı vur-tut üç kitab nəşr olunub.
(M.Şirəliyev, M.Hüseynzadə, "Azərbaycan dilinin
durğu işarələri", Bakı, 1945; Budaqova Z.,
Rüstəmov R., "Azərbaycan dilində durğu işarələri",
Bakı, 1965; Budaqova Z. "Azərbaycan
dilində durğu işarələri", Bakı, 1977). Onu
da vurğulayaq ki, bu üç kitabdan ikisinin müəllifi
eyni şəxs olub. Durğu
işarələri haqqında sonuncu nəşrdən bizi nə
az, nə çox düz otuz beş illik bir zaman ayırır.
Orfoqrafiya qaydaları və durğu
işarələri fikrin doğru, düzgün və
dürüst ifadə olunması üçün yalnız
vasitə deyil, həm də xüsusi məqsəd
daşıyır. Bu səbəbdən orfoqrafiya qaydaları və
durğu işarələrindən düzgün istifadə etmək
son dərəcə zəruridir.
Dilin daxili qanunauyğunluqları ona həssas
yanaşmağı tələb edir. Dilə xələl gətirən
ən kiçik səhvin qarşısı bu və digər
formada alınmalıdır. Müşahidələr göstərir
ki, dil xətalarının qarşısı vaxtında
alınmayanda yavaş-yavaş o, özünə yer edir,
müəyyən müddət keçdikdən sonra isə
oturuşur. Bir müddət sonra həmin səhvi aradan
qaldırmaq çox çətinləşir, bəzən də
heç mümkün olmur.
Səhvlərdən uzaq olmaq
üçün səhih, düzgün və dəqiq istinad mənbəyi
lazımdır. Belə bir istinad mənbəyi yalnız
orfoqrafiya prinsiplərini və durğu işarələri
qaydalarını doğru, dürüst və elmi əsaslarla
özündə birləşdirən orfoqrafiya lüğətinin
nəşri olardı.
Xeybər
GÖYYALLI,
Azərbaycan
Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası nəşriyyatının
redaktoru
Azərbaycan.-2012.-
16 noyabr.- S.10.