Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada «Azərbaycan: mədəniyyət ruzigarı» adlı təntənəli mərasim keçirilmişdir

 

Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə noyabrın 15-də Romada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Azərbaycan: mədəniyyət ruzigarı" adlı təntənəli mərasim keçirilmişdir.

Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Romada təşkil olunan mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 15-də bir sıra görüşlər keçirmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev əvvəlcə Romanın Villa Borgezzi parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət etmişdir.

Elçin Əfəndiyev sonra Roma şəhərinin meri Canni Alemanno ilə görüşmüşdür. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyanın mədəni irsinin bərpasına göstərdiyi yardımlar yüksək qiymətləndirilmişdir. Həmçinin Nizami Gəncəvinin timsalında Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə Roma meriyasına minnətdarlıq ifadə olunmuşdur.

Baş nazirin müavini Elçin Əfəndiyevin İtaliyanın mədəniyyət naziri Lorentso Ornagi ilə görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdiyi və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Noyabrın 15-də axşam Romanın "Auditorium Parco Della Musica" konsert və festivallar sarayında keçirilən "Azərbaycan: mədəniyyət ruzigarı" adlı təntənəli mərasimdə çıxış edən Elçin Əfəndiyev Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 20 illiyinin yüksək səviyyədə qeyd olunmasını tarixi hadisə kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, xalqlarımızı tarixi bağlar birləşdirir və ölkələrimiz arasındakı əlaqələr bu gün sürətlə inkişaf edir. Rəsmi səviyyədə həyata keçirilən səfərlər isə bu əlaqələri daha da möhkəmləndirir.

Qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Baş nazirin müavini ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışmışdır. Elçin Əfəndiyev bu münaqişənin tezliklə sülh yolu ilə həllinə ümidvar olduğunu bildirmişdir.

Bu möhtəşəm tədbirin təşkilində Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən Elçin Əfəndiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırmışdır.

Sonra ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil edilən "Azərbaycan: mədəniyyət ruzigarı" adlı təntənəli mərasimin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunmuşdur.

Daha sonra xalq artisti Teymur Göyçayevin drijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri möhtəşəm konsert proqramı ilə çıxış etmişdir.

Beləliklə, Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 20 illiyinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Romada qeyd olunması böyük bayram əhval-ruhiyyəsi yaratmışdır. Bu konsert proqramında səslənən mədəniyyət incilərimiz mərasimə gələn hər kəsdə Azərbaycan haqqında unudulmaz təəssürat yaratmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 noyabr.- S.3.