Milli dirçəlişin banisi

 

1980-ci ilin ikinci yarısında keçmiş SSRİ-də hakimiyyət başına gələn M.Qorbaçovun Azərbaycan xalqına düşmən münasibəti ağır nəticələrə səbəb oldu. Moskva tərəfindən Azərbaycana rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin səyləri nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi.

1998-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti geniş miqyas almağa başladı. M.Qorbaçovun proseslərə biganə münasibətini görən ermənilər planlı şəkildə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını öz ata-baba torpaqlarından kütləvi şəkildə deportasiya etdilər. Həmin il fevralın əvvəllərində Dağlıq Qarabağda iğtişaşlar törədən ermənilər Azərbaycanın bu əzəli torpağını ayırıb Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar. Belə bir vaxtda xalq ayağa qalxaraq öz etirazını Azərbaycan və SSRİ rəhbərliyinə bildirsə də, buna ciddi reaksiya olmadı. Respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, "Azadlıq" meydanına toplaşır, ermənilərin və sovet rəhbərliyinin laqeyd münasibətlərinə qarşı mitinqlər keçirir, öz etirazlarnı bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının "Azadlıq" meydanında sovet rəhbərliyinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin böyuk mitinqləri keçirilməyə başladı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqləri dağıdılsa da, Azərbaycan xalqının mübarizə əzmi qırılmadı. Azərbaycan xalqı  1988-ci ildən mitinqlərdə respublikanın xilas yolunu yalnız ulu öndər Heydər Əliyevdə görür, onun respublika rəhbərliyinə qayıdışını təkidlə, qətiyyətlə tələb edirdilər.

SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin çətin məqamda  xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Bütün bunlara baxmayaraq, xalqın ağır vəziyyətində Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu.

1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan Muxtar Respublikası, doğrudan da, "taleyin ümidinə buraxılmış tənha bir ada"nı xatırladırdı.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə gəlməsi, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun Azərbaycanın bütün siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı. 17 noyabr 1990-cı ildə Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu.

Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində "Ümid" körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi.

Bir sözlə, 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalqla işləməyi bacarmaq nümunəsidir.

Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanaraq milli əyalətlər və quberniyalar halında fəaliyyət göstərməyə təhrik edilən Azərbaycan üçün ümid, nicat yeri idi.

AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək qiyamçılarla danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında xaosanarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi.

1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərinməzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaosanarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni, bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdi.

Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur. Ötən 9 ildə Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 17 noyabr.- S.4.